Cisminizi torpaq, ruhunuzu səma qovuşdurdu                       

Həftənin 4-5 günündə təkrarladığım bir iş var. Eləmədikdə darıxır, qəribə hisslər məni bürüyür. Aludəsi olduğum bu “iş” dəyərli dostum, şəhid Ramil Musayevin qəbrinin üstünə getməkdir. Bu qəbrin ziyarətindən sanki mənəvi  rahatlıq qazanıram .

Saat 12 radələri olardı. Dərs dediyim şagirdlərdən Sovqat zəng eləyib dedi ki,  Sahil müəllim, Ramil haqqında televiziyanın “İctimai” kanalı çəkiliş edəcək. İstəyərdim siz də gəlib iştirak edəsinin, ürək sözlərinizi danışasız. Bu vaxt mən qəbirstanlığa çatmaqda idim. Gedib qəbri ziyarət edim, çatdırsam, gələrəm: – dedim.

Sovqata bildirdim ki, siz müsahibə verin, mənim üçün nəsə demək onsuz da çətindir.

Bir müddət sonra eşitdim ki, Ramilin atası Aydın əmi rəhmətə gedib. Elə müsahibə verəndən az sonra. Çox pis oldum ki, gərək tez gəlib gedib Aydın əmini də görəydim. Hər dəqiqənin öz hökmü varmış. Ramilin yas mərasimində Aydın əminin dediyi bir söz indi də qulağımdadir: Ramilin şəklini 3 gecə sinəmə sıxıb yatmışam. Elə bilirəm o hələ də cəbhədə,  döyüşdədir .

Dediyi hər kəlmənin sonunda: Allah sizi sağ eləsin! – deyirdi. İndi anladım ki, qeyrətli oğulun, dağ boyda igidin itkisinə dözmək çox çətin işdir. Aydın əmi oğul itkisinə dözmədi.

Aydın əmi, Allah sənə də şəhid balana da  rəhmət eləsin.

Ramili Şəhidlər xiyabanında yox, kənd qəbiristanlığında dəfn edəndə dedin ki, mən istəyirəm balam kənd qəbiristanlığında dəfn olunsun ki, məni də öləndə yanında mənə yer olsun.

Deməli Aydın əmi hiss eləmişdi ki, oğlunun ölümündən sonra yaşamaq onun üçün o qədər də asan olmayacaq.

Cisminizi torpaq, ruhunuzu səma qovuşdurdu. Yeriniz cənnət olsun, Aydın əmi, Ramil qardaşım …

Sahil

Şərh Yaz