Respublikamızda ictimai-siyasi sabitliyin yaranmasında Heydər Əliyevin rolu                         

  

 

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş, həm də bütöv xalqlar, millətlər üçün müqəddəs və şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmiş, mübarizə aparmış, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.

XX-XXI əsrlərin qovşağında Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında isə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da  müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdır. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.  Ulu öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.

Ümummilli liderimiz Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılıb və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən –  müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Bəli, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış ulu öndər haqqında danışarkən, adətən onu bir ümummilli lider kimi səciyyələndiririk. Əslində bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanla məhdudlaşmır. O, istər sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edə biləcək proseslərə imza atmış bir şəxsiyyətdir.

Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır.

Tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır. Prezident İlham Əliyev tərəfindən ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək inkişafa nail olub. Dövlətimizin əsaslarının möhkəmlənməsi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin müdrikliyi, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olmuşdur. Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev şəxsiyyəti müasir cəmiyyətdə liderlik fenomeninin ən önəmli cəhətlərini özündə birləşdirir.

Novruz Əsədov

 

 

 

 

Şərh Yaz