İGİD TİRCANLILAR, SİZİ ŞUŞADA GÖRDÜM, DAĞA DÖNDÜM            

30 il düşmən tapdağı altında inləyən müqəddəs torpaqlarımızın 44 günlük müharibədən sonra bir-birinin ardınca işğaldan azad olunduğunu, külli Qarabağın gözü sayılan azad Şuşanın mərkəzində, aralarında həmkəndlilərim və nəvələrim də olmaqla gəzişən, partlamamış mərmi və abidə üzərində kəndimizin adını yazıb şəkil çəkdirən qəhrəman əsgərlərimizi  görüncə, 80 yaşlı kövrək bir baba kimi gözlərimdən sel tək axan sevinc yaşlarına hakim ola bilmədim. Fərəhimdən dağa döndüm. Xəyalən onların hər birini bağrıma basıb, son gününü atəş yanğısı ilə bir qaşıq su həsrəti  ilə yaşayan xəstələr kimi ehtirasla üz-gözlərindən öpdüm. Qoşa əllərimi əngin səmalara açıb, pıçıltılı bir səslə bu sözləri deyə bildim: Allahım, sənə həmd olsun ki, bu günləri bizə yaşatdın. Bu qələbəni görməyib həsrəti ilə dünyasını dəyişənlərə və unudulmaz, qəhrəman Şəhidlərimizə uca Tanrıdan rəhmət və mərhəmət diləyirəm.

Min illərlə yaşadığımız qədim dədə-baba yurdumuzu nəhayət ki, son 30 illik işğaldan sonra azad etdik. Bu, ermənilərin başımıza gətirdikləri ilk faciə deyildi. Yeri, yurdu bilinməyən, bütün varlıqları boyu tariximizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənəmizi, mətbəximizi  oğurlamaqla özünə saxta tarix yaradan bədnam hay tayfası, zaman-zaman torpaqlarımızı işğal edib üstündə özlərinə “Ermənistan” adlı dövlət də yaradıblar. Bununla da kifayətlənməyib, qədim Türk və Azərbaycan torpaqları hesabına, Qara dəniz və Aralıq dənizi arasında, dənizdən-dənizə “Böyük Ermənistan”  yaratmaq xülyasına da  düşüblər. Ermənilərin bu sərsəm xəyallarının yaranma tarixinin bəzi məqamlarını  əziz oxucularımıza xatırlatmaqda özümü vəzifəli bildim.

Türk xalqı, türk milləti, türk dövlətləri tarixlər boyu həmişə ədalətli olublar. Dünyanın nüfuzlu arxivlərinin sandıqlarında saxlanılan qalaq-qalaq qovluqların heç birində (ermənilərin saxta arxivi deyilsə) türklərin nə vaxtsa kiməsə, hansı dövlətəsə təcavüzü, işğalçılığı haqda heç bir məlumat yoxdur. Onlar baş vermiş bütün münaqişələrə, müharibələrə həmişə məcburən cəlb ediliblər. Bunlara aydınlıq gətirmək üçün tarixə nəzər salmaq kifayətdir.

1815-ci ildə Vyana şəhərində konfrans keçirmək üçün toplaşan İngiltərə, Fransa, Avstriya-Macarıstan və Rusiya dövlətləri, tarixdə ilk dəfə olaraq gündəmə “Şərq məsələsi” adlı bir termin gətirirlər. Bu terminin ortaya gətirilməsinə səbəb, Osmanlı dövlətinin gündən-günə böyüməsi, Avropada artan nüfuzu və yuxarıdakı supergüclərə gələcəkdə təhdid törədəcəyi idi. Konfransın əsas məqsədi “Şərq məsələsi” adı altında gələcəkdə  Osmanlını Avropa və Balkanlardan sıxışdırıb çıxarmaq, imperiyanın bütün torpaqlarını ələ keçirib öz aralarında bölüşdürmək idi. Məkirli bir plan hazırlayırlar. Belə planlardan ən ümdəsi o olur ki, həmin ərazilərdə yaşayan hansısa xristian mənşəli toplumların birindən bir vasitə kimi istifadə etsinlər. Axtarılan parametrlərə = xəyanətdə, hay-küy salmaqda, yaltaqlıqda, ikiüzlülükdə, oğurluqda, yalanlar uydurmaqda, nankorluqda, nadanlıqda ad çıxarmış erməni toplumu seçilir. Yuxarıda adı çəkilən dövlətlər ilk olaraq İran ermənilərinin fars əsarətindən xilas olmaları üçün, özlərinə müstəqil dövlət qurmaqda Qərb dövlətlərindən kömək istəmələrini ön plana çəkdilər.  O dövrdən başlayaraq tarixin sonrakı ayrı-ayrı mərhələlərində ermənilər “Şərq məsələsi” terminini təkmilləşdirərək onu 1912-ci ildə “Erməni problemi” kimi terminlə əvəz etdilər. Məzmunca bir-birlərindən fərqlənməyən hər iki ifadədə, hər zaman erməniləri torpaqlarımıza qarşı üstümüzə qısqırtmaq məqsədi güdülüb. Əgər 1813-cü ildə, 9 illik  Rus-İran müharibəsindən (1804-1813) sonra Qarabağın Gülüstan kəndində bağlanan  müqaviləyə əsasən Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba və Bakı xanlıqları ermənilərin marağına uyğun olaraq Rusiya ilə birləşdisə,  1826-1828-ci illərdəki yenə Rus-İran müharibələrinin nəticəsi olaraq bu dəfə  Naxçıvan xanlığı, Ordubad dairəsi, İrəvan xanlığı da yenidən Rusiyaya birləşdirilməklə bərabər, İrandan, İraqdan, Türkiyədən və s. yerlərdən köçürülən on minlərlə erməni ailəsi Qarabağda yerləşdirildi. Ermənilər xəyanətlərindən qalmadılar. 1877-1878-ci il Rus-Türkiyə və 1914-1915-ci il Birinci Dünya müharibəsində, onlar suyunu içib çörəyini yediyi Türk xalqına daxildən xəyanət etdi, ona arxadan zərbə vurdu. 1915, 1918-1920-ci illərdə bolşeviklərlə əlbir olub Anadoluda, bütün Türk əyalətlərində, Şirvanda, Qubada, Səlyanda, Bakıda, bütün Azərbaycanda misli görünməmiş soyqırım törətdilər, kəndlərimizi, obalarımızı oda qaladılar, tarixi abidələrimizi yandırdılar, dini məbədlərimiz təhqir etdilər, yer üzündən sildilər. 1930-cu, 1948-52, 1990-92-ci illərdə düşünən beyinlərimizi məhv etdilər, torpaqlarımızın 20 faizini işğal etdilər.

30 il yaşadıq bu faciəni. 30 il ağladıq torpaqlarımız üçün. BMT-nin 4 qətnaməsinin icra edilməsinə, münaqişələri yoluna qoymaq üçün yaradılan Minsk qrupuna arxalandıq. Onların hər gəliş-gedişlərinə ümidlə baxdıq. Liderlərimiz dünyanın ən yüksək tribunalarından çıxış edib narazılıqlarımızı bildirdilər. Dəfələrlə xəbərdarlıq edib bildirdilər ki, Azəri türkləri nəyin bahasına olur-olsun gec-tez torpaqlarını işğaldan azad edəcəkdir. İnanmadılar. Bütün beynəlxalq siyasi dairələr, başda Fransa olmaqla ermənilərin keflərinə dəymədilər, təzyiq göstərmədilər. 1815-ci il Vyana anlaşmasına sadiq qalıb ağızlarına su alıb susdular. Minsk qrupu üzvləri Yerevanda “Yerevan konyakı”, Xankəndində “tut arağı” içib, kefli başla öz vəzifələrini unutdular.

Adını unutduğum bir mənbədən oxumuşam ki, hər gün baxıb darandığımız güzgünün  möhkəm yaddaşa malik olma xüsusiyyətləri alimlər tərəfindən kəşf edilibdir. Kəşfin ən maraqlı cəhəti odur ki, güzgü qırılıb çilik-çilik olsa da, ömründə bircə dəfə ona boylanan adamın da əksi, o hissəciklərin hər birinin yaddaşında əbədi qalır. Biz türk xalqları da güzgüyə bənzəyirik. Həyatda nə yaxşılığı, nə də pisliyi unutmuruq. O ki, qaldı torpaqlarımızın işğalına. Zəngəzur, Dərələyəz, Basarkeçər, Göyçə, İrəvan, Vedi, Borçalı…Təbriz də, Dərbənd də unudulmayıb.

Mənsub olduğum millətin müdrikliyinə, humanistliyinə, səbrinə, dəyanətinə, igidliyinə, comərdliyinə, etlbarlılığına, kişiliyinə qurban olum. Ali Baş Komandanımız 30 il davam edən münaqişəyə, problemli məsələlərə son qoymaq üçün, bütün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət etdiyi kimi, qarşı tərəfin başbilənlərinə də xəbərdarlıq etdi. Onları dinlədi. Götür-qoy etdi. Məsləhət verdi. Düzgün yol göstərdi, ədalətli olmağa çağırdı. Düşünub-daşınmağa möhlət verdi. Çoxları bu insani keyfiyyətləri qorxaqlıq kimi qiymətləndirdi. Qudurdular. Hədlərini aşdılar Öz sərsəm tələblərini irəli sürdülər. “Qarabağ Ermənistandır və nöqtə” dedilər. Şuşanı paytaxt elan etdilər. Cıdır düzündə yallı gedib Meksika öküzləri kimi soncuqladılar. Şəhərlərimiz dağıdılmaqda, dinc əhalimiz öldürülməkdə davam etdi. 27 sentyabr hadisəsi isə Azərbaycan xalqının səbr kasasının dolub daşmasında sonuncu damla oldu. Müdrik Prezidentimiz Azərbaycan xalqının fikrini ifadə edərək “QARABAĞ AZƏRBAYCANDIR və NİDA İŞARƏSİ” dedi. Hamı ayağa qalxıb öz sevimli Pezidentinin ətrafında birləşdi.  Bax, belə hallarda türk oğlu türkün qarşısında hər şey acizdir, heç bir silaha ehtiyacı olmur, yalın əllə odun-ocağın ağuşuna atılırlar. Düşməni barmaqları ilə, dırnaqları ilə, əzələləri ilə, dişləri ilə, nəfəsləri ilə, zəhmli baxışları ilə məhv edib, didib parçalayırlar. Qurulan beton sədlər, istehkamlar, qazılan tunellər, lağımlar, səngərlər, yeraltı bunkerlər, təbii, keçilməz sədd kimi sayılan Şuşa qayalıqlarına bənzər sıldırımlar, azəri türk əsgərinin gözlərində əriyib saman çöpünə dönür. Düşməni səngərdə, dağ başında, bunkerdə, lap elə öz evində tapıb qisasını alır. Necə ki, düşmənin generalını, polkovniklərini bunkerdə tapıb  dəmir barmaqları ilə boğub gəbərdən 19 yaşlı Cəbrayıl Dövlətov kimi Cəngavərimiz! O, döyüş yolladaşlarını əlləri ilə geri itələyib: “Geri çəkilin, sizin övladlarınız var” – deyib qorxu bilmədən irəli şığıdı. Mübariz İbrahimovun, Fərid Əhmədovun, Polad Həşimovun, İlqar Mirzəyevin, Babək Səmidlinin, Şükür Həmidovun, Elçin Mansurovun, lap elə 20 yaşlı balam Səmidin və onlarca şəhidlərimizin qisasını aldı. Yüzlərlə oğlanlarımız Cəbrayılın igidliyindən qüvvət aldı, nümunə götürdülər, onu təkrarladılar. Sabun köpüyütək içi boş “basılmaz erməni ordusu” xofu çirkaba atıldı, öz türk hünərlərini göstərdilər. Murdar dığalara sübut edildi ki, böyük türk şairi Tofik Fikrət aşağıdakı misraları əbəs yerə qələmə almayıb:

Zülmün topu var, tüfəngi var, qələsi varsa,                                                    

Türkün də bükülməz qolu, əyilməz dizi vardır!  

Biz, qalib gəldik! Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, həm də layiqli oğlu hökmü, hünəri ilə xalqının rəğbətini qazanan sevimli Prezidentimiz cənab İlham Əliyev dəmir yumruğu ilə bu qələbəni təsdiq etdi.

Şuşanın düşməndən azad edilməsi xəbəri, balam Səmidin 40 mərasiminə təsadüf etdiyindən, hər cür ağrı-acıları unutduq. Ertəsi gün sosial şəbəkələrdə Şuşanın azad edilməsində iştirak edən, kəndinin adını abidə, partlamamış mərmi üzərinə yazan, zabitli-əsgərli xatirə şəkilləri çəkdirən igid həmyerlilərimi sosial şəbəkələrdə görüb tanıyanda, fərəhimdən dağa döndüm. 1905, 1915, 1918, 1920-ci illərdə ermənilərə qarşı barışmaz, ardıcıl mübariz, türkçü, qeyrət-namus simvolu Molla Kamil yurdunun yetirmələri, ardıcılları olan bu cəsur qəhrəmanlarımıza öz səmimi arzu və istəklərimi bildirirəm. Onların adlarını qeyd etməkdən şərəf duyuram: Polkovnik-leytenant Neman və mayor Telman Əliyev qardaşları, müddətdən artıq xidmət edənlər Rəsul Piriyev, Əliağa Xəlilli, Cabir Musayev, Salehli Saleh, Rüstəm Abdulov. Eyni zamanda bu qələbəni qazanmaqda bizə mənəvi və siyasi dəstək olan, hər zaman kədər və sevinclərimizə ortaq olan Türk qardaşlarımıza dərin minnətdarlığımızı, ulu türk şairi Məhəmmədhüseyn Şəhriyarın aşağıdaki şerilə bildirirəm:

Qardaş sənsən ki, dalımda dayanıbsan.

Qardaş sənsən ki, uyubkən oyanıbsan.

Mən hər oda yanmışam, ona sən də yanıbsan.

Yad qardaş olammaz bizə, qardaşdan da yad olmaz.

Könlüm səninlə şad olu, sənsiz də şad olmaz.

Vaqif  Məmmədov

 

Şərh Yaz