Babayev Bəybala Zeynal oğlu               

 

İsmayıllı rayonunun ictimaiyyətinə ağır itki üz vermişdir. Mənalı ümrünü  rayonun matbuat tarixinə həsr etmiş, tanınmış, təcrübəli jurnalist Babayev Bəybala Zeynal oğlu dünyasını dəyişmişdir.

1938-ci ildə anadan olmuş B.Babayev valideynlərini erkən yaşlarında itirmiş, Hacıhətəmli kəndində məskunlaşan əmisi Baba müəllimin ailəsində tərbiyə və təhsil almışdır.

Yeddillik təhsildən, 1956-cı ildə Göyçay Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra Qubada elektrostansiyada növbə rəisi vəzifəsində çalışmıçdır. Sovet Ordusu sıralarında xidmətdən sonra istehsalatda çalışmaqla ADU jurnalistika fakültəsinə daxil olmuş, 1966-cı ildən rayonda çıxan “Zəhmətkeş” qəzetinə məktublar şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur.

Uzun illər bu məsul vəzifəni layiqincə icra edən B.Babayev bir neçə il qəzetin redaktorunu da əvəz etmişdir.

Çalışdığı illər ərzində bacarıqlı jurnalist kimi bu şərəfli peşənin tələb və qaydalarını yüksək səviyyədə yerinə yetirmiş bu yorulmaz qələm sahibi təqaüdə çıxdıqdan sonra da mətbuatla əlaqəsini kəsməmiş, rayonda çıxan “İsmayıllı xəbərləri” qəzeti ilə əməkdaşlıq etmişdir.

O, ömrünün ahıl çağlarında İsmayıllı mətbuatının güzgüsü hesab oluna biləcək, oçerk və qeydlərdən ibarət “Tarixi yaşadanlar” adlı kitabını çap etdirmişdir.

Bəybala Babayev layiqli vətəndaş, sədaqətli dost, səmimi yoldaş, sözü keçən ağsaqqal olmaqla bərabər həm də qayğıkeş və mehriban ailə başçısı idi.

Onun işıqlı xatirəsi yaxınlarının, əzizlərinin, eləcə də qədirbilən ismayıllıların yaddaşında uzun müddət yaşayacaqdır.

Allah rəhmət eləsin.

İsmayıllı Rayon İcra Hakimiyyəti,

yaxın dostları və qələm yoldaşlarından bir qrupu

 

 

 

 

 

 

Şərh Yaz