Azərbaycan birinci oldu                                    

Özbəkistanda keçirilən “Dəyərin yüksək olsun, ana dilim” müsabiqəsində Azərbaycan şairi birinci yerə layiq görülüb.

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Dövlət Dilinin İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və digər əlaqəli qurumların təşəbbüsü ilə özbək dilinin daha da populyarlaşdırılması məqsədi ilə keçirilən “Dəyərin yüksək olsun, ana dilim” müsabiqəsində Özbəkistandan başqa ABŞ, Çin, Türkiyə, Rusiya, Cənubi Koreya, Fransa, İran və Mərkəzi Asiya dövlətlərinin 60-dan artıq nümayəndəsi iştirak edib.

Ölkəmizi bu müsabiqədə şair-publisist, Prezident təqaüdçüsü, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu təmsil edib.

Qardaş Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində baş tutan müsabiqə nəsr, nəzm, publisistika, sosial video, özbək dilinin xaricdə təbliği nominasiyaları üzrə keçirilib.

Özbək dilinin xaricdə təbliği nominasiyasında Şahməmməd Dağlaroğlu müsabiqənin qalibi olub və mükafata layiq görülüb.

Şahməmməd Dağlaroğlu müsabiqəyə onlayn qatılıb, özbək xalqını və dilini çox sevdiyini bildirib, klassik və müasir özbək şairlərini Azərbaycan dilinə çevirdiyini qeyd edib. Bu nominasiyada birinci yerin və mükafatın ona verilməsindən məmnun olduğunu bildirib. O, əməkdaşlıq üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, həmçinin özbək tərcüməçilərindən Şəhla Qasımovaya, Gülzirə Şərifovaya, Ubaydulla Abdulşəhidova, Dilbər Heydərovaya, Həsənbəy Qayibə minnətdarlıq edib, yaradıcılıq planlarından danışıb.

Dekabr ayının 2-də Özbəkistanın Azərbaycandakı Səfirliyinə dəvət alan Şahməmməd Dağlaroğluya  müsabiqə şərtləri ilə müəyyən edilmiş mükafat təqdim edilib.

Şair göstərilən diqqət və dəyər üçün müsabiqənin təşkilatçılarına, ədalətli münsiflər heyətinə, xüsusilə Özbəkistan hökumətinə, onun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bəhram Əşrəfxanova dərin təşəkkür və minnətdarlığını bildirib.

Görüş zamanı iki qardaş ölkədə ədəbi-mədəni əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyi, bu istiqamətdə yeni layihələrin hazırlanıb həyata keçirilməsi səmimi söhbətin mövzusu olub.

Görüşün sonunda  şair-tərcüməçi Ş.Dağlaroğlu Özbəkistan televiziyasına müsahibə verib.

Çinarə Bəhərçinli

Şərh Yaz