Zəhmət bəhrəsini verir                                

Hamıya məlumdur ki, hərtərəfli biliyə malik, geniş dünyagörüşü, zövqü, mədəniyyəti və zəngin mənəviyyatı olan insan həm özünün, həm də xalqının həyatında başqalarından seçilir. Bu keyfiyyətlər isə düzgün təhsilin, tərbiyənin təlimin sayəsində qazanılır. Bu mənada, indi vacib məsələlərdən biri də soykökümüzə bağlılıq problemidir. Və vacib bir həqiqəti qeyd etmək lazımdır ki, bəşəriyyət maddi- mədəniyyət nümunələri ilə yanaşı, mənəvi dəyərlər sistemi ilə insanlığa şərəf gətirmişdir. Hər bir xalqın da özünəməxsus əsrlərin süzgəcindən keçmiş, illər keçə-keçə püxtələşmiş, saflaşmış milli-mənəvi, əxlaqi dəyərləri vardır. Bu dəyərlər onu yaşadır, tanıdır, digər millətlər içərisində fərqləndirir. Qürurverici haldır ki, gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi, qələbələrimzin, nailiyyətlərimizin təminatçısıdır. Əgər bunlara əməl edilərsə idi, nəticə daha faciəvi olardı:milli-mənəvi köklər  üzərində bərqərar olmayan toplum birliyini, bütövlüyünü və sonda vətəni qoruyub saxlamaq olmaz.Zaman bu mənada milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsinda daha ardıcıl və davamlı işlərin aparılmasının zəruriliyini irəli sürüb. Bu zərurəti dərindən başa düşən pedaqoqlarımız bütün qanı və canı ilə vətəni qorumağa çalışan nəsil yetişdirmək üçün böyük fədakarlıqlar göstərirlər.

İsmayıllı şəhər 6 nömrəli tamorta məktəbin çağırışaqədərki hazırlıq müəllimi Manafov Əsgər Əmirxan oğlu da rayonumuzun sayılıb-seçilən, bütün ruhu ilə vətənpərvərlik nümunəsi olan belə fədakar pedaqoqlarımızdandır.

İşlədiyi dövrdə bütün fəaliyyətini vətənpərvərlik ideyaları üzərində  quran Əsgər müəllim həm keçdiyi dərslərdə, həm də məktəb və rayon tədbirlərində bu müqəddəs misyanı şərəflə yerinə yetirmiş və bu gün də fədakarlıqla davam etdirməkdədir. Onun hazırladığı “Cəsurlar”, “Şahin” , “Vətənin müdafiəsinə hazıram”, “Gənc xilasedici və yanğınsöndürənlər” komandaları dəfələrlə Respublika yarışlarında fəxri yerlərə layiq görülmüşdür.

Əsgər müəllim milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik ruhlu neçə-neçə layihənin təlimçisi kimi  “sertifikatl”arla təltif olunub.

Ə.Manafov 2 dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, Azərbaycan Respublikasının  “Qabaqcıl təhsil işçisi”  adına layiq görülmüş, Respublika Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Dərs dediyi şagirdlərdən 82 nəfəri Ali hərbi və güc strukturları məktəblərini bitirərək, zabit kimi Vətənə xidmət edirlər.

Əsgər müəllim  dörd kitabın və bir metodik vəsaitin müəllifidir.

Onun Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant Müsabiqəsində qalib gəlmiş “Məktəbdə teatr yolu ilə vətənpərvərliyin təbliği:səhnə qəhrəmanlarındır” layihəsi müasir dövrümüz üçün çox aktual olan, gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət ruhunda tərbiyə olunması, dramaturgiya yolu ilə onların vətənpərvərlik hissinin artırılması üçün dəyərli kömək, gözəl töhfədir.

Layihəni dəyərləndirən xüsusiyyətlər çoxdur. Burada çox düzgün qeyd edilən vacib məsələlərdən biri qlobal dünyada vətəndaşlığın, dünya vətəndaşlığı kimi başa düşülməsidir. Və vətənpərvərlik hissi beynəlxalqlaşan dünyanın əsas götürmədiyi bir anlayışdır. Ancaq bizim üçün bu belə deyil. Azərbaycan xalqı dünyaya öz dəyərli milli maraqları ilə baxır. Bu da onun dünya ölkələri  “mozaikasi”nda parlaq naxışını qoruyaraq yaşamaq, yaxşı mənada fərqlənmək, bəşəriyyətə özünəməxsus töhfəsini vermək deməkdir. Layihənin qarşısında duran əsas məqsəd də bu işə bacardıqca kömək etmək, bəzən məktəblərdə vətənpərvərlik hissinin yetərincə olmaması, bu mənada yetişən nəslin lazımı diqqət və həssaslığı göstərmədikləri yerdə onlara kömək etmək, qarşıda duran problemləri səbrlə, təmkinlə aradan qaldırmaq, bu işə daha dərindən sövq etməkdir. Bu sahədə əlavə problemlərin yaranması da istisna edilmir . Nə üçün həyəcan təbili çalınmalıdır? Şagirdlər gələcəklə bağlı oxuma, öyrənmə, kamala çatma, özlərini inkişaf etdirmə əzmkarlığı göstərmir.

-Şagird “Vətəni sevmə” anlayışının əməldə necə olduğunu başa düşmür.

-Bir qism şagird milli atributlarımızı dərindən bilmir, onların müqəddəsliyinə əhəmiyyət vermir.

– Vətən üçün şücaət göstərənləri ya tanımır, ya da onları qiymətləndirmir.

– Vətən anlayışının əsl məğzini anlamır və s.

Nəticədə çox düzgün qeyd olunan  bir fikiryaranır ki, ancaq öz mənafelərini düşünən intellektlər, bilik və bacarıqlarını vətən üçün deyil, çox məvacib verənlər ölkə mənafeyinin əleyhinə bir situasiya olurlar.

Buradan da layihənin məqsəd və vəzifələri aydınlaşır.

Qarşıda duran əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alanların vətənpərvərlik hissini gücləndirmək üçün teatrdan istifadənin təşkil edilməsi və dramaturgiya yolu ilə şagirdlərə vətənpərvərlik hissinin artırılmasıdır.

Əsas məqsədə çatmaq üçün layihənin öhdəsinə götürdüyü əsas vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Belə ki, layihənin icrasına 15 sentyabr 2020-ci ildə başlanmış və birinci təlimə şəhər məktəblərindən bir nəfər olmaqla 7 nəfər müəllim qatılmış, layihə komandası qurulmuş və komanda daxilində iş bölgüsü aparılmışdır. Təlimdən keçən müəllimlər isə məktəblərində maksimum 20 nəfərlik şagird komandalarından ibarət dram klubları qurublar. Hər məktəb öz klubunda vətənpərvərlik məzmunlu kiçik səhnəcik hazırlayıb. Bu da vətənpərvərliyin  və mənəvi-estetik bacarıqların inkişafına töhfə olmuşdur.

Bundan sonra mütəxəssis  (Qoşqar Məhərrəmov) şagirdlərlə işləyərək, vətənpərvərlik mövzusunda tamaşa hazırlamış, pandemiya qaydalarına uyğun məsafədən keçirilmişdir.

Tamaşanın əsas mahiyyti vətənpərvərlik olduğuna görə onun gələcəkdə rayonun bütün məktəblərində də göstəriləcək və bu cür tamaşaların davamlı olacağı gözlənilməkdədir.

Bütün işlərində olduğu kimi , layihənin həyata keçirilməsi çətin şəraitdə böyük zəhmət hesabına mahir bir dirijor kimi fəaliyyət göstərən Əsgər müəllim yenə yüksək səviyyədə (etiraf edək ki, çoxlarının bacarmayacağı bu çətin şəraitdə) işinin öhdəsindən bacarıqla gəlmiş, vətənə bir vətənpərvər vətəndaş ziyalı kimi yenə öz töhfəsini bəxş etmişdir. Bu sevincdən bizə də pay düşdüyünə görə bu zəhmətkeş müəllimi ürəkdən təbrik edir, şərəfli yolda daha böyük nailiyyətlər arzulayırıq. Arzu edirik ki, gələcək işləri də belə uğurlu olsun.

Rəna Mirzəliyeva,

İsmayıllı RTŞ-nın metodisti

 

Şərh Yaz