BABALARININ YOLUNU SEÇƏN ŞƏHİD                                  

 

O, 27 sentyabr hadisələrini səhər-səhər televizordan eşitdi. Evdəkiləri duyuq salmadan Sumqayıtın dəniz sahilindəki Şəhidlir xiyabanına yollandı. Bir il əvvəl qayıtdığı hərbi xidmətdən sonra o, neçənci dəfə idi ki, oranı ziyarət edirdi. Birdən, cibindəki telefon titrədi. “SMS” gəlmişdi. Hərbi komissarlıqdan idi: ”Sabah saat 9-da hərbi komissarlıqda olun”…

1 oktyabr 2020 tarixdə yağı düşmən onun həyatına, arzu və istəklərinə son qoydu. Bayrağımıza bükülü halda gətirilən Səmidi, toyu olmalı ərəfədə avtomatlardan açılan yaylım atəş sədaları altında qara torpağa tapşırdıq.

Səmid Sumqayıtın Corat qəsəbəsində anadan olub orada boya-başa çatsa da, ulu babalarının ruhu inciməsin deyə, o, özünün həmişə İsmayıllılı, Tircanlı olduğunu deyərdi. Onun belə deməyə haqqı vardı. Şərəfli ömür sürmüş baba və nənələrinin, doğmalarının ruhları bu torpaqda uyuyurlar. 1915-ci ildə daxildən ermənilər, xaricdən isə nəhəng imperialist dövlətlər tərəfindən təklənən türk qardaşlarımıza kömək lazım olanda, Səmidin ulu babalarından biri olan Cəbrayıl Yüzbaşı Xələf oğlu buradan Çanaqqala vuruşuna getmiş, vuruşmuş, vətənə dönmüş və 1930-cu illərdə burada dünyasını dəyişmişdi. Qəbri Şəbiyan kəndindədir. Digər babaları, Nemət və Nəsib Yüzbaşı Xələf oğlanları isə, 1915-ci ildə ermənilərin Tağlabyan kəndinə basqını zamanı kəndin müdafiəsində qoçaqlıq göstərmiş, qeyri-bərabər döyüşdə çoxlu sayda düşməni məhv etmiş və onları geri oturtmuşlar. Erməni qanı ilə murdarlanmış o ərazilər indi də “Qanlı təpə” adlandırılır. Yenicə ailə qurmuş Nemət, həyatının sonuncu 3 ilini Qalanın (Şuşanın) müdafiəsinə həsr etmiş və 1918-ci ildə şəhid olubdur. Onun da məzarı Şəbiyandadır. Türk təəssübkeşliyi ilə fərqlənən üçüncü ulu babası Nəsib isə, 1937-ci ildə  Keyvəndi kənd ermənilərinin fitvası ilə Sibirə sürgün edilmiş, bir daha geri dönməmiş, Böyük azəri türk şairi Hüseyn Cavidlə eyni həbs düşərgəsində olmuşdur. Məzarı naməlum Sibir çöllərindədir. 1989-cu ildə Respublika Prokurorluğu tərəfindən bəraət verilmişdir.

Səmid Xoşbəxt oğlu Əliyev haqlı olaraq babaları ilə fəxr edirdi. Bəlkə də elə bu qürur idi ki, özü də o həyatı yaşadı. Səmid hələ dünyaya gəlməmişdən çox-çox əvvəl, günlərin birində bu ailənin qonağı olmuşdum. O vaxt ürəyimdə bu ailədə böyüyən üç bacıya qardaş olacaq bir oğlan uşağı arzulamışdım. Allah rizası üçün 3 qurban kəsəcəyimi də niyyət etmişdim. İkisini əta etmişdim, biri isə qalırdı. Səmid balamı 40-ı ərəfəsində yuxuda gördüm. Dedim: ”Səmid, vaxt müəyyənləşdir, mən borcumdan çıxım”. Cavabında: ”Vaqif dayı, inşallah onu da yaxındakı Qələbə günündə kəsərsən” – deyib şən əhval ruhiyyə  ilə, nə isə demək istədiyi halda, yoxa çıxdı. 9 noyabr 2020-ci il tarixdə 40-nı verdik. Elə həmin gecə Şuşanın fəthini eşitdik. Mal-qara örüşə getməzdən əvvəl Səmidin istəyi yerinə yetirildi. İstər-istəməz fikrimdən aşağıdakı misralar keçdi. Düşündüm, bəlkə Səmid bunları demək istəyirmiş:

Üç bacıya qardaşdım,

Ata, anama sirdaşdım,

Babamlasa adaşdım.

Səmum küləyi əsdi

Ömür səmti dəyişdi.

Mən, silaha sarıldım

Şəhidliyə ucaldım.

 

Təknədə tək çörəkdim

Mən, Vətənə gərəkdim.

Vətənin dar çağında

Gözləməyib dəvəti,

Bir “SMS” səsilə,

“Vətən sağ olsun!” – deyə,

 “Vətən sınmasın” – deyə,

Özüm getdim cəbhəyə.

Sinəmi sipər etdim,

Şəhidliyə yüksəldim.

 

Başı vüqarlı Atam,

Qüruruna sığmayan

Arlı, abırlı Anam!

Namusum, qeyrətim, tacım,

Arxa, dirək üç bacım!

Arzum! İstəklim! Yarım!             

Gözü yolda qalanım!

Bibim, xalam, doğmalar,

Şəhid doğan analar!     

Bizə, yas saxlamayın,

Qara geyib ağlamayın.

Düşmən görüb sevinər,

Al qumaşa bürünər.

 

Gör nə deyir Sizin Səmid:

 “Gözünüz aydın, oldum şəhid!”

Səmaya bax, səmaya,

Həm Günəşə, həm Aya.

Kəhkəşanlar içində

Ən parlaq Ulduz mənəm!

Nəbilər cərgəsində

Duran Oğlunuz mənəm!

Əyilməsin qəddiniz,

Pozulmasın səddiniz.

Qürurlu başınızla

Qarşılayın hər kəsi.

Gülümsər çöhrənizlə

Yola salın hər kəsi.

Düşmən yanıb, yaxılsın

Türk hünəri önündə

Boyunu yerə soxsun!

                        

Ey Rəbbim, bir can borcluydum sənə

Onu da qurban verdim Ana Vətənə.

İlahi, özün səbr ver, bu dağ dərdi çəkənə.

Atam, Anam inləməsin.

Bacılarım göynəməsin.

Bir oğul tək, bir qardaş tək,

Haqqı-sayı ödəməkçün

Çıxış yolun bunda gördüm.

Vətən üçün, Sizin üçün

Nə bacardım onu etdim.

Neçə-neçə düşmənimi

Leş eyləyib yerə sərdim.

Torpağmızı azad edib

Şəhidliyə yüksəldim.

 

Səmaya bax, səmaya,

Həm Günəşə, həm Aya.

Kəhkəşanlar içində

Ən parlaq Ulduz mənəm!

Nəbilər cərgəsində

Duran Oğlunuz mənəm!

Polad da, Mübariz də,

Neçə-neçə Səmid də

Ruhumuzla seyr edib,

Sevinirik hünərə,

Bu parlaq Oələbəyə.

 

Sən ey murdar, qəddar, yağı,

Tayfaların ən alçağı!

Türk hünəri qarşısında

İttək  qorxub qaçan yağı!

Alçaq niyətlər üçün

Əl-ayaq yalayan yağı!

Kəsilmiş qulaqlarınla

Eşit bu nidaları:

 “Qarabağ Azərbaycandır!”

Onun keşiyində duran

Səmid tək oğlanlardır!

Baş Komandan əmrilə

Hamımız ayağa qalxdıq.

Arxanı yerə çırpıb,

Zəfər tarixi yazdıq!

Türkün tarixin yazdıq!

Vaqif Məmmədov

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz