100 yaşın mübarək

 

Böyük həyat yolu keçmiş bir insan taleyidir onun taleyi. Ağır sınaqlardan çətin həyat və yaradıcılıq imtahanlarından keçib mənim babam.

Mənim dağ vüqarlı, məğrur babam… Böyüklərimizin danışdıqlarına əsasən mən babamı hər zaman şux qamətli, qartal baxışlı bir insan kimi təsəvvürümdə canlandırmışam. Həmişə onun haqqında kimsə danışanda onu alınmaz bir qala kimi xəyalımda canlandırmışam və bu gün də bir daha fəxrlə deyirəm ki, sən mənim üçün uca bir dağsan və mən sənin nəvən olduğum üçün qürur duyuram.

Sənin şərəfinə, sənin adına yazıram bu sözləri. Çünki mənim qəhrəmanım sən idin, əziz babam!

Ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsinə çox yüksək qiymət vermiş və çıxışlarından birində müəllim haqqında bele demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bəli, mənim babam müəllim idi. Onu bütün İsmayıllı rayonu tanıyırdı. O, bütün həyatını, ruhunu öz şagirdlərinə həsr etmiş, hər bir şagirdini öz doğma övladı kimi sevmişdir.

Yaşasaydı 14 avqust 2020-ci ildə 100 yaşını bütün övladlarının, nəvələrinin əhatəsində təntənə ilə qeyd edərdi.

Rüstəmov Əliabbas Bəkir oğlu 1920-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. İsmayıllı rayon Mican kənd 7 illik məktəbində təhsil almış, gənc yaşlarından fəallığı ilə seçilən gənclərdən biri olmuşdur. 1934-1936-ci illərdə Göyçay Pedaqoji Texnikumunda tarix ve coğrafiya fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra İsmayıllı rayon Mican kənd ibtidai məktəbində və Qalınçaq kənd 7 illik məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Qeyd etməliyəm ki, məktəbdə işlədiyi müddətdə təkcə şagirdlərə dərsin tədrisi ilə kifayətlənməmiş, bununla yanaşı, o dövrdəki savadsızlığı aradan qaldırmaq qarşısına qoyduğu ən vacib məsələlərdən biri olmuşdur. Təhsilini davam etdirərək, 1939-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universtetinin tarix və coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Hərbi çağırışa görə təhsilini yarımçıq qoyaraq, xidmətə yollanmışdır

Vətən doğma evin kandarından başlanır. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.

Daim ürəyində olan vətən sevgisi özünü zaman-zaman göstərərdi. Döyüşlərdə göstərdiyi şücaət və bacarığı ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmış, qəhrəmanlıqlarına görə çox zaman onlardan fərqlənmişdir.

Böyük Vətən müharibəsi başlayanda mənim babam artıq 3-cü il idi ki, hərbi xidmətdə idi.       Gözləyirdi ki, hərbi xidməti başa vurub doğmalarının yanına qayıtsın, sevimli müəllimlik peşəsini və təhsilini yenidən davam etdirsin. Əlindən gəldiyi qədər əhaliyə yardım göstərsin. Hərbi xidməti bitirməyinə az qalmış, yəni, xidmət etdiyi ikinci ilin sonunda leytenant rütbəsi almaq üçün imtahan verib ordudan tərxis ediləcəkdi. 1941-ci ilin mayında zabitlik rütbəsi almaq üçün imtahan verdi. Ancaq…..

1941-ci il iyunun 22-də səhər saatlarında top mərmilərinin uğultusuna, partlayış səslərinə yuxudan oyandılar. Bir andaca silaha sarılıb quduzlaşmış faşist Almaniyasına qarşı döyüşə girişdilər. Əliabbas Rüstəmov Vətən müharibəsinin ilk günündən ön cəbhədəki döyüşlərdə iştirak edərək bütün bu qeyri-bərabər, təpədən dırnağa qədər silahlanan düşmənə qarşı ölüm-dirim savaşında vətən uğrunda mətanətlə vuruşurdu.

Sovet dövründə – milli ənənələrə önəm verilməyən bir dövrdə  o, daima Allaha ibadət etmiş, hər zaman qəlbində Allah sevgisi olmuşdu. Ə.Rüstəmov islam dinini bütün incəliklərinə qədər bilmiş, müqəddəs kitabımız olan “Qurani-Kərim” hər zaman evinin ən yuxarı hissəsində olmuşdu. Onun bu qədər Allaha olan sevgisi hətta faşist əsirliyində olanda belə dadına çatmışdı. Əsirlikdən qaçmağa cəhd göstərdiyinə görə faşistlər onu dar ağacından asmaq istəmişdilər.  Allah adamı olduğuna, Qurana tapındığına görə edam cəzasından xilas ola bilmişdi.

Döyüşlərin birində babam Əhmədiyyə Cəbrayılovu düşməndən xilas edə bilir.  Və bu həqiqətən möcüzə idi. Sən demə, babam – Əliabbas Rüstəmov öz yerlisini – “Armed Mişel” adı ilə tanınan, əslən Şəki rayonundan olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovu xilas edibmiş. Hər ikisi öz yerlisini tapdığına görə çox sevinmiş, bundan sonra olacaq əməliyyatların bir neçəsində düşmənə qarşı birgə mübarizə aparmışlar.

Müharibə bitdikdən sonra 1946-cı ildə öz doğma vətəninə, geri qayıdır.

Ömür ulu tanrının insanlara bəxş etdiyi bir nemətdir. Ağıllı və uzaqgörən insanlar bu ömür adlanan nemətdən yaşadıqca, əllərindən gəldiyi qədər faydalanmağa çalışırlar. Əliabbas Bəkir oğlu Rüstəmov da Allahın ona bəxş etdiyi bu həyatdan layiqincə istifadə etmiş, bütün həyatını doğma xalqının, onun balalarının savadlanmasına həsr etmişdi. Müharibədən qayıtdıqdan sonra İsmayıllı rayonunun İsmayıllı, Həftəsiyab, Talıstan, Müdri, Qalıncaq, Mican kənd orta məktəblərində gənc nəslə rus dili fənnini tədris etmişdi. Pedaqoji fəaliyyətə başladığı andan rayon əhalisinin savadlanması naminə vicdanla işləməyi üçün müdriklik və səbrlə şagirdlərini öyrətmişdir. Şagirdlərinin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarığını sərf etmişdi. Uşaqların hər cür şıltaqlığına, əziyyətinə dözüb, kədəri ilə kədərlənib, sevinci ilə sevinərdi. Hər bir şagirdin yaxın dostu, sirdaşı, qayğıkeşi onların bu günü və gələcəyi üçün narahat olan, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisi olmuşdu. O, təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayıb sevinci, kədəri problemləri ilə birgə yetişdirdiyi hər şagirdinə qiymətli bir xəzinə kimi baxmış, gələcəkdə vətəninə xeyir verəcək layiqli bir vətəndaş kimi görmüşdür. Həm də öz ailəsində övladlarının savadlı yetişməsində böyük əməyi olub.

Əliabbas Rüstəmovun böyük ailə başçısı olub. Hazırda səkkiz övladı, nəvə və nəticələri var. Övladların beşi ali, üçü orta təhsillidir.

Həyatımızın bügünkü çiçəklənən, firavan, xoşbəxt günlərini görmək ona nəsib olmasa da, bu xoşbəxt həyatda nəvələri onun arzuladığı kimi elmin zirvələrinə doğru addımlayaraq babalarına layiq olmağa çalışırlar.

Yaşasaydın sən də bu gün bizimlə fəxr edərdin, mənim babam. Görərdin ki, neçə nəvən sənin yolunu şərəflə, vicdanla davam etdirir.

Ruhun şad olsun. 100 yaşın mübarək. Bu gün sənin doğum gününü xəyallarınla, sənsiz qeyd edirik.

Qasımova Vüsalə Ayaz qızı,

nəvəsi

 

     

 

 

Şərh Yaz