Yaddas kitabcasi

Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır

Günlərin bir günü Səyyahın yolu bir bağçaya düşür. Bu bağça elə bir bağçaymış ki, güllər bir-birindən gözəl, rəngarəng və ətirli imiş. O bağçanın qapısında gözəl, incə bir xanım dayanıbmış. Səyyah xanımı görüncə ona yaxınlaşıb adını soruşur. Xanım adının Sevgi olduğunu deyir. Səyyah xanımın burada kiminlə yaşadığını soruşur. Sevgi həyat yoldaşı Elmlə birgə yaşadığını deyir. İndi onun bağçada işlədiyini ona söyləyir. Səyyah maraqlanır Elmin bağçasını gəzmək istəyir. Sevgi icazə verir amma – ehtiram dediyiniz çarıqları geyin zəhmət olmasa, çünki, bağçamızı gəzmək üçün bu vacibdir. Buradakı hər bir gülün xüsusiyyətlərinə çox hörmətlə yanaşmalıyıq, bizlərdə onlara yiyələnməyə çalışmalıyıq. Ehtiramlı bağçamızda bu çox vacibdir. Elə bu vaxt Elm də gəlib çıxır və birlikdə bağçanı gəzməyə başlayırlar. Səyyah bağçanı gəzdikcə çox təəccüblənir və buranın çox fərqli bir yer olduğunu görür. Xoşbəxtlik, səbir, xeyirxahlıq, ədalət, şəfqət, iradə, və s. bu qədər zəngin növdə, fərqli güllər. Hər biri özünəməxsus qayğı sevgi ilə becərilib. Səyyah həyəcanla soruşur: Heç olubmu ki, bu güllərin adlarını qarışıq salasınız. Elm cavab verir: Olur, amma bu an Sevgi köməyimə gəlir. Axı o burdakı bütün çiçəkləri Sevgi ilə əkmişdi. Sevgi ilə suvarılan hər yerdə isə gözəlliklər bitir.

Səyyah yenə maraqlandı: Güllərin böyüyüb, boya-başa çatdığı bu torpağın bəs xüsusiyyəti nədir?

Elm: Bu torpağı bizə Vəfa adlı dostumuz gətirir, və onu Mərhəmət ya da Şəfqət gülünün altına səpirik beləcə torpağımız, mərhəmət, sevgi ilə güclənir gül bağçamız gözəl çiçəklərlə, zənginləşir.

Səyyah yenə maraqla soruşur: Heç olur ki, gülü gülə calaq edəsiniz?

Elm yenə izah edir: Olur əlbəttə. Bax, Xəyal gülünü Həqiqət gülünə calaq edirik Ümid meydana gəlir. Ümid isə sabah yaşamaq üçün çox gərəklidir. Hikmət gülünü ağıla calaq edəndə İradə yaranır. İradəsiz adam isə həyatda yer tapa bilməz. Ən gözəl Ədalət gülünə Qüdrət gülünü calaq etməsək ədalət aciz qalar, küsər, saralıb solar. Qüdrətlə Ədalət bir yerdə olmayanda isə torpaqda zülm baş alıb gedər. Müharibələr yer üzünü bürüyər. Uşaqlar ədalətsizliyin qurbanı olar. Səyyah yenə soruşur : Calaqları sizmi edirsiniz? Elm: Mən çubuqları hazırlayıram, amma onları calaq edən Sevgidir. Sevgi olmasa heç bir əkdiklərimizin bəhrəsi, xeyri olmaz. Səyyah: Bəs üstünlük verdiyiniz güllər varmı? Elm: Əslində mən bütün gülləri sevirəm. Sevgi isə – Mülayimlik üçün – O mənim beş hissimdir Səmimiyyət – mənim əxlaqım, Təvazö isə – mənim ədəbim, Ümid mənim qanımdır deyir. Bunlar olmasa elmli bir insan da formalaşmaz. Həyatda isə elmdə əxlaq da sevgi də mərhəmət də bizim yol yoldaşımız olmalıdır.

Səyyah Elmin dediklərinin təsiri altında bağçadan uzaqlaşır. Xeyli yol getdikdən sonra bir qocaya rast olur və gördüklərini ona danışır. Qoca səyyahın dediklərini dinlədikdən sonra deyir. Oğul bunun nə bağçası olduğunu bilirsənmi? Səyyah deyir: Yox. Müdrik qoca astaca başını yelləyərək cavab verir: Bu Kamal bağçasıdır. Elm bilik olan yerdə həmişə belə çiçəklər bitər.

(“Kamal bağçası” hekayəsindən)

Elmi kamalımız, ağlımız sayəsində qazanırıq. Kamal bağçasına baş vurmaq üçün müəllim bizə kömək olur. Ulu öndərimiz Heydər Əliyev müəllimlik peşəsini daim yüksək qiymətləndirib: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Bu gün mən də müəlliməm, həm bu yüksək adı daşıyıram, həm də kamal bağçasına baş vurmaqda şagirdlərimə kömək edirəm. İlk dəfə şagirdim mənə: Müəllim, – deyə səslənəndə o qədər fərəh hissi keçirdim ki, gözlərim doldu. Nə qəribədir deyilmi? Şagird və tələbə olduğum zamanlarda: Müəllim – deyə səslənərdim müəllimlərimə, bu çox sadə gəlirdi mənə. Lakin o müəllimlərimin nə qədər qürurlandığını indi anlaya bilirəm.

Bu il MİQ imtahanında uğurla iştirak edərək, Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına məktəbin təsviri İncəsənət müəllimi oldum. Məktəb kollektivinin, şagird və valideynlərin təhsilə verdiyi önəm məktəb seçimimdə yanılmadığımı göstərdi. Qəlbi Vətən həsrəti ilə döyünən müəllim və şagirdlərin bu hicranına da son qoyuldu, artıq Cəbrayılımız bizimdir. Lakin dünyanı cənginə alan virus səbəbindən sevincimizi sadəcə virtual aləmdə paylaşa bildik, eyni zamanda dərslərimizi də virtual platformadan təşkil edirik. Yüksək idarəetmə və savadlı kadrların birgə işi sayəsində şagirdlərimizi elm və biliklə silahlandırırıq.

Hər bir müəllim kimi mən də öz üzərimə düşəni etməyə çalışıram. Şagirdlərin tədris etdiyim fənnə olan xüsusi marağı məni daha da ruhlandırır.

Bilirik ki, bir ölkəni dünyada tanıdan, onun mədəniyyəti, elmi və milli dəyərləridir.

Artıq mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın mədəniyyət siyasətinin əsas vəzifələrindən birinə çevrilmişdir. Erməni vandalları son 30 ildə Qarabağımızda yerləşən milli-mədəniyyət abidələrimizi dağıdıb və yaxud özününküləşdirməyə çalışıb. Biz öz abidələrimizi tanımalı və onlara sahib çıxmalıyıq. Bu işdə təsviri incəsənət müəllimləri fəal iştirak etməlidirlər. Dərslərin virtual platformadan keçirilməsinə baxmayaraq, şagirdlərimlə birlikdə bu mövzuda rəsmlər çəkir, video çarxlar hazırlayır, söhbət dərsləri təşkil edirik.

Gün o gün olsun ki, rəsmlərdə təsvir etdiyimiz, haqqında danışdığımız abidələrimizi canlı ziyarət edək və o günlər artıq əlçatandır. Çünki, artıq işğal altında olan torpaqlarımız erməni təcavüzündən azad edilib. Qarabağ Azərbaycandır!

Çinarə Bəhərçinli,

Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına məktəbin müəllimi

 

 

Şərh Yaz