Bu bizim vətəndaşlıq və övladlıq borcumuz idi

 

 

Mükəmməl və çoxəsirlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı kecmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün-1918-ci il may ayının 28-də təsis edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmə fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

1920-ci il aprel ayında Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş və Xalq Ədliyyə Komissarlığı yaradılaraq onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Keçmiş sovetlər dönəmində Ədliyyə Nazirliyi bir neçə dəfə ləğv edilərək səlahiyyətləri məhdudlaşdırılsa da, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Azərbaycan öz dövlət müstəqilliyini yenidən əldə etdikdən və ümummilli liderimiz Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan Ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sistemimizin surətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində ölkəmizdə zəruri şərait yaradılaraq milli hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, mühüm addımlar atıldı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Ədliyyə işçilərinə mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-çi il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işcisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan Ədliyyəsinin, fərəh hissi ilə deyə bilərik ki, keşməkeşli, lakin şanlı bir tarixi vardır. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyə smsteminin rolu bilavasitə mövcud siyasi rejimin xarakterindən asılıdır. Mahiyyət etibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyata keçirə bilər. Məhz bu baxımdan Azərbaycan Ədliyyəsinin inkişaf yolu bir neçə tarixi mərhələdən kecmişdir.

Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan Ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.

Belə ki, ədliyyə və məhkəmə infrastrukturunun yaxşılaşdırılması, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitin yaradılması məqsədilə paytaxtda və regionlarda müxtəlif instansiya məhkəmələri və Regional ədliyyə idarələri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Dövlət başcısı tərəfindən ədliyyə və məhkəmə infrastrukturunun möhkəmləndirilməsi, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, elektron idarəetmə və sənəd dövriyyəsinin təşkili üzrə ardıcıl işlər görülmüşdür. Ədliyyə sahəsində baş verən keyfiyyətcə yeni dəyişikliklər Ədliyyə Nazirliyinin işinin və strukturunun daha da təkmilləşdirilərək bu dəyişikliklərə uyğun qurulması, fəaliyyətinin daha şəffaf və aşkar təmin olunması, əhalinin hüquqi yardıma təlabatının daha optimal şəkildə təmin olunması ücün tədbirlər görülməsi zərurəti yaratmışdır. Tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bunu öz gündəlik həyatlarında hiss edir və qiymətləndirirlər.

Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir. Heç kəs şübhə etmir ki, ədliyyə işçiləri ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq ücün bundan sonra da yüksək əzmlə çalışacaqlar.

Bir neçə ildir ki, ədliyyə işçiləri Ümummilli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Fürsətdən istifadə edərək Azərbaycan ədliyyəsinin 102 illiyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə bütün ədliyyə işçilərini təbrik edir, onlara öz şərəfli vəzifələrində qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar

arzulayıram.

Sonda böyük sevinc və fərəh hissi ilə bildirməliyəm ki, peşə bayramımızın 102-ci ilini faşizm ideologiyasına xidmət edən erməni cəlladlarının Azərbaycana qarşı apardıqları ədalətsiz müharibəni dayandırdıqları bir ərəfədə  – əzəli torpaqlarımızın işğaldan azad olunduğu bir vaxtda keçiririk.

Xalqın birliyi, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında, qəhrəman əsgər və zabitlərimizin mübarizliyi, qanı və canı bahasına  30 il əsarətdə olan torpaqlarımıza yenidən sahib olduq. Qazanılan QƏLƏBƏ  xalq-dövlət birliyinin təntənəsi oldu. Söz yox ki, zəfərlərlə başa çatan Vətən müharibəsində ədliyyə işçiləri də ön və arxa cəbhədə əzmkarlıq nümayiş etdiriblər.  Bu bizim vətəndaşlıq, Vətən qarşısında övladlıq borcumuz olub.

Qəhrəman və şanlı Azərbaycan Ordusu uğurlu əməliyyatlarla üçrəngli bayrağımızı işğaldan azad olunan torpaqlarımıza sancdı. Bununla şəhidlərimizin narahat və nigaran ruhları da azadlıq tapdı.

Bu günlərdə hamımız QƏLƏBƏ sevincini yaşayır, biri-birini təbrik edir, biri-birinə gözaydınlığı veririk.  Birliyimiz qalibiyyətimiz oldu. Yaşasın qalib, sevimli Prezidentimiz! Yaşasın müzəffər ordumuz! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Namil Cəbiyev,

İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin rəisi

Şərh Yaz