Yaddas kitabcasi

QAÇQININ HEKAYƏTİ                                

Məmməd Mirzə

 

QIRX KƏNİZİN TALEYİ

 

(Əvvəli ötən sayımızda)

 

“Qırxqızın adı barədə soruşursunuz, onu da deyim. Atamdan eşitdiyimə görə, zalım bir xanın qırx kənizi varmış. Kənizlərlə yaxşı rəftar olunmadığından, onlar zülümdən doyublarmış. Bir gün sözü bir yerə qoyurlar ki, xanı öldürüb qaçsınlar. Nisə adlı qız xanın xəncərini oğurlayıb, gecə yatdığı yerdə onu öldürür. Qızlar saraydan qaçırlar. Uzun müddət indiki Qırxqız dağındakı mağaralarda gizlənirlər. Dağın da adı elə bu kəniz qızlardan qalıb.

Sonra bu kəniz qızların hər biri öz deyiklisi ilə ailə qurub, hərəsi ayrıca bir obada məskən salıb. Onların nəsilləri artıb-törədikcə, həmin obalar kəndlərə çevrilir. Kəniz qızlardan biri olan Nisə birçək saxlayırmış. Onun olduğu kənd Birçənis (yəni Birçəkli Nisə) adlanır. Birçənis kəndində böyük bir ziyarətgah da var. Bir vaxt Seyid Kərim himayə edirmiş oranı. Deyilənə görə, cüyürlər o kəndə (ziyarətgaha) sağına gəlirmiş.

Ağca adlı kənizin nəslindən olaıı kənd Ağcakənd. Cahan adlı qızın kəndi Pircahan (bu kənddə də böyük pir var), Sonanın kəndi Sonasar adlanır və habelə. Həmin kəndlər hazırda durur.

Kənizlərdən Gülüstan adında biri yaylaqda olanda bulaq açır. İndi də o bulağın adı “Gülüstan bulağı”dır. Qibləbulaq, Atbulağı, Sarıyoxuş, Kotanqaya, Keçili Qaya, Moruqlu Qaya, Köyüklü Yurdu, Gölün Çalası, Hacı Şirin Qayası – hansını deyim, hansı birini sayım? Bunların haqqında danışmaqdan dil yorularmı?

Atamın bir qoşmasında Qırxqızdakı yer adlarının hamısı vardı. Görüm yadımda qalıbsa deyim, siz də eşidin:

Səfalıdı Qırxqızımın qalası,

Atbulağın, Buzdaq Dağın deyimmi?

Aşıq ona hansı hava çalası,

Heyratımı, Vağzalmı deyimmi?

 

Mənalıdı Dəlidağın baxışı,

Elə bil ki, rəssam vurub naxışı,

Gölün Burnu, Dəyirmanın yoxuşu,

Moruqlunu, Ağqayanı deyimmi?

 

Qırxqıza çıx, bir nəfəs al dərindən,

Bütün Qarabağı öp nəzərində,

Mahnı dəmi, muğam səsi sərində,

Bir dəçaq-çuq” atın nalın deyimmi?

 

Yaz qurtardı Çayın suyu durular,

Alaçıqlar göy yaylaqda qurular,

Boz sürülər yol üstündə burular,

Qibləbulaq Yaylağını deyimmi?

Qırxqızın qayalarında dağkeçisi, dağkəli sürüləri qaynaşır. Beş-on il əvvəl bizimkilərdən çox Qarabağ erməniləri burda ov edirdilər. İndi daha öz əllərindədir. Yəqin əl-qolları daha da açılıb. Qırıb-çatacaqlar heyvanları namərdlər. Gözlərindən gəlsin…”.

 

AĞA KÖRPÜSÜNDƏ QƏTL

 

“Əvvəl vaxtlar ki, ermənilər Xankəndidə səs-küy qaldırıb Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər, bizə gülmək gəlirdi. Yəni ki, dığaların iştahasına bir bax! Bir az keçəndən sonra lap gerçəklədilər, yollarda daş-kəsək müharibəsinə başladılar.

Həmin vaxtlarda xalam oğlu Güman və xalam qızı Zilfirə ailələri ilə birlikdə Xankəndidə yaşayırdılar. E1ə ki orada yaşamaq bizimkilər üçün mümkünsüz oldu, Güman ailəsi ilə birlikdə Ağdama, Zilfırəgilin ailəsi Şuşaya köçdülər.

Ancaq ermənilər nə qədər daş-kəsəyə güc versələr də, elin igid oğulları Ağdam-Şuşa yolunu bir gün də boş qoymurdular. Öz canlarını təhlükəyə salaraq, maşınla hər gün gedib-gəlirdilər. Xalam oğlu Güman da maşını ilə bu yolla gedib-gəlirdi. Ermənilər onu hələ Xankəndidə yaşadığı vaxtlardan yaxşı tanıyırdılar. Cəsarətinə bələd olduqlarından, ondan hayıf çıxmaq istəyirdilər.

Bir gün Ağa Körpüsündə hərbi geyimli adamlar Gümanın maşınını guya yoxlamaq məqsədilə saxlayıb, onu və kabinədə oturmuş qaynı İlhamı posta dəvət edirlər. Sənədlərini yoxladıqdan sonra buraxırlar. Maşın postdan heç beş yüz metr uzaqlaşmamış partlayır. Güman və İlham həlak olur. Sonradan məlum oldu ki, onlar posta gedəndə hərbçilərdən biri kabinəyə mina qoyubmuş. Ermənilərin bütün əməlləri kimi, bu cinayətləri də cəzasız qaldı…”.

 

ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ

 

“Xalam qızı Zilfirə Şuşada Xankəndi tərəfdən girəcəkdəki postun yaxınlığında toyuq fermasında işləyirdi. Kişi tiynətli bir qadındı. Ermənilər tərəfindən təhlükə yarandığı gündən, iş-güc vaxtı həmişə çiynində avtomat olardı. Erməni basqınları zamanı kişilərlə bir cərgədə vuruşurdu. Qardaşı Gümanın öldürülməsi xəbərindən sarsılan Zilfirə intiqam alacağına and içir. Bir gün avtomatını götürür, yeniyetmə oğlu İsa da çiynində avtomat ona qoşulur. Şuşukənd yoluna çıxıb, saqqallı quldurların işlək yolunda pusquda durur. Bu yoldan keçən silahlı qulduriardan ikisini öldürür, onların avtomatlarını da götürüb, öz yerinə qayıdır. Həm Gümanın, həm də İlhamın intiqamını alır…

Ermənilər Şuşanı alanda, daha düzgün desəm, Şuşa ermənilərə peşkəş ediləndə (Qarabağın ürəyini, gözünü mənfur düşmənlərə satanlara Allah lənət eləsin, onların cəzasını versin, indi də cəzasız qaldıqlarından belə deyirəm) onlara əsas müqavimət göstərən də həmin postda dayananlar olub. Onların əksəriyyəti döyüşdə qəhrəmalıqla həlak oldu. Zilfirə də avtomatının gülləsi qurtarana qədər vuruşub. Axırda o yaralanır. Sağ qalan döyüşçülərə yalvarır ki, onu güllə ilə vursunlar. Ermənilərin əlinə diri düşməsin. Lakin əsgərlərin onu öldürməyə əli gəlmir. Deyirlər sənin verdiyin çörək gözümüzü tutar.

Ermənilər yaralı Zilfirəni əsir aparırlar. Onun kürəkəni Sahib də elə həmin döyüşdə ermənilərin əlinə keçib. İndiyədək heç birindən xəbər yoxdur…”.

Şəkurə xanım axırda əlavə etdi ki, Zilfirənin sağ olmasına inanmr. Çünki o, Həcər kimi bir qadındı – onun qabağını qazamat-zad kəsə bilməzdi. Sağ olsaydı, necə varsa, qayıdıb gələrdi…

 

XOCALIDAN NƏ QALDI?

 

Əfqanla Şəkurənin 8 oğlundan, hələlik, təkcə Ədalət ailə qurub ev-eşik sahibi olmuşdur. Hazırda ordu sıralarında xidmət edir. Onun həyat yoldaşı və bir yaşlı oğlu Kürdmaşı kəndindəki uşaq bağçasında sığınacaq tapıblar. Özlərinin söylədiklərinə görə, kənd camaatının və yerli təşkilatların qayğısı ilə əhatə olunublar.

Şəkurənin uşaqlarından üçünün – Etibarın, Səlimin və 6-cı sinifdə oxuyan Səxavətin anadangəlmə görmə qabiliyyətləri zəifdir. Lakin Etibarla Səlim Bakıda bu tipli uşaqlar üçün olan məktəbdə (“korlar məktəbi” də deyirlər) orta təhsil almışlar. İstedadı ilə xüsusilə fərqlənən Etibar universitetin tarix fakültəsinə qəbul olunub. Səlim isə orta ixtisas təhsilli tibb işçisidir. Adil bu günlərdə çağırışçı yaşına çatmışdır. Qalanları məktəblidir.

Etibarın ana babası İsmayıl (Şəkurənin atası) 70-ci illərin axırlarından Fərraş kəndindən köçüb Ağdamın Sarıhacılı kəndində yaşayırdı. Etibar babasına baş çəkməyə gedəndə mütləq Xocalıda yaşayan əmisi qızı İradəgilə də gedərdi. İradə ilə Telmanın uşaqları ona bir dünya sevinc bəxş edərdi. Etibarın Xocalıya gəlişi də bu uşaqlar üçün toy-bayram idi. Xəyalə birinci sinifdə, Vüsalə isə üçüncüdə oxuyurdu. Anar hələ məktəb yaşına çatmamışdı. Kubranın isə ayağı təzəcə yer tuturdu… Xocalı qırğınının sorağını Etibar Bakıda eşitdi. Deyilənlər və yazılanlar əsasında bu dəhşətli qırğının miqyasını təsəvvür edəndə, ürəyi az qalırdı döş qəfəsindən bayıra çıxsın. Bu körpələrdən hansınınsa həyatda olmadığını düşünəndə, az qalırdı damarlarında qanı donsun.

Faciəli xəbəri eşidən kimi, təcili Ağdama yola düşdü. Bu səfər ona bir il qədər uzun görünürdü. Nəhayət ki, avtobus Ağdama yetişdi. Babası ilə görüşəndə ilk sualı İradəgilin ailəsi barədə oldu. İsmayıl kişinin cavabından məlum oldu ki, hələ bir xəbər yoxdur. Amma onu da andırdı ki, bu qırğından çox az adamın sağ çıxacağına güman var…

Camaat məscid həyətinə axışırdı. Onlar buraya çatanda elə bir mənzərə ilə üzləşdilər ki, bunu sözlə ifadə etmək mümkün deyil. Bir tərəfdə qəddarcasına eybəcər hala salınmış cəsədlər, bir tərəfdə isə onların naləsi ərşə qalxan qohum-qardaşları. Hələ özününküləri axtarmağa macal tapmadan, Etibarı hönkürtü və fasiləsiz bir hıçqırıq tutdu. Bu, beş-altı yüz, yaxud minlərlə adamın deyil, bütöv bir millətin faciəsi idi. Dünyagörmüş İsmayıl kişinin təskinedici sözləri də təsir etmirdi. Onun hönkürtüsü getdikcə şiddətlənirdi. Bəlkə də bu hıçqırıqlar öz əzizlərinin eybəcər hala salınmış cəsədləri ilə üzləşmək vahiməsindən irəli gəlirdi… Lakin təkcə bundan deyildi. Görünməmiş bir vəhşiliklə qətlə yetirilmiş bu günahsız insanların faciəsinə ağlamamaq mümkün deyildi. Etibarın hədəqədən çıxmış gözlərinə baxdıqca, babası: “Allah, Allah, sən özün saxla! Uşağın başına hava gələcək…” – öz-özünə pıçıldayırdı.

Üzü qibləyə uzadılmış cəsədlərin birinci cərgəsinin sonuna çatmamış, Etibar birdən ayaq saxladı. Hönkürtüsü kəsildi, hıçqırıqları da dayandı. Onun sifətində qeyri-adi bir ifadə donub qalmışdı. Eybəcər hala salınmış cəsədlərin arasından bir cüt tanış məsum körpə gözü Etibara zillənmişdi…

Sonrakı günlərdə əmisi qızının şəhid olmuş ailə üzvlərinin hamısını tapıb dəfn etdilər. Etibarın xətrini öz qardaşlarından da çox istəyən İradə, onun həyat yoldaşı Telman, 8 yaşlı Xəyalə, 10 yaşlı Vüsalə və Telmanın özündən kiçik qardaşı Fazil Ağdamın Şəhidlər xiyabanında həmişəlik öz yerlərini tapdılar…

Həmin günlərdə İradəgildə qonaq olan 13 yaşlı bacısı Sevili və körpəcə Kubranı yaralıların arasında tapdılar. Hazırda Anarla Kubra Bakıda nənələrinin himayəsində olurlar. Anar artıq birinci sinfə gedir…

 

ƏSƏBLƏRİ DÖZMƏDİ

 

Şəkurə xanımın söylədiklərindən: “Xocalı qırğınından sonra Etibar (universitetin tələbəsi – M.M.) Bakıda duruş gətirə bilmirdi. Bir gün yenə qayıdıb gəldi kəndə. Dedi adamları yığıb iclas eləyəcəm. Həyətlərə uşaq saldı, xeyli adam yığışdı. Ancaq özü danışırdı. Malıbəyli, Xocalı qırğınından söz açdı. Dedi bir nəfərimizin də burada oturub qalmağa haqqımız yoxdu. Hamımız günü sabahdan silaha sarılıb, ermənilərdən qisas almalıyıq, torpaqlarımızı geri qaytarmalıyıq.

Yaxşı, gözəl sözlər danışırdı. Amma hərdən sözünün əvvəli ilə axırı düz gəlmirdi. Elə son vaxtlar özüm də şübhələnmişdim ki, uşaq deyəsən havalanıb. Lap axırda çağırışına hay verilmədiyini görəndə dedi: “Hamınız biqeyrətsiniz, dağılışın evlərinizə!”. Xəcalətdən məni tər basdı. Nə sözdü bu danışır? Fərraşlılara belə sözlər yaraşmır axı. Onların əksəriyyəti əldə silah ermənilərə qarşı vuruşub. Bu gün də vuruşurlar.

Onu Maştağada ruhi xəstələrin müalicə olunduğu xəstəxanaya qoyduq. Bir müddətdən sonra ona baş çəkməyə getmişdim. Görəndə tüklərim biz-biz durdu. Mən yazıq nə bileydim ki, bura xəstəxana yox, dəlixana imiş?!

Bir az havalandığından müalicə olunmaq üçün gətirdiyim Etibarı belə vəziyyətdə görəndə məndən bir haray qopdu ki, xəstxananın baş həkimindən tutmuş, süpürgəçisinə qədər, tökülüb gəldilər. Onları çox ağır sözlərlə yamanladım. Dedim ki, verin, aparıb özüm sağaldaram.

Nə isə, üzrxahlıq elədilər ki, qoy bir az da qalsın. Başqa xəstələrdən ayrı saxlayıb, müalicə edərik. Sonra, doğrudan da, Etibarın vəziyyəti yaxşılığa doğru dəyişdi. Amma arada xəbər tutduq ki, yaxşılaşan kimi qaçıb xəstəxanadan. Biz artıq onda didərgin düşmüşdük. Kürdmaşıda olurduq. Xeyli axtarandan sonra tapdıq. Cəbhə bölgəsinə getmək istəyirmiş, tutub saxlamışdılar. İndi vəziyyəti yaxşıdır. Xəstəxanadan çıxarıb gətirmişik”.

 

MEŞƏLİDƏ NƏLƏR OLDU

 

Ağ saçlı pəri dağlar,

Heç baxmaz bəri dağlar.

Yadlara məskən oldun,

Bir utan, əri, dağlar!

“… Şuşanın Meşəli kəndi bu biri kəndlərə nisbətən cavandı. O kəndin əsasını fərraşlılar qoyub. Sonradan başqa kəndlərdən də köçüb orada məskən salanlar olub. Amma əksəriyyəti bizim kənddəndir. Fərraş ucqar dağ kəndi olduğundan, yolu-izi pis gündədir. Yağış yağanda maşın çıxmır. Qışda isə gediş-gəliş lap çətin olur. Ona görə də kəndin artıb-törəyən cavanları başqa yerlərə, əsasən də, Meşəliyə köçüb gedirlər.

92-ci ilin fevral ayında ermənilərin Meşəlidə törətdiklərini ancaq Xocalı ilə müqayisə etmək olar. Alınmaz qala kimi gözlərinə batan Meşəliyə divan tutmaq üçün çoxdan hazırlıq görən ermənilər kəndin ətrafında qoyulmuş postları ləğv eləyəndən sonra qəfil hücuma keçirlər. Çox şiddətli döyüş gedir. Ermənilər kəndi alıb, əllərinə keçənlərin hamısını qətlə yetirirlər.

Qarakovlular xəbər tutub özlərini yetirirlər. Üç vertolyotla da könüllülər gəlir. Erməniləri qovub, kəndi geri alırlar. Lakin həmişə olduğu kimi, köməyə gələnlər bu dəfə də gecikmişdilər. Kəndin sakinlərindən 37 nəfər həlak olmuşdu. 20-yə yaxın erməni qulduru da öldürülmüşdü. Başıçıxan hərbçilərin söylədiklərinə görə, Meşəli döyüşündə öldürülən düşmən əsgərləri nə Qarabağ, nə də Yerevan erməniləriymiş. Bu qaniçənlər xaricdən gətirilmiş muzdlular olub. Yəqin elə ona görə də ermənilər onların meyidlərini geri almaq üçün heç cəhd göstərmədilər.

Bu döyüşdə həlak olanların 18 nəfəri Meşəlidə yaşayan fərraşlılar idi. Həlak olan 37 nəfərin 34-nü Fərraş kəndində dəfn etdilər. Meşəli şəhidlərinin dəfni dörd gün çəkdi…

Rza əmimin oğlu 60 yaşlı Hüseyn və qızları (Hüseynin bacıları) Ulduzə və Firuzə Meşəlidə yaşayırdılar. Bir dəfə avtobusla Şuşaya gedəndə pusquda dayanmış ermənilər maşını gülləyə basmışdılar. Hüseyn ağır yaralanmışdı. Amma həkimlər onu həyata qaytardılar. Meşəli döyüşündən isə sağ çıxa bilmədi, həyat yoldaşı Pakizə ilə bir yerdə həlak oldu. Ulduzənin oğlu Nadir, Firuzənln oğlu Əli də bu döyüşdə həlak oldular.

Meşəlidə Qənimətgilin ailəsindən dörd nəfər -özü, həyat yoldaşı Ruba, oğlanları Mətləb və İsmayıl öldürülüb. Bu cavanların hər ikisi rus ordusunda əsgərlik çəkib qayıtmışdılar. Həmişə cəbhədə olurdular.

Novruzgilin ailəsindən 5 nəfər – özü, arvadı, bir oğlu və iki qızı həlak oldu. Cəsədlərdən bəzilərini ermənilər tamam yandırmışdılar. Onların külünü dəfn etdilər. Novruzun qızı Rübabənin qolunun və qıçının yanmış sümükləri qalmışdı. Novruzun bir oğlu Baratı ermənilər diri tutmuşdular. O da əvvəllər rus ordusunda qulluq eləmişdi. Badara yaxınlığında maşın çaydan keçəndə Barat özünü suya atıb qaça bilir.

Ermənilər Meşəlini ikinci dəfə alandan sonra bizimkilər Qarakov kəndinə toplaşıb onların yolunu kəsmişdilər. Kəndimizin cavanlarından və ağsaqqallarından Məlik, Zülü, Məmmədalı, Musa, İsa, Qaçay, Yunis, Hüseyn kişi və həyat yoldaşım Əfqan əsgərlərlə birlikdə ermənilərə qarşı vuruşurdular.

Sonra Qarakov da alınıb ermənilər tərəfındən yandırıldı. Şuşa və onun kəndləri də düşmənə təhvil veriləndən sonra – 92-ci ilin may ayının 13-də biz də Fərraş kəndini qoyub çıxmağa məcbur olduq…”.

Haray, ellərim, haray!

Şana tellərim, haray!

Yurdum yağıya qaldı,

Soldu güllərim, haray!

 

Çay deyiləm axam bir,

Dağı-daşı yaxam bir;

Qanadım ola uçam,

Vətən sarı baxam bir…

(Ardı var)

 

 

Şərh Yaz