Yaddas kitabcasi

Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır

Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü olmuşdur. Rusiya Xarici İşlər Nazirliyində  keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib. 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Humanitar atəşkəs sülhə çatmaq üçün bir vasitədir. Sülhün isə şərtləri bəllidir, onu Prezident İlham Əliyev elan edib.

Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.
Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.

Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.  Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.
ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır.

Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir.
Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu.
Müharibə davam edir, fazaları fərqlidir, bir gün silah, digər gün diplomatiya danışır. Hər iki amil bir birinin qələbəsini möhkəmləndirir. Amma hədəf birdir – Azərbaycanın torpaqları işğaldan azad olacaqdır!  Bütün xalq Ali Baş Komandanın arxasındadır!

Şərh Yaz