Unudulmayam el qəhrəmanı

Azərbaycan Sovet Ensklopediyası adlanan qırmızı cildli kitabda Tircan kəndinə dair çox qısa, təkrarlanan, yeknəsəq bir məlumat verilibdir. Bu, heç də inqilabi keçmişlə zəngin olan qədim bir kəndin keçmişini əks etdirmir. Mən şəxsən, 10 cildlik o kitab yığınına, erməni faşizminin millətimizin başına gətirdikləri müsibətləri xalqdan gizlədən, üstünü malalayan vecsiz bir kitab yığını kimi baxıram.

1890-cı ildə yaradılmış bədnam “Daşnaksityun” partiyasının nizamnaməsindən ruhlanan qonşu Zərgəran, Keyvəndi, Bəhliyan, Bilistan kəndlərinin erməni əhalisi, birdən-birə dinc qonşuluq münasibətində yaşadıqları müsəlman kəndlərinin əhalisinə qarşı düşmən münasibəti bəsləməyə başladılar. Bu hal Tircan kəndinin əhalisinə qarşı daha kəskin şəkil alırdı. Yaylaq-qışlaq mövsümündə elatın  qabağı kəsilir, var-dövlətləri əllərindən alınır, özləri döyülür, uşaqlar, qadınlar zorakılığa məruz qalırdılar.

Artıq ermənilər 1905-ci il hadisəsini törətmişdilər.

Baş verənlərə göz yuman çar mütləqiyyətinin biganəliyi, Şamaxı qəza Quberniyasında səlahiyyət sahibi olan gənc Kamilin heysiyyətinə çox toxunur. O, çıxış yolunu, vaxt itirmədən, tanıdığı, bildiyi, qeyrətli, namuslu vətənpərvərlərdən ibarət bir dəstə yaradıb, özünümüdafiə kimi ətrafında birləşdirməkdə görür. Çox qısa zaman kəsimində dəstənin göstərdiyi şücaətlər nəinki Tircan və ətraf kəndlərdə, hətta Kür sahilindən tutmuş Böyük Qafqaz sıra dağlarının sonuncu kəndlərində də eşidilir. Onlar erməni zülmündən əziyyət çəkən hər bir kəsin ümidgahına çevrilirlər. El arasında hörmət əlaməti olaraq “Molla Kamilin dəstəsi” adlanan dəstənin adı gələndə, ermənilər siçan deşiyi axtarırdılar.

1915-ci ilin əkin-biçin dövrünün qızğın çağı idi. Əhali torpaq sürüşməsi nəticəsində batmış kəndlərinin əvəzində yeni ərazidə  salınan kəndlərində 7 il idi ki, köçmüşdülər. Çoxları hələ də didərgin düşdükləri sahələrdən evlərinə yığışmamışdılar. Ermənilər qəflətən kəndə hücum edirlər. Kəndi başdan ayağa oda qalayırlar. Yeni tikilmiş məktəb binasına, mehmanxana tipli qonaq evinə, ətrafdakı 7 para kənd  nəzərə alınmaqla inşa edilən böyük cümə məscidinə  od vururlar. Məktəb, qonaq evi külə dönsə də, qapıları qəflətən qalxan küləyin təsirindən bağlanan Allah evi, neçə-neçə murdar erməninin boğulub öldükləri yer olur. Kəndin harayına özlərini çatdıran Molla Kamilim dəstəsi ermənilərin sonuncu nəfərinə kimi dərsini verib, yerində oturdurlar. “Birinci qaçaqaç” kimi adlandırılan bu hadisədən heç üç il keçməmiş ermənilər yenidən 1918-ci ilin martında Şaumyanın, Amazapsın, girdəli Əmiryan və Əmirov qardaşlarının (hər ikisi 26 Bakı komissarı idi) zərgəranlı Xaçaturun və s. başçılıq etdikləri quldur dəstələri  bu dəfə daha mütəşəkkil halda, Keyvəndi kəndindən atılan uzaqvuran topların dəstəyi ilə Tircana hücuma keçirlər. Molla Kamilin dəstəsinin pusqusuna düşən ermənilər, çaş-baş qalıb özləri özlərini  xeyli qırırlar. “İkinci qaçaqaç” adlanan bu qeyri-bərabər qüvvələr döyüşünü öz gözləri ilə görən Ədil baba, Zülfüqar kişi, Salman Xəlilov, Əmrulla kişi, Qara Əhməd, Fatma, Mələk, Hürü nənələr danışırdılar ki, əgər insanların pənah gətirib gizləndikləri Tircana, Abasyan, Duvarvəli, Təpəluçan meşələri və Qafqaz İslam Ordusu tərkibində gələn xilaskar türk qardaşlarımız olmasaydılar bir nəfər də olsun müsəlman milləti qalmayacaqdı. 360 nəfər tircanlının qanı bahasına başa gələn bu vuruşda əfsuslar ki, qəhrəman türk qardaşlarımızın özləri də şəhid verməli olublar. Vuruşda igidlik göstərən İbrahim Əkbəroğlunun, sərdaharlı Doşunun (Orucun), pirəqanımlı Cümşüdün, Şeşim oğlu Salmanın yalın əli ilə neçə-neçə ermənini cəhənnəmə vasil edən Sofulu İbadın adları bu gün də el, camaat arasında ehtiramla yad edilir.

Molla Kamilin aqibətinə gəldikdə isə o, Respublikada Mərkəzi Aparatda işləyən Yeron Mirzoyanın dəstəyi ilə rayon İcraiyyə Komitəsində məsul vəzifəyə yüksələn zərgəranlı Xaçaturun əli ilə, 1924-cü ilin payız günlərindən birində həbs edilir. Bayıl türməsində bəy nəslinə mənsub insanlarla bir kamerada olarkən prutat xəstəliyindən vəfat edib. Kamera yoldaşları onu yüksək məbləğ hesabına islami qaydada Cəmbərəkənd qəbristanlığında (indiki Şəhidlər xiyabanında) dəfn ediblər. Malikanəsi əlindən alınır, onu kolxoz idarəsi, klub, kitabxana, mağaza ermənilərlə müştərək dəmirçixana, at tövləsi edirlər. Həyətində yenidən Leninin heykəli ucaldılır. Bağ-bağçasında yetişən meyvələr uzun illər kənd satqınları tərəfindən Xaçatur üçün daşınır. Oğlanları 30 yaşlı Şamil 16 noyabr 1936-cı ildə, 26 yaşlı Məhərrəm isə 11 fevral 1938-ci ildə həbs edilib, müvafiq olaraq 10 və 8 il həbslə Sibirə göndərilirlər. Məhərrəm Sibirdən qayıtmaz olur.

Həbsdən qayıdan Şamil dayı uzun illərin çək-çevirindən sonra Leninin heykəlini həyətindən götürülməsinə nail olur, bağ –bağçasına sahib çıxmağı bacarır. Baxmayaraq ki, son illərə kimi rayon Mərkəzi Aparatında bəzi havadarların vasitəsilə Molla Kamil yurduna sahib çıxmaq istəyən, vicdanı xüsusilə çəkisinə ağırlıq edən insanlar da tapılıblar.

Şamil dayı 1988-ci ildə 81 yaşında dünyasını dəyişib. 50 il ömür sürmüş atası Molla Kamilin, qardaşı Məhərrəmin və özünün Azərbaycan SSR Prokurorluğunun 8 dekabr 1989-cu il tarixli qərarı ilə bəraət almaları barədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsindən məktub gələndə, Şamil dayı bir il  idi ki, həyatda yox idi.

Vaqif  Məmmədov

 

Şərh Yaz