Vətən müharibəsində şəhid olan Aqil Mirzəliyevin döyüş yolu                        

Onların amalı Vətəni yağı düşməndən azad etmək, yurdumuzun hər yerində üçrəngli bayrağımızı dalğalandırmaq idi. Əsgər Mirzəliyev Aqil Mehman oğlu kimi igidlər canları bahasına olsa belə bu məqsədə çatdılar. “Vətən uğrunda” medalı ilə təltif olunan ismayıllıdan olan gənc döyüşçü xoş xatirələri əzizlərinə əmanət qoyaraq şəhidlik zirvəsinə ucaldı.

Aqil Mirzəliyev 1999-cu il ildə İsmayıllıda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra 613 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdu. Universiteti bitirən Aqil 2020-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı qüvvələrin əsgəri olan Aqilin hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf etdi.

Dostlarla söhbətdə çox istifadə etdiyi bir fikir var idi  – “İstərdim ki, torpaqlarımızı düşmənin işğalından azad edənlərdən biri də mən olum”.

Sentyabrın 27-də başlayan Vətən müharibəsində mənim qardaşım da iştirak edib. O, döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Aqil Murov, Hadrud, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib… Oktyabrın 20-si Xocavənd rayonunun Tuğ kəndinin işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2783 şəhidin hər biri tarix yazdı, mənim qardaşım da onlardan biridir”, – deyə Aqilin qardaşı Vüqar bildirir.

Anası Aynurə Mirzəliyeva  deyir ki, oğlum Aqil onların üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib: “Vətən müharibəsi başlandığı gündən oğlum Qarabağda şücaətlə vuruşdu. Hər dəfə zəng edib hal-əhval tutanda deyirdi ki, darıxmayın, az qalıb, qələbəmiz olacaq, ondan sonra qayıdacam evə. Onun xatirələri haqqında danışmaq mənim üçün çox çətindir. Şəhidlik böyük zirvədir, qürur yeridir. Oğlum qürurla yaşadı, şərəflə həlak oldu”.

Şəhidin atası Mehman Mirzəliyev də oğlu ilə qürur duyduğunu söyləyir. Vətən yolunda, torpaq uğrunda şəhid oldu. Oğlumla ata kimi qürur duyuram. Ali Baş Komandanımıza da minnətdaram ki, oğlumun qəhrəmanlığına görə onu da təltif etdi”.

Şanlı Qələbənin qazanılmasında İsmayıllı rayonundan neçə-neçə cəngavərlə yanaşı Azərbaycanın yeni, şanlı zəfər salnaməsinə öz adlarını yazanlardan biri də Aqil Mirzəliyev oldu.

Gülnarə Mirzəliyeva

 

Şərh Yaz