“Ulduz” komediyasındakı Nargilə obrazı eyni adda tircanlı olub

Tircan İsmayıllı rayonunun ən qədim və ən böyük kəndlərindəndir. Onun mövcudluğunun yaşı, Qafqaz Albaniyası dövlətinin (637-681) mövcudluğundan çox-çox qədimlərə gedib çıxır.  Bunları söyləməyə əsas verən faktorlardan birincisi, yer toponimlərinin bu gün də görkəmli alban çarı Varaz  Qriqorun oğlu Cavanşirin adı ilə bağlı olması (Cavanşir qazmaları, Cavanşir bulağı, Cavanşir divanxanası, Cavanşir qəbiristanlığı, Cavanşir düzənliyi – təlim məşq bazası, Cavanşir qəhəlləri – at tövlələri), ikincisi bağçılıq, bostançılıq, əkin və biçin zamanı torpağın altından tapılan məişət, təsərrüfat əşyalarının tarixinin arxeoloqlar tərəfindən antik dövrə  aid edilmələridir.

Kənd, torpaq  sürüşmələri və  seysmik zonada yerləşdiyindən, dəfələrlə müxtəlif adlarla məkanını dəyişməli olmuşdur.

Bunlardan yeddisinin adı bugünki günümüzə qədər gəlib  çıxmışdır: “Xocalı”, “İkinci Xocalı”, “Soğanlıq”, “Şəmidlan”, “Xəşdöşə” (“Xalçadöşə”), “Pircan” (“Tircan”)  və müasir Tircan sonuncu dəfə 1907-ci ildə Musa dağının öz mehvərindən qopması nəticəsində batmış, 1908-ci ildə Car Nokolayın fərmanı ilə indiki əraziyə köçürülmüşdür.

Bu qədim yaşayış məskəni dəfələrlə təbiətin kor qüvvələrinin  dağıdıcı təsirlərinə məruz qalsa da, öz tarixi adət və ənənələrini, türk millətinə xas olan milli  dəyərlərini qoruyub saxlaya bilmişdir. Şamaxı Quberniyası tərkibinə sayılıb seçilən abad kəndlərdən biri olmuşdur. Məhz buna görə də 1837-ci ildə Qafqaza sürgün edilən böyük rus şairi M.Y.Lermontov həmkarı və dostu  M.F.Axundova azəri türklərinin adət-ənənəsini, dilini öyrənməyə çox maraqlı olduğunu  bildirmiş, o da böyük şair İsmayıl bəy Qutqaşınlının müşayiəti ilə qəza mərkəzi Şamaxıya, oradan da Tircana yönəlməyə müvəffəq olmuşdur. Şair burada yerli aşıq Orucun ifasında “Aşıq Qərib” dastanını dinləmiş və özünün gələcək “Aşıq Qərib” əsərinin mövzusunu əldə etmişdir.

Daha bir dünya şöhrətli yazıçı-səyyahın da Tircanlı olmasından danışardılar, ağsaqqal və ağbirçəklərimiz.

Belə ki, 1858-ci ildə, Qafqaza səyahət edən fransız yazıçısı Aleksandr Düma (ata) Bakıda xan qızı Xurşud Banu Natavanla görüşdükdən sonra,  Şamaxı və Şəki istiqamətində səyahətini davam etdirir. O vaxtın qanunlara görə səyahətə çıxan məşhur şəxsiyyətlərin atları müəyyən məsafə yol qət etdikdən sonra, daha dinc atlarla əvəzlənərdi. Belə məntəqələrə “poçt” məntəqəsi, yollara isə “poçt yolu”  deyilərdi. Bu cür məntəqələrdən biri Maçaxı kəndində yerləşdiyindən A.Düma yolüstü Tircanda dayanmış, ağsaqqalların Lermontov barəsində xatirələrini dinləmişdir (Mən bu yazdıqlarımı keçən əsrin 50-ci illərində 7-8 yaşlı məktəbli ikən 80-100 yaşlı baba və nənələrdən eşitmişdim).

Şeirlərin orijinallığı, lirikliyi və oxuculuğu ilə  müəllifinə şöhrət qazandıran rayonumuzun adını yüksəklərə qaldıran, mərhum anamın 4-cü övlad kimi qəbul etdiyi  xalq şairi Musa Yaqub da 17-18 yaşlı gənc ikən pedaqoji fəaliyyətə başlayarkən, ilk kövrək misralarını Tircanda sınaqdan keçirmişdir.

Tircan 20-ci əsrdə iki dəfə -1915 və 1918-ci illərdə ermənilər tərəfindən yandırılan nadir kəndlərdəndir. Erməni bolşevik birləşmələri tərkibində Amazapsa, Şaumyana, girdəli Əmiryan və Əmirov qardaşlarına (hər ikisi 26 Bakı komissarı olub) qoşulan malakan və İran əsilli insanların da iştirak etdikləri bu qeyri-bərabər döyüşdə mərd Tircanlılar 360 şəhid versə də, başqaları kimi ağ bayraq qaldırıb  təslim olmayıblar, zəfəranlı plov bişirib erməniləri qonaq etməyiblər.

Tircan, 27 aprel  1920-ci ildə bolşeviklər tərəfindən devrilmiş, Şərqdə ilk demokratik dövlətin başçısı  M.Ə.Rəsulzadəni gizli yolla bir günlüyə Basqala, üç günlüyə Tircana, Sərdahar və Lahıca aparıb sığınacaq verən el qəhrəmanı Molla Kamilin (o molla olmayıb, hörmət mənasında verilən addır) vətənidir.

Tircan 30-cu illərin represiyalarında onlarla, İkinci Dünya cəbhələrində 200-dən çox, müasir dövrümüzdə isə Qarabağımızın müdafiəsi uğrunda ondan çox şəhid vermiş vətənpərvərlər yurdudur.

Tircan eyni zamanda hökumətin qərar və tapşırıqlarını layiqincə vaxtında qəbul edib, əmək cəbhəsində rəşadətli hünər göstərən təsərrüfatlardan biri olmuşdur. Hələ 1930-cu illərdə kənddə  yaradılmış “Bakı fəhləsi” kolxozu, o dövrdə İsmayıllı rayonunun ən qabaqcıl təsərrüfatlarına başçılıq etmişdir. Ona görə də 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ongünlüyü zamanı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində  iştirak etmək üçün respublikadan göndərilən 20 nəfər (18 kişi, 2 qadın) nümayəndələr arasında İsmayıllı dan iki nəfər olub. Birisi İsmayıllıda məsul vəzifədə çalışan (son vəzifəsi İsmayıllı rayonu “Təbiəti mühafizə cəmiyyəti”nin sədri olmuş) Mikayılov Qarakişi İsrafil oğlu (1906-1986), digəri isə Tircan toyuqçuluq fermasının müdiri Əhmədova Nargilə Həmzə qızı (1898-1988) olubdur. (Nargilənin qızı Əhmədova Cəmilə Əhməd qızı isə həmin il respublika əhəmiyyətli sərgidə qabaqcıl sağıcı kimi iştirak edibdir).

Mərhum Nargilə xala sağlığında Moskvada “ongünlük” iştirakçıları ilə dövlət rəhbərlərinin, o cümlədən, İ.V.Stalinlə görüşündən təşkil edilmiş konsertdən ağızdolusu danışanda başqa xatirələrini də danışırdı. O, deyirdi: “Qaldığımız mehmanxana sərgi ərazisindən xeyli aralıqda idi. Çox vaxt şəhəri qrup halında dolansaq da tək-tək çıxanlar da olurdu. Belə halda geri dönərkən azanlar olurdu. Mən isə mehmanxanadan aralandıqda yollarda, binalarda nişan qoyurdum. Heç vaxt azmırdım.  Bir gün qrupumuzun rəhbəri Qarakişi məni yolunu azmış  kişilərə göstərib dedi ki, “kül olsun sizin kişi başınıza, görün heç Nargilə azır?”

Nargilə xala danışırdı ki, Bakıya dönməzdən bir gün əvvəl Leninin muzeyinə apardılar. Əli silahlı adamlar bizim ağ xalat geyinməyimizi işarə etdilər, mən xalat geyinmədim. Eləcə də, Leninin uzandığı qutunun yanından keçib çölə çıxdım.

Nargilə xala qabaqcıl təsərrüfatçı, gözəl ana, maraqlı həmsöhbət olmaqla bərabər, cəsur, qorxmaz, kişi cüssəli qadın idi. Ondan eşitdiyim bir hekayəni yazımıza əlavə etmək istəyirəm:

Təzəcə balalamış camışımız iki gün idi ki, örüşdən qayıtmırdı. Hər dəfə candan hökküldəyən xotəyə gözlərim sataşanda, gen dünya başıma daralırdı.  Onun ağzını açıb süd içirməyə də gücüm çatmırdı. Axtarmadığımız kol-kos qalmamışdı. Dalağım yamanca sancırdı. Necə ola bilərdi ki, körpə balalı heyvan  geri dönməsin?! Üçüncü gün balağımı çırmalayıb  özüm yollandım camış axtarmağa. “Şirəliy”i, “Misdən”i, “Məzgəhan”ı əldən saldım, “Dəlləryin” yerini, “Qaraçuxanı” ələk-vələk etdim. “Nohurgə”lərin kol-koslarını axtarıb “Bağburum” bağına burulanda, dərədə bir heyvan cəsədi görüm. Yaxınlaşdım, gördüklərimdən az qala havalanacaqdım, heyvanın dərisi soyulmuş, südlə dolu yelini axıb torpaqda gölməçələnmişdi. Cəsədə heç bir qurd-quş toxunmayıb bütöv qalmışdı. Bədənindən üzülməyən kəllədən yəqin etdim ki, heyvan bizə məxsusdur. O saat, uzun müddət ətraf kəndlərdən oğurluq etməkdə ad çıxaran adamlar yadıma düşdü. Başı alovlu halda neçə-neçə dağları, keçilməz qalın meşələri arxada qoyub Kəlfərəc kəndinə yollandım. Ehtmal etdiyim evə gəldim.  Ev sahibi evdə yox idi. Arvadı üz-gözümdən, təhərimdən işin nə yerdə olduğunu  başa düşüb, məni evə buraxmaq istəmədi. Onu kənara itələyib həyətə girdim. Bütün dəlmə-deşikləri axtardım. Sonuncu samanlığa keçəndə, ayağım cındır palazla örtülü çuxura düşdü. Palazı qaldırdım, aman Allah burada nələr yox idi: xalçalar, palazlar, mis qab-qacaqlar, çoxlu sayda aşılanıb qurudulmuş heyvan dəriləri və s. ətrafda isə tarıma çəkilmiş heyvan dəriləri  günə verilirdi. Ev sahibi məni ölümlə hədələsə də, ona əhəmiyyət verməyib birbaşa Basqala – NKVD-nin sahə müvəkkilinin məntəqəsinə gəldim. Gördüklərimi onlara danışdım: “Baax, sizin tuta bilmədiyiniz oğruları mən tutmuşam” – dedim. Nə isə bu işin ört-basdır edilməsi üçün mənə neçə-neçə camış, pul, ziynət şeyləri, təklif olunsa da, hamısını rədd etdim. Cinayətkarların hamısının rüsvay edilərək məsuliyyətə cəlb olunmalarına nail oldum. (Qeyd: O adamların adlarını və  kimliyini bilsəm də böyük vətən müharibəsindən dönmədiklərinə  görə  susmağı üstün tuturam).

Bəli, Süleyman Ələsgərovun baxdıqca bir daha baxmaq istədiyimiz “Ulduz” komediyasından “Nargilə” obrazı, real həyatdan götürülmüş obrazdır və o, 90 il ömür sürmüş Tircanlı Nargilə Həmzə qızı Əhmədovadır.

Vaqif  Məmmədov

Şərh Yaz