Biz buna inanmalıyıq                                       

 

Çox etibarlı, istedadlı, sadə, büllur ürəkli dostum, qardaşım, doğma dağlarımızın qar ürəkli yox, qaynar ürəkli oğlu – Şahməmməd müəllim! Sizə ürək dolusu, arzu-dilək dolusu qardaşlıq salamı!

Qardaş! Çox təəssüf ki, bu məktubu kədərlə yazmağa məcburam. Biz çox gözəl insan, istedadlı şairimizi, daha doğrusu dünyada az tapılan bir qardaşımızı dünyada ən etibarlı  Vətən torpağına tapşırdıq. Əminəm ki, bizim gözəl dostumuz Xalıq da bu itkinin ağrısını yaşayıb.. Bir də bu həqiqəti də gizlətməməliyik ki, siz də, Xalıq da, mərhum dostumuz Oqtay da adları televiziya efirindən düşməyən bir çox şairlərdən istedadlısınız. Çox təəssüf ki, insanlar istedada yox, modaya söykənir. Biz təkcə istedadı bir şairi yox, dünyada, indiki zamanda əsl insanlardan birini itirdik.

Şahməmməd müəllim! Zövqü, ruhu, hissiyat, qəlbində Prometey odu olan insanlar həmişə poeziya, işıq-ziya acı olurlar. Onlar dərk edirlər ki, istedad dürtülüb gözə yox, üzə çıxır.

Bizim tər-təmiz ürəkli Oqtay qardaşımız da belə şairlərdəndir, təkcə keçmiş zamanda yox, elə indiki zamanda da. “Diriltmək” ifadəsi təkcə ritorik ifadə deyil. İstedadların tanrısı elə onların ağlı, zəkasıdır. Onları haçansa öz istedadları dirildib, istedad umanlara qaytaracaqdır. Biz buna inanmalıyıq, əziz Dağlaroğlu!

Buyruq olmasın. Mənim bu qeydlərimi də şeirlə birgə çapa verərsiniz.

Dərin məhəbbətlə sizin

Ağasən qardaşınız

 

Oqtay ürəklərə köçdü, a dünya

 

Misilsiz ürək sahibi, istedadlı şair, gözəl insan, vəfalı dost – Oqtay qardaşımızın ölməz xatirəsinə

 

Eşitdim, qan qucdu dərd can içində,

Vaxt çaşdı elə bil zaman içində.

Çırpındı ürəyim al qan içində,

Ona necə deyim, toxta, a dünya!

 

Başımı dost yatan torpağa əydim,

Çalxandım, o dərddən bu dərdə dəydim.

Səninçün bir imiş, mən nə biləydim,

Əzəl gündən var da, yox da, a dünya!

 

İnsanlıq acıyıq, insanlıq itib,

İnsanlıq yerində soyuq can bitib.

Bəlkə insanlığı dövran tərgidib,

İnsanlıq axtarma çox da, a dünya!

 

Dünya əzəldənmi belə qurulub,

Baxta bel bağlayan beldən vurulub.

Haqqın köhlən atı həddən yorulub,

Salınıb başına noxta, a dünya!

 

Dünya, evimizsən, bu haqqı danma,

Gün tək bir böyrünə nur yaydı amma.

Oqtay da Günəşdən bir paydı, amma,

Nur alırdı ac da, tox da, a dünya!

 

Baxt asılı deyil, haqqın gücündən,

Yapışar dünyanın çox vaxt bicindən.

Elə bil Allahın ovcu içindən,

Səpilər aləmə bu pay, a dünya!

 

Yaxşılar dünyada bir canlı pirsə,

Yaxşıların ölmü ömürlə birsə,

Ölüm yaxşılarçün sino gedirsə,

Belə ölümlərə yox tay, a dünya!

 

Tanrım, qoy Oqtayın yadigarları,

İtən ömrünü də yaşasın barı.

Tanrım özü olsun bu evin yarı,

Bir onda deyərəm oxay, a dünya!

 

Ürəyi doluydu arzu, diləklə,

Bu yükmü baxtını saldı bu şəklə?!

Sənə sığışmadı böyük ürəklə,

Ürəklərə köçdü Oqtay, a dünya!

Ağasən Bədəlzadə,

İsmayıllı rayonunun Pirəbilqasım kəndi     

Şərh Yaz