Yaddas kitabcasi

ƏYİL, ALNINDAN ÖPÜM, AZƏRBAYCAN ƏSGƏRİ!                      

 

 Şahməmməd Dağlaroğlu

Zəfər nəğməsini yazacağam mən!

 

Az qalıb, xoş xəbər yayılacaqdır,

Fərəhlər içində azacağam mən!

Yatan şəhidlərim ayılacaqdır,

Düşmənin səfini pozacağam mən,

Zəfər nəğməsini yazacağam mən!

 

Silib yaddaşlardan yurd intizarın,

Qoruduq bu elin namusun, arın.

Ölməz şəhidlərin şanlı məzarın,

Öz sinəm üstündə qazacağam mən,

Zəfər nəğməsini yazacağam mən!

 

Yaraşır bu şərəf Azərbaycana,

Gülsün, fəxr eləsin bu gün hər ana!

Yetişdik arzuya, qan aldıq qana,

Gün gündən xoş gəlir, yozacağam mən,

Zəfər nəğməsini yazacağam mən!

 

Güldükcə bu eldə üzlər, könüllər,

Gülüb açılacaq çəməndə güllər.

Mübarizlər ölmür, bilin, ay ellər!

Əsgərəm – sönməyən köz, ocağam mən,

Zəfər nəğməsini yazacağam mən!

 

Yayılsın bu xəbər Yer kürəsinə –

Yeni günəş doğur Od ölkəsinə!

Dönüb şəhidlərin “Oxay!” səsinə,

Yanan ürəklərə sızacağam mən,

Zəfər nəğməsini yazacağam mən!

 

Uçmaq istəyənə qanad olacam,

Hamı “Can!” dediyi bir ad olacam.

Dözüb bərkiyəcəm, Polad olacam,

Qeyrət güc verdikcə qızacağam mən,

Zəfər nəğməsini yazacağam mən!

 

Ey Vətən, həmişə qoy gülsün üzün!

İlhamla nurlansın gecən, gündüzün!

Qalxıb göy üzünə, QƏLƏBƏ sözün,

Susmaz qələmimlə cızacağam mən,

Zəfər nəğməsini yazacağam mən!

                                       30 sentyabr 2020

 

Ana, ağlama daha

 

Bu an qeyrət anıdır,

Andım şəhid qanıdır.

Oğul el qurbanıdır,

Döz bu ağrıya, aha,

Ana, ağlama daha!

 

Bu Muğan, bu da Mildir,

O şəhid, bu əlildir.

Yasdayıq otuz ildir,

Əl atmışıq silaha,

Ana, ağlama daha!

 

Birləşib güc olarıq,

Düşməndən öc alarıq.

Vaxtında qocalarıq,

Ümidliyik sabaha,

Ana, ağlama daha!

 

Əmr verib Komandan,

Vətən əzizdi candan.

İmdad umaq Qurandan,

Şükür olsun Allaha,

Ana, ağlama daha!

28 sentyabr 2020

 

Azərbaycan əsgəri

 

O qədər qürurluyam, başım çatır göylərə,

Önündə baş əyirəm, alnım dəyincə yerə!

Ana südü halaldır səntək oğula, ərə,

Əsir düşmüş torpağı yağdan aldın geri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

 

Şaddır Vətəndə hamı – millət – cavan-qocalı,

Hamının sözü birdir, danışan yox haçalı.

Qeyrətindən doğuldu bu gün yeni Xocalı,

Ziyarətgah sayacam ayaq basdığın yeri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

 

Yağı duruş gətirmir, başlayıbdır qaç-qovu,

Bu xəbər sevindirir əsirləri, girovu.

Eşitdim ki, almısan başı qarlı Murovu,

O ucalıqdan sənin başın dəlir göyləri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

 

İrəli get, yoldadır gözləri Zəngilanın,

Yaralayıb buraxma, başını əz ilanın.

Haqq işidir, zəfərlə bitəcəkdir planın,

Bir dərs ver ki, düşmənə, bir də baxmasın bəri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

 

Bizim bir anamız var, müqəddəs, Vətən adlı,

Səni gözləyir Şuşa, Ağdam, Laçın, Qubadlı.

Füzulimiz, Ağdərə yenidən toy-büsatlı,

Aşıqlar saz götürüb vəsf etsin Kəlbəcəri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

 

Sən böyük, qəhrəmansan, yaşa, ey canım-gözüm,

Qalibdir Komandanım, onundur bu güc, dözüm.

Qüdrətindən qaynayır, odur tükənmir sözüm,

Olsun xəbərlər şahı QALİBİYYƏT xəbəri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

                                                 3 oktyabr 2020

 

Kəndimizə şəhid gəldi

 

Kəndimizə şəhid gəldi,

Kənd böyüyüb şəhər oldu.

Canımızı tərk eləyən

Utanc oldu, qəhər oldu.

 

Kəndimizə şəhid gəldi,

Hərə bir bayraq götürdü.

Vətən bir igid qazandı,

Cavan gəlin ər itirdi.

 

Kəndimizə şəhid gəldi,

Arxasınca xoş xəbərlər:

Yağıdan geri alınıb,

Əsarətdə olan yerlər.

 

Kəndimizə şəhid gəldi,

Qürur duydu ana, ata.

Sanki ev-ev tac paylandı,

Kənddə bütün camaata.

 

Kəndimizə şəhid gəldi,

Millət dayandı namaza.

Ana gərək, oğul doğa,

Oğul gərək, tarix yaza.

 

Kəndimizə şəhid gəldi,

Gömüldü ana torpağa.

Ölməz ruhu günəş olub,

Nur ələdi Qarabağa.

 

Kəndimizə şəhid gəldi,

Qəbri oldu ziyarətgah.

Şəhid bizi qoruyurdu,

Sən şəhidi qoru, Allah!

5 oktyabr 2020

 

Mənə də silah verin

 

Yazın, məni də yazın, müzəffər ordumuza,

Bu gün dayaq gərəkdir torpağa, yurdumuza.

Tükənməmiş qəzəbim, bitməmiş həyəcanım,

Mənə də silah verin, Ali Baş Komandanım!

 

Deməsinlər qocasan, ər oğlu ər qocalmaz,

Canında qorxu olan düşmənindən öc almaz.

Vətən ölməz anamdır, odur kamil imanım,

Mənə də silah verin, Ali Baş Komandanım!

 

Bu gün çox şey bəllidir, kim solunuz, sağınız,

Min tankdan ağır gəldi düşmənə barmağınız.

Əlinizlə yazılsın mənim zəfər fərmanım,

Mənə də silah verin, Ali Baş Komandanım!

 

Satqınlarla işimiz qalsın hələ sonraya,

Düşmən qaçır, vaxt tapıb baxa bilmir arxaya.

Oğlum, durma, gəl deyir anam, Azərbaycanım,

Mənə də silah verin, Ali Baş Komandanım!

 

Xalqımın haqq işində olsun qələbə payım,

Şuşanın səmasında doğsun ulduzum, ayım.

Hər günü bayram etsin Vətən adlı ünvanım,

Mənə də silah verin, Ali Baş Komandanım!

 

Daha əziz nə vardır torpaq, Vətən sözündən,

Silah alsam, ataram nankorları gözündən.

Bəsdir daha, damarda dondu, dayandı qanım,

Mənə də silah verin, Ali Baş Komandanım!

 

Şəhid olsam şərəfdir, qoy şərəflə ölüm mən,

Nədən ötrü doğuldum, niyə öldüm bilim mən.

Vətənə qurban olsun, olsa əgər yüz canım,

Mənə də silah verin, Ali Baş Komandanım!

                                                  6 oktyabr 2020

 

Qələbə müjdəli şəhidlərimiz

 

İndi haqqımız var, öyünə bilək

Ürəkdən, doyunca sevinək, gülək.

Təriflər eşidək elin dilindən,

Qarabağ alındı düşmən əlindən.

Qoydu ana yurda silinməyən iz,

Qələbə müjdəli şəhidlərimiz!

 

Torpağa qan axdı, bura Vətəndir,

Hər şəhid anası Vətənə təndir.

Qorundu onların namusu, arı,

Dil açdı Şuşanın kamanı, tarı.

Sizi ürəklərdə yaşadarıq biz,

Qələbə müjdəli şəhidlərimiz!

 

Qəhrəman adınız dillərə düşdü,

Sizlərdən ayrılmaq bitməz görüşdü.

Sizi tapşıranda ana torpağa,

Dağlanmış sinəmiz, tay oldu dağa.

Siz dünya durunca ölməz, həm əziz,

Qələbə müjdəli şəhidlərimiz!

 

Yasdan çıxacaqdır Qarabağ, Vətən,

Vətənin üstündən çəkildikcə çən.

Ara verməyəcək toylar, düyünlər,

Hamı yaşayacaq sevdalı günlər.

Əməl-amalımız Günəşdən təmiz,

Qələbə müjdəli şəhidlərimiz!

 

Vətən ağ gündədir, min şükür buna,

Şübhə yox məqsədin bir olduğuna.

Komandan əmr etdi, başladıq hərbə,

Vurduq yağılara tutarlı zərbə.

Qanımız coşantək coşmaz çay, dəniz,

Qələbə müjdəli şəhidlərimiz!

 

Öndə Gəncəbasar, İrəvan durur,

Əldə silahımız – yurd eşqi, qürur!

Qoy yaxşı anlasın yağı, anlamaz,

Qisas alınacaq, qan yerdə qalmaz!

Sülhü seviriksə, deyilik aciz,

Qələbə müjdəli şəhidlərimiz!

 

Bu gün el olubdur yumruq – bir nəfər,

Odur bizimlədir Qələbə, Zəfər!

Ruhunuz Murovun qarından pakdır,

Kim deyir can verib, ölüb, həlakdır,

Durur ön sırada Polad, Mübariz,

Qələbə müjdəli şəhidlərimiz!

                                    8 oktyabr 2020

 

İçimdə atəş var

 

Əsgərəm – el canım, arxam, dayağım,

İçimdə atəş var, sönən deyildir!

Şuşada yenidən qalxan bayrağım,

Bir daha yas tutan, enən deyildir!

 

Düşmən şər atından salınacaqdır,

Zəfər təbilləri çalınacaqdır!

Torpaq da, qisas da alınacaqdır,

Xalqım bu məqsəddən dönən deyildir!

 

Baxın, necə susur, BMT, ATƏT,

Nə onda, nə bunda yoxdur qətiyyət.

Bizim xeyrimizə ermənisifət,

Ölkələr danışan, dinən deyildir.

 

Güclü rəhbərimiz, Allahımız var,

Haqq, şərəf adında silahımız var!

Qələbə müjdəli sabahımız var,

Şükür, bu günümüz dünən deyildir!

10 oktyabr 2020

 

Gəncə yarasın da sağaldar bu el

 

Murdar xislətindən əl çəkmir yağı,

Evdə yatanları alır hədəfə.

Öldürür qadını, körpə uşağı,

Dünya tüpürməzmi belə şərəfə?

 

Yetməzmi göstərdi acizliyini,

Nə qədər qorxaqdır, nə qədər yabı?!

Bəlkə yana qoyub qəzəbi, kini,

Çəkə bircə damcı vicdan əzabı?

 

Bunu bacarmaz  o, yox onda qeyrət,

Tanıdıb özünü bütün dünyaya.

Onun layiqidir aldığı qiymət,

Onda nə namus var, nə ar, nə həya.

 

Yatanda insanı ilan da çalmır,

Nə qədər əfisən, nə qədər alçaq?!

Nədən deyilənlər yadında qalmır,

Qarabağ bizimdir, bizim olacaq!!!

 

Gəncə yarasın da sağaldar bu el,

Yetər ki, birləşək, dönək yumruğa!

Haqqa, özümüzə bağlayaraq bel,

Qələbə eşqiylə durduq ayağa.

 

Silaha əl atmaq döndü tələbə,

Coşdu igidlərin, ərlərin qanı.

Erməni kimdir ki, çalsın qələbə,

Bir də hədələsin Azərbaycanı?

 

“Qovuruq onları iti qovantək”,

Alırıq işğalda olan yerləri.

Var ol, bu müqəddəs işin mübarək,

Xalqımın mübariz, igid əsgəri!

11 oktyabr 2020

 

İşimiz haqq işidir

 

Biz birləşdik, bir olduq, budur ən ali sərvət,

Böyük dəyəri vardır, təmiz etirafın da.

Qanımıza yeridi qisas, qürur, dəyanət,

Rəhbər yanımızdadır, biz Onun ətrafında.

 

Düşmən çox hayasızdır, alçaq, həm də hiyləgər,

Çaqqal duruş gətirməz aslanın meydanında.

Bugünkü ordumuzda heyət – on milyon əsgər,

Bir Komandan hökmü var hər əsgərin canında.

 

Döyüş nədir bilməyən, əl atıbdır cırmağa,

Səngəri atıb qaçır, birə düşüb kürkünə.

Yoxdur sifəti, gücü önümüzdə durmağa,

Zəfərimiz günəştək nur saçar gələn günə.

 

Bu xalqın vüqarını xof ilə qırmaq olmaz,

Qan görəndə coşuruq, qoy bunu bilsin yağı.

Ona yara vurarıq, min ilə də sağalmaz,

Nəfəs alar, gül açar, azad Vətən torpağı.

 

İşimiz haqq işidir, ölümümüz şərəfdir,

Az qalıb, ayaqları kəsiləcək Şuşadan.

Onların dostu Şeytan, Tanrı bizə tərəfdir!

Budur bizə güc verən, budur bizi yaşadan!

12 oktyabr 2020

 

Sən kimsən

 

Sən başıboşluğunla heyrətə saldın məni,

Yoxdur anlayışında ədalət, tarix, zaman.

Bilməz idim bu qədər axmaq olar erməni,

Uydurduğun yalanlar oldu özünə palan,

Sənə yaraşır hər ad – Nikol “Dabanyalayan”.

 

Qanında kişilik yox, qorxaq it günündəsən,

Ağrı dolub qarnına, qaçırsan o yan-bu yan.

İndi dərk elədin ki, kimlərin önündəsən?

Bəs deyirdin Qarabağ qalıb sənə babandan?!

Qayıt bir də Şuşaya, “Yallı” get piyan-piyan.

 

Rəsmidə nazir oldun, faktla Soros nökəri,

Özünə də bəllidir, danışdığın mif, yalan.

Etdiyin günahları yumaz Qarqar, Həkəri,

Vaxt gələcək Qafanda əziləcəkdir qafan,

Gizlənməyə yer axtar, gir hardasa daldalan.

 

Sənin xam xəyalların sınacaq öz başında,

Tüpürəcək üzünə öz qardaşın, öz balan.

Körpələri qırmısan sən südəmər yaşında,

Daşqalaq edəcəkdir səni səndən dərs alan,

Bir hay tapmayacaqsan olsun hayına qalan.

 

Azərbaycan əsgəri ağlar qoydu ananı,

Ey başı daşlı daşnak, uduzmusan, alış, yan.

Biz kimik, sən kimsən, yaxşı bax, tanı,

Dedin torpaq vermərəm, verdin, sakit dur, dayan,

Səni tanıdı cahan – Nikol “Dabanyalayan”.

                                                  14 oktyabr 2020

 

Səbrimizin sonu yetdi

 

Zamanın sınanmış qanunları var,

Sözə baxmayanlar yolu azırlar.

Məktəbdə tarixdən “2” alanlar,

Döyüş meydanında tarix yazırlar.

 

Dünən küçədəki dalaşqan oğlan,

Bu gün döyüşlərin önündə gedir.

Əsgərə ruh verir məğrur Komandan,

Dünyanı haqq işdən xəbərdar edir.

 

Uğurla açılır hər gələn sabah,

Düşmənin gündüzü dönür gecəyə.

İllərlə çəkmişdik ah üstündən ah,

Dözmüşdük dözülməz bir işgəncəyə.

 

Budur, səbrimizin sonu yetişdi,

Silaha sarılıb, getdik irəli.

İşimiz zəfərlə bitəcək işdi,

Kəsərik bu yurda uzanan əli!

17 oktyabr 2020

 

Gözün aydın olsun, ey ana torpaq

 

“İrəli!” əmrini verdi Komandan,

Bayrağa bürünüb girdik döyüşə.

Ali arzu idi bir gör haçandan,

Uğur payımıza Qələbə düşə.

 

Qorxmadıq yaradan, axıtdıq qanı,

Vətən torpağından qovuldu yağı.

Elin dar günündə qıymadıq canı,

Taxdıq zirvələrə zəfər bayrağı.

 

Şan, şərəf qazandı əsgər adımız,

Öyündü bizimlə anamız  – Vətən.

Bərkidi döyüşdə qol-qanadımız,

Biz olduq qəhrəman babalara tən.

 

Gözün aydın olsun, ey ana torpaq,

Durmuşuq önündə başı yuxarı.

Sənə baş əyərik, üçrəngli bayraq,

Bir də, and yerimiz – şəhid məzarı!

                                             18 oktyabr 2020

 

 

Gedirik Qarabağa

 

Bu gün fəxr günü, qürur günüdür,

Gələn səs mübariz şəhid ünüdür.

Bürünüb üçrəngli, şanlı bayrağa,

Bütün həsrətlilər dursun ayağa,

Gedirik Qarabağa!

 

Komandan əmriylə millət ayaqda,

Biz haqqa sadiqik, bizimlə Haqq da.

Sürtüb üzümüzü qayaya, dağa,

Hay verib həsrətdən susan torpağa,

Gedirik Qarabağa!

 

Ordan cavan gələn bu gün qocadır,

Adımız, sanımız dağdan ucadır.

Qeyrətli oğullar getdi qabağa,

Töküb al qanını, büründü ağa,

Gedirik Qarabağa!

 

Matam qüruruna,  şəhid atası,

Dözüb,  qəbul etdin eldəki yası.

Qorxun yox, üstünə güllələr yağa,

Məqsəd –Qələbədir,  yürüş qabağa,

Gedirik Qarabağa!

 

Öndə rəhbərimiz, Komandan durur,

Ürəklər, yumruqlar bir olub vurur.

Qüvvə yox. Ordumu susdura, boğa,

Şükür, yetişmişik belə bir çağa,

Gedirik Qarabağa!

 

Bu gün fəxr günü, qürur günüdür,

Gələn səs mübariz şəhid ünüdür.

Bürünüb üçrəngli, şanlı bayrağa,

Bütün həsrətlilər dursun ayağa,

Gedirik Qarabağa!

                                 26 oktyabr 2020-ci il

 

 

 

 

 

Şərh Yaz