Ermənistan bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Ölkə başçısı mərasimdən sonra yerli televiziyalara müsahibə verib. AZTV, İctimai və Real Televiziya kanalına müsahibə verən cənab Prezident Dağlıq Qarabağ münaqişəsinə aid çıxışlar edib.

İlk olaraq tarixi aspektlərə söykənərək vaxtilə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalara toxunan dövlət başçısı  bildirib ki, “Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.

Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib.  Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətlə yaşayırdı. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında  azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmişdir.
Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır”.

Azərbaycanın illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Bu çirkin niyyətini cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində həyata keçirir. Prezident İlham Əliyev müsahibə verərkən bildirib ki, “Ermənistanın bu günkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu”.

İyulun 12-dən 16-dək Tovuz rayonu istiqamətində baş verən təxribat zamanı və iyulun 17-dən bu günədək Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğu, Serbiyadan Ermənistana mina atanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatların daşındığı faktı ortaya çıxıb.
Cənab Prezident müsahibəsində qeyd edib ki, “Serbiya və Rusiya  prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.
Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar.
Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də elə ermənilərdir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar.Onlar separatizmə meyil göstərirlər.”
Çirkin mövqeyindən əl çəkməyən mənfur düşmən tarixən təxribatlara əl atıb, amma buna baxmayaraq  Azərbaycan ordusu tərəfindən layiqli cavab alıb.
Ermənistan özü başladığı təxribat əməllərini Azərbaycana qarşı qara piyar kimi istifadə etməyə çalışıb, Beynəlxalq təşkilatlar qarşısında hay-haray qaldıraraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək, yardım istəmişdi. Prezident İlham Əliyev bir daha qətiyyətlə bildirib ki, ”Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək.
Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur.  Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.”

Hər zaman “Bir millət, iki dövlət” prinsiplərinə sadiq qalan Türkiyə Azərbaycanın Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Vurğulamaq lazımdır ki, hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
”Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm.
Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.
Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.
Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.
Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın.” –deyə cənab Prezident qeyd edib.

Şərh Yaz