97 yaşlı  müharibə veteranı və məşhur arıçının cəbhəyə yardımı   

 

O, 17 yaşının tamamını səngərdə qarşılamışdı. Beş bacının madar qardaşı olduğu üçün  anası Hürü arvad əlinə düşən ən dadlı nemətləri ona yedirər və üfürə-üfürə bəsləyərdi. Ona görə də, o, gümrah bədəncə öz yaşıdlarından seçilərdi.

1942-ci ilin oktyabr ayında vətənin müdafiəsinə adam tələb olunduqda, onun yaşı kağız üzərində artırılaraq, tərtib olunan siyahıda birinci göstərilir.

Döyüş yolunu Dərbənddəki  77 saylı Azərbaycan  diviziyasından başlayan Babakişi Fətullayev, Almaniyanın Ştetin şəhərinə kimi şərəfli, qabiliyyətli bir yol keçir. 1948-ci ilin aprelində ordudan tərxis olunub vətənə qayıdır. 1950-ci ildə NKVD-nin İsmayıllı rayon  şöbəsi, bəzi satqınların yalançı ifadələrilə onu 6 il müddətinə işləmək üçün uzaq şərqin Ulan-Ude şəhərinə göndərirlər. 1956-cı ildə Sibirdən qayıdanda, ailə üzvlərindən anası Hürü və bacısı Fəmilə oğul, qardaş həsrətinə dözə bilməyib dünyalarını dəyişmişdilər.

Babakişi, uzaq Buryat-Monqol milli dairəsindən gözəl xarrat, bacarıqlı dülgər və dəqiq bənna peşələri ilə qayıdır. Tezliklə özünə öz əlləri ilə ev tikir, ailə qurur. Sonra nəsil ənənəsinə sadiq qalaraq, atası Səlimin tövsiyyəsilə arıçılıq peşəsini davam etdirir. Onun rayon mərkəzindən Xanlar rayonundakı  arıçılıq məktəbinə oxumağa göndərirlər. Babakişi, əvvəlcə kolxoz, sonra sovxoz arıçılıq təsərrüfatına başçılıq edir.

1982-ci ildə respublikada ən yüksək bal tədarükçüsü olub. 70 arı ailəsindən 5 ton bal əldə edib. Bacarıqlı arıçıların nailiyyəti bütün SSRİ-yə yayılır. 1988-ci ildə qabaqcıl arıçının təcrübəsini öyrənib yaymaq üçün Moskvadan yarım milyon tirajla  çap olunan “Pçelovodstvo” (“Arıçılıq”) jurnalından Tircana E.Şişikin soyadlı bir jurnalist ezam olunur. Elə həmin ildə jurnalın mart nömrəsindən  “Həvəskar arıçılarla görüş” başlıqlı məqalə dərc olunur.

Gənclik illərini səngərlərdə və soyuq Sibir torpaqlarında keçirən Babakişi kişinin bu yaxınlarda 96 yaşı tamam olub, 97-yə qədəm qoyub. Onun halal arıçılıq sənətini indi övladları davam etdirirlər. Ailə dəfələrlə respublika bal yarmarkalarının qalibi olub.

Babakişi baba müharibənin dəhşətlərinin, erməni məkrinin nə olduğunu yaxşı bilir. 1918-ci ildə içində babası Fətulla, qapı qonşusu Nurəhməd və çoxlu sayda qohum-əqrəbası da olmaqla 960 tircanlının qətlə yetirilməsini ata-anasından eşitmişdir. Son 30 ildə torpaqlarımızın 20 faizini işğal etmiş ermənilərin  həyasız hərəkətləri ahıl yaşlarını yaşayan qocaman veteranın hiddətinə səbəb olub. Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin əmri ilə ölüm-dirim mübarizəsinə qalxmaq qocaman döyüşçünün ürəyindəndir. Deyir ki, bir neçə yaş cavan olsaydım Vallah özüm  yollanardım cəbhəyə. O, rəşadətli ordumuzun qələbəsinə inanır. Cəbhənin yardım fonduna özünün 1000 və oğlu İslamın 300 manat vəsait köçürməsi ilə az da olsa rahatlıq tapdığını bildirir.

Vaqif Məmmədov,

Tircan kəndi

Şərh Yaz