“Şad xəbər sorağında” ikən…

Sayca beşinci kitabını çapa hazırlamış qələm dostumuzdan şad xəbərlər gözlədiyimiz bir vaxtda Azərbaycan ədəbiyyatına ağır itki üz verdi – Oqtay İsmayıllı dünyasını dəyişdi. Bəli, özünün düşündüyü və tam mənada qəbul etdiyi kimi, fani dünyanı tərk edib əbədiyaşar pak ruhlular dünyasına – hər yerdə axtardığı və uca tutduğu Haqqa qovuşdu…

Əbədiyaşar ruhunu sevindirmək üçün əzizləri bu ölməz insanın arzularına həyat bəxş etdi. “Şad xəbər sorağında” adlı kitab Oqtay İsmayıllının ruhu qarşısında baş əymək üçün bizlərə – Oqtaysevərlərə hədiyyə olundu.

Ruhun şad olsun, haqq şairi, Haqqa qovuşan şair!

ALLAH

 

Səsim çatmır Sənə, yer ilə göyün

Beləmi uzaqdır arası, Allah?

Yuyulub gözümün seliylə, bir gün

İtəcək gözümün qarası, Allah!

 

Dünya yox, gərək “dun” olaydı adı,

Sənin şirin dünyan zəhrimar dadır.

Qarabağ, Zəngəzur, Göyçə boydadır

Mənim ürəyimin yarası, Allah!

 

Ağrıtmır talanmış dağca zər məni,

Torpaq itkisiylə əzdi şər məni.

Bütöv yaratmışdın, deyirlər, məni,

Bəs hanı canımın parası, Allah?

 

Zamanın ağrısı, zilləti bizim,

Ədalət sürünür, bax, dizin-dizin.

Yarpaqtək yolundu millətimizin

Körpəsi, cavanı, qarısı, Allah!

 

Ağıl deyil qəti bu insan ağlı,

At oynadır haqsız, tapdanır haqlı.

Bəşərin yarısı xəncər-bıçaqlı,

Qurbandır o biri yarısı, Allah!

 

De: “Dostluq”, “ədalət”, “sülh” deyə-deyə

Nədən bəndələrin dönür dəliyə?

Sən var ola-ola, çoxunun niyə

İblis kimi yoxdur tanrısı, Allah?

 

 

  TƏF

 

Dünyanın gör neçə Həmzəsi bu gün

Çəkir Koroğlunu kələyə tərəf.

Min fitnə qurulur çevirmək üçün

Gəmimizi üzü küləyə tərəf.

 

Girib qolumuza, basıb dilə hey,

Sığal vura-vura, gülə-gülə hey,

Salıb ağzımızı gahdan çölə hey,

Gah itələyirlər tələyə tərəf.

 

Kəsmək istəyirlər nəfəsimizi,

Boğmaq istəyirlər haqq səsimizi.

Uşaqlar bir körpə zənn edir bizi,

Tovlayıb dartırlar bələyə tərəf.

 

Qərbli siyasilər yorulmur bir an,

Kinlə bulaşıbdır onlardakı qan.

Çıxmırlar kor kimi İblis yolundan,

Dönmək istəmirlər mələyə tərəf.

 

Çox çəkməz dövranı fitnənin, gücün,

Haqqın qollarına qüvvədir hər gün.

Vaxt gələr, yaxşıca təmizləməkçün

Çəkərik onları ələyə tərəf.

 

AZ  DEYİLMİŞ

 

Beş gün xoş havaya aldanıb açdın,

Səhv etdin, bənövşəm, bu yaz deyilmiş.

Yüz ölçü düzəltdik hər şeydən ötrü,

Əfsus ki, biri də taraz deyilmiş.

 

Hər işdə gözlədik göydən möcüzə,

Uduzduq, “gülmədi, – dedik, – bəxt üzə”.

Guya fələk qurğu qurubmuş bizə,

Guya ki bizimlə vaxt saz deyilmiş.

 

Hər məğlub olanda ayı qınadıq,

Baharı, payızı, yayı qınadıq.

Suyu suçlu sayıb, çayı qınadıq,

Heç demə, günahkar Araz deyilmiş.

 

Qara ləkələrdir bizdən qalan iz,

Min sevinc içində matəmdəyik biz.

Qarabağsız bircə xoşbəxtliyimiz

Əsl kam deyilmiş, muraz deyilmiş.

 

Niyə xəcalətdən əyilib bu baş,

Niyə yolumuzdan atılmır bu daş?

Baxıb ordumuza yanıram, qardaş,

Bizim gücümüz də heç az deyilmiş.

 

 

LLİK  Ö

 

Çoxdandır qalmışam şübhədə, şəkdə,

Sağamsa, sağlığı niyə duymuram?

Özümü görmürəm bu gerçəklikdə,

Yəqin, xəyalımda mən ancaq varam.

 

Dəmbədəm şimşəyi salıram yada,

Alışdı, var imiş, söndü, yoxdur, yox.

Çoxdur qara ulduz bu kainatda,

İçi işıq dolu, üzündə nur yox.

 

Coşmasa, tufanın varlığı sual,

Duman su olsa da, içilə bilməz.

Oxumaz, bülbülün şəkli laldır, lal,

Zülmətdə qara göz seçilə bilməz.

 

Mən də beləcəyəm: qara ulduztək,

Şəkiləm, buludam, tufan sözüyəm.

Soyuyub donmuşam bir parça buztək,

Sönmüş bir ocağın kömür gözüyəm.

 

Mənim surətimdə yaşayan kimdir?

Özümü görmürəm çoxdan diri mən.

Varamsa, bəs niyə didim-didimdir,

Niyə Vətənimdə at çapır düşmən?

 

Üstümə göylərdən nifrət tökülür,

Tarixin töhməti üzümdə ləkə.

Əgər olmasaydım minillik ölü,

Namərdin tapdağı olmazdı ölkə.

 

ZƏŞTSİZ  HAQQIM

 

Məni pisləyəni pisləmədim heç,

Məni izləyəni izləmədim heç.

Hər artıq qəpiyə, artıq tikəyə

Bir şərik axtardım, gizləmədim heç.

 

Başım çoxlarından çəksə də bəla,

Kimsəyə dərd verib, ara qatmadım.

Heç kimin xətrinə dəymədim əsla,

Mənlik olan işdə qan qaraltmadım.

 

Dedim ki, bəsimdir bir sadə yuva,

Bir yeyimlik çörək, bir içimlik su.

Dünya malı üçün etməyim dava,

Olmayım onunçün quldur, ya oğru.

 

Tez-tez ağ salmışam tamah gözümə,

Mənimtək nəfssiz olmayıb heç kim.

Bəlkə də, haqsızlıq edib özümə,

Haqqımı etmişəm haqsıza təslim.

 

Özümə bu zülmüm olsa da günah,

Qoy olsun, qətiyyən peşman deyiləm.

İnsanı məhv edər iddia, tamah,

Mənsə … mənsə mənə düşmən deyiləm.

 

Amma bir haqqım var, hazıram onu

Qoruyum qılıncla, nə qədər sağam.

Öləndən sonra da ölməz ruhumla

Mən onun uğrunda vuruşacağam.

 

Özünün yağısı olmasın yağı,

Əlim qan tökməkdə titrəməz bir dəm.

Beşiyim, məzarım olan torpağı

Heç zaman heç kimə güzəşt etmərəm.

 

ODA BÜB

 

Bir vaxt qarşımızda gül görünənlər

İndi yolumuzda qart daşa dönüb.

Dünən işıq geyib nur bürünənlər

Bu gün kömürləşib, xalq üçün sönüb.

 

Mərd bilib veririk ürəyimizi,

Namərdtək oxlayır kürəyimizi.

Sonra uçurumtək çaşdırır bizi,

Əvvəl hər kimlər ki dağtək görünüb.

 

Ümidlər ümidsiz göründüyündən,

İnamlar torpaqda süründüyündən,

Hər şey saxtalığa büründüyündən

Bizim taleyimiz oda bürünüb.

 

 

NECƏ ÖM BU DƏRD İ

 

                                (Bir qaçn  dilindən)

Gülünc olub getdik tamam,

Gülməyə də utanıram.

Yaşamağa üzüm yoxdur,

Ölməyə də utanıram.

Necə ölüm bu dərd ilə?

Bacarmadım

torpağımı tapdalayan namərd ilə.

Yer üzündə

varmı bircə üzüqara mənim kimi?

İtirmişəm yurd yerimi,

ocağımı, od yerimi.

Diriliyim

bu vətənin gül üzündə ləkədirsə,

Cəsədim də

bu torpağın gül bətnində yara olar.

Nə igid tək bir izzətim,

nə şəhid tək urvatım var.

Nə diri tək bir diriyəm,

nə ölü tək bir ölüyəm.

Ya bir gerçək xəyalam mən,

ya xəyali gerçəkliyəm.

Hər nəyəmsə, eh, heç nəyəm.

Ana oldun gör kimə sən?!…

Heyif səndən, heyif, Vətən !…

 

BARIŞASIYIQ

 

Baxma sərtliyinə sən dilimizin,

Zəlildir ayağı əməlimizin.

Bütün itkilərlə barışasıyıq,

Hər nəyə qatsalar, qarışasıyıq,

Hər cür əziləsi, qırışasıyıq,

Harda yer versələr, oturuşası,

Hardan “dur” desələr, duruşasıyıq.

Təki bir məclislik yerimiz qalsın,

Təki kürsü kimi pirimiz qalsın

Əl-qol ata-ata guruldamaqçün,

Daim boş-boşuna fırıldamaqçün.

 

El ocağı sönür, qoy sönsün, təki

Öz ocağımızda közümüz qalsın.

Abrımız nə qədər tapdalansa da,

Kişilənmək üçün sözümüz qalsın.

Çox da vacib deyil tarix önündə

Üzə çıxmaq üçün üzümüz qalsın.

 

Biz elə kürsüdə vuruşasıyıq,

Bütün itkilərlə barışasıyıq.

Düşmən bir yandırsa bizləri közlə,

Yüz alov tökərik üstünə sözlə.

Kimdir qurban olan quru torpağa,

Meşəyə, çəmənə, ota, yarpağa,

Laçına, Şuşaya, ya Qarabağa?!

Bir zərrə çimçəşməz, vallah, ətimiz,

Titrəməz, tərpənməz bircə tükümüz.

Vətəndir, ölərsə, dəfn eləyərik,

Ruhuna Tanrıdan dinclik dilərik.

 

Gəzməyə qalırsa bir az yerimiz,

Yatmağa qalırsa döşəklərimiz,

Sözümüz, səsimiz qalırsa, şükür,

Bir uca kürsümüz qalırsa, çükür!

Qalan itkilərlə barışasıyıq,

Hər nəyə qatsalar,qarışasıyıq.

 

İSTƏK DƏ

 

Yəqin, daşdandır qəlbimiz,

Bu, nə dözümdür, nə tabdır?

Qansız düşmənin əlində

Vətənin bağrı kababdır.

 

Qurd xislətini itirməz,

Dua mətləbə yetirməz.

Daşnak nəsihət götürməz,

Ona güllələr cavabdır.

 

İstəməsək də qan-qada,

Verməyək fürsəti bada.

Qan tökmək günah olsa da,

Düşməni öldür, savabdır.

 

 

 

ANLA  MƏ

 

Mən doğuldum, bəşər dərdin

Çəkmək üçün, anla məni.

Fələk tez-tez qərq eləyir

Batan nahaq qanla məni.

 

Mənim üçün etmə ah-zar,

Demə: “Axı sənə nə var?!”

Mərd olanı qınamazlar,

Namərd olsam, danla məni.

 

Bilsəm, kəfən geyəsiyəm,

Yenə haqqı deyəsiyəm.

Mən bir xəncər tiyəsiyəm,

Səhv salma ha qınla məni.

 

  OLACAQ  SÖM

 

Məhşər günü nə olacaq

Haqq önündə axı sözüm?

Qəbrimdə oda dönəcək

Büründüyüm soyuq bezim.

 

Dünyanın gözündə xaram,

Kim deyir ki, utanmaram?

Başımı dik tutammaram,

Tapdanırsa dağım, düzüm.

 

Əzməsə türkün ayağı,

Qıvrılmasa qurd tək yağı,

Qaytarmasam Qarabağı,

Qara olsun ağca üzüm.

 

  BAXDIM

 

Gələcəyə baxdım.

Gördüm yenə

düzlər dönüb gül dənizinə.

Çöllər ceyranla dolub-daşır,

dəryalar balıqla,

göylər quşla.

Buludlar yerə can verir

dirilik suyu kimi

saf, büllur yağışla.

Gördüm səma daha parlaqdır,

torpaq daha bərəkətli,

hava daha təmiz.

Amma görmədim insan necədir:

ondan yox idi heç bir iz.

 

XALİQ  BİK

 

Heç kimi nəfsimə seçmədim qurban,

Mən adət elədim bağışlamağı.

Tanrıdan ləkəsiz ürək almışam,

Niyə bulaşdırım bu təmiz ağı?

 

Qoşulub balıqçı tanışlarıma

Bir dəfə tor ilə balıq tutmuşam.

Sonra görüb quştək çırpındığını,

Ürəyim dözməyib, suya atmışam.

 

Biri gülüb mənə kinayə ilə:

“Hay-hay! Yaxşılığı balıq biləcək …”

Demişəm: “Öldürmək mənlik iş deyil,

Balıq bilməsə də, Xaliq biləcək!”

 

Həyat dəryasında mən də balığam,

Toruna düşmüşdüm bir gün əcəlin.

Yəqin, o balığın xətrinə görə

Məni xilas edib Xaliqin əli.

 

Onu da Rəbbimiz xəlq edib axı,

Onun da məqamı bizimlə təndir.

Düşmən olsan Rəbbin yaratdığına,

Bil ki, İlahi də sənə düşməndir.

 

  SON  SÖM

 

Yox, səni apara bilmərəm ora,

O məchul aləmə mən tək gedirəm.

Kiçik bir xoşbəxtlik verəndən sonra

Səni həmişəlik bədbəxt edirəm.

 

Acizik taleyin əlində sən, mən,

Eşqimiz sınağa çəkilib bizim.

Həyatda saxlaya bilməyəcəksən,

Məni ürəyində qoru, əzizim.

 

Könlündə deyib-gül mənimlə hər gün,

Nə bürün qaraya, nə ağla məni.

Torpaqda soyuqdan qorumaq üçün

Tez-tez xəyalında qucaqla məni.

 

Qəlbinin həmdəmi eləmə qəmi,

“Sən yoxsan” sözünü gətirmə dilə.

Bir canı bəxtiyar etdiyin kimi,

İndi də bir ruhu bəxtiyar elə.

 

Niyə dərd çəkəsən, sevgi sağdırsa,

O sənə həmişə nur saçacaqdır.

Əgər bu dünyada ölüm haqdırsa,

Ölməzlik özü də, inan ki, haqdır.

Şərh Yaz