Məqsəd beynəlxalq həmrəyliyi daha da möhkəmləndirməkdir                             

 

2 iyun 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının Şura, İdarə heyəti, ərazi ilk təşkilat sədrlərinin və rayonun fəal gənclərinin iştirakı ilə videokonfrans vasitəsilə görüş keçirilib.  YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova gündəlikdə duran məsələnin cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsü ilə çıxış etməsi barədə olduğunu bildirib.

Çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, 04 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupununu videokonfrans vasiətsilə Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə görüşündə açılış nitqi söyləyərək bildirib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Prezident bunun Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşü olduğunu qeyd edərək ölkənin sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onun təşəbbüsü ilə aprelin 10-da COVID-19-a qarşı təşkil edilən Zirvə Görüşünü xatırladıb.

Qoşulmama Hərəkatının sədri statusunu daşıyan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, cənab Prezidentə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətsə Ermənistan olmuşdur. Bu, gözlənilən idi.  Ona görə ki, Azərbaycanın artan nüfuzu, Azərbaycanın sözünün eşidilməsi, bir işğalçı ölkə olmaqla Ermənistanı narahat edir. Bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bu da, demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir. Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir.

Zirvə görüşündə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğulayıb ki, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

Daha sonra YAP İsmayıllı  rayon təşkilatının sədr müavinləri Zaur Muradov, Taleh Salehov, YAP İsmayıllı rayon Təşkilatı Qadınlar şurasının sədri Xuraman Qurbanova, şura üzvü Hafiz Kərimov, NTQ-nun sədri Rahim Baxışov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Basqal ərazi ilk partiya təşkilatının sədri Novruz Əsədov və başqaları çıxış edərək bildirdilər ki, bu təşəbbüsün Azərbaycandan gəlməsi hər bir soydaşımızı qürurlandırır.

Zirvə  görüşü onu göstərdi ki, şura sədri olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev fövqəladə şəraitdə də öz vəzifəsini lazımınca yerinə yetirir və bu  bütün dünya üçün örnək ola biləcək birlik və eyni zamanda etibarlı əməkdaşlıq nümunəsidir. COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli zirvə görüşündə 18 bənddən ibarət bəyannamə qəbul edilib. Sənəddə hərəkat üzvlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapıb. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin növbəti qlobal təşəbbüsü pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdalığı daha da dərinləşdirəcəkdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü onun əsas qayəsinin qlobal pandemiya ilə mübarizə məqsədilə beynəlxalq həmrəyliyi daha da möhkəmləndirmək, dünya dövlətlərini bu məqsədlə birliyə dəvət etmək, bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün onları bir araya gətirməkdə olduğununun, habelə Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.

İlqar Əhmədli

 

Şərh Yaz