Prezident İlham Əliyevin 6 iyul 2020-ci tarixdə yerli televiziyalara verdiyi müsahibədən irəli gələn məsələlər      

                 

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində qeyd olunduğu kimi, ölkəmiz pandemiyanın təsirlərini minimumlaşdırmaq üçün həm vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması, həm də səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində intensiv fəaliyyəti davam etdirir. 800 çarpayılıq xəstəxananın istifadəyə verilməsi və növbəti dövrdə daha 1300 çarpayılıq yeni modul tipli xəstəxananın istifadəyə veriləcəyi də bunu bir daha təsdiq edir. Hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır ki, bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin sərəncamı ilə son dövrlərdə tikilib.
COVID-19-un insan sağlamlığına, ölkələrin iqtisadiyyatına vurduğu zərbə göz önündədir. Hər bir  ölkə bu çətin vəziyyətdən az itki ilə çıxmağa çalışsa da reallıq tamamilə onun əksini göstərir. Statistikaya müraciət etdikdə görürük ki,  Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı 10 mindir. Hansı ki, o ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu kimi faktlar onu deməyə əsas verir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz, ən əsası xəstəlik sərhəd tanımır. Azərbaycan ilk gündən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bugünkü vəziyyətə yol açdı. Koronavirusla mübarizənin birinci mərhələsini az itki ilə sona çatdırdı.
Cənab  İlham Əliyev  koronaviruslu xəstələrin  müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin  uğurlu nəticələrindən bəhs edib. Cənab İlham Əliyev xüsusi olaraq bildirib ki,  adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür: Amma həyat onu göstərdi ki, bu, belə deyil. Bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.
Ölkəmiz ilk gündən  atdığı bütün addımlarını  dərindən təhlil etdi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının  tövsiyələrini əsas götürdü. Atılan addımlarda məqsəd təbii ki, insanların sağlamlığını, həyatını qorumaqdır. Dövlətimizin başçısı bu çağırışı edir ki, pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmaqla, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Dövlət başçımız insan amilinə  verilən dəyərdən qaynaqlanan addımları   yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində,  yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmalarının dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsində aydın görünür. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Bakının Xətai rayonunda modul tipli  hospital bu diqqət və qayğının tərkib hissəsidir. Xəstəxana komplekslərinin tikilməsi, 5-nin artıq istifadəyə verilməsi, bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılması vahid idarəetməyə və tibbi koordinasiyanın təmin edilməsinə xidmət edir. Ümumilikdə, inşa ediləcək 10  modul tipli xəstəxana kompleksi ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi “Heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Dövlətimizin başçısı İlham Əliyevin  növbəti  modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərarı məhz  gələcəyə hesablanıb. Ölkəmizin səhiyyə sistemi koronavirus xəstələrinin müalicəsinə tam imkan yaradır.  45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu kimi addımlar  bir daha dövlətimizin kompleks tədbirlərinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını, bugünümüzlə  yanaşı, gələcəyimizə də hesablandığını  bir daha ortaya qoyur. Azərbaycan öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada  dəstəkləyir, ona maliyyə yardımı göstərir.

Şərh Yaz