Yurdsevən insanların ziyarət yeri                        

 

Daşdəmirov Xəyyam Məhəmməd oğlu 2002-ci ilin fevral ayının 2-də İsmayıllı rayonunun Balik kəndində anadan olmuşdu. Ailənin ilk övladı idi. Gözaydınlığı verənlərdən: O gün olsun əsgəri borcunu verib gəlsin, toyuna gələk, – deyənlər də olmuşdu… Bu tarix 18 il  4 ay əvvələ düşür.

Vaxt, zaman sürətlə ötdü. Xəyyam məktəbə getdi. Onda Balikdə yaşamırdı onun ailəsi. Kənddə onu V sinfin şagirdi kimi tanıdıq. Çalışqan, ağıllı, sakit şagird olması ilə seçilirdi. Məktəbdə keçirilən bütün tədbirlərdə fəallığı ilə fərqlənirdi. 8-ci sinfi bitirdikdən sonra Xəyyamın ailəsi yenidən Bakıya köçdü. Bu get-gəllər ailəni halal zəhmətlə dolandırmaq istəyindən irəli gəlirdi.

Atası Məhəmməd kişi ömrünün 4 ilini səngərlərdə, Qarabağın azadlığı uğrunda döyüşlərdə keçirib və yaralanıb. Bakıda daş sexində fəhlə işləyir, anası Vüsalə xanım evdar qadındır. Qardaşı Murad hazırda Balik kənd ümumi orta məktəbinin 9-cu sinif  şagirdidir.

Xəyyam təsərrüfat işlərində  ailəsinə həmişə kömək edirdi. Doğmaları onu xoş arzularla hərbi xidmətə yola salmışdı…

İyul ayının 12-də ölkəni bürüyən acı xəbərdən İsmayıllıya, Balikə də pay düşdü. Eloğlumuz, Azərbaycan Ordusunun əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu şərəfsiz erməni hərbçilərinin artelleriya atəşləri nəticəsində yaralanıb, fədakar həkimlərimizin səylərinə baxmayaraq o şəhidlik zirvəsinə ucalıb…

Ölüm haqdır. Vətən torpağı uğrunda şəhidliyə çatmaq ölməzlik gətirən ölümdür.

Qismət olsaydı, hərbi xidmətini bitirib, ailə quracaq, səadətinə qovuşacaqdı. Amma yox… Vətən sevgisi Xəyyamı canından artıq sevdiyi torpağa, şəhidliyə qovuşdurdu. Məzarı yurdsevən insanların ziyarət yerinə döndü. Toyuna gələrik, – deyənlər: Ölməzliyin alqışlamağa, uca Yaradandan ruhuna şadlıq diləməyə gəldi…

Uyuduğun yer cənnətdir, ŞƏHİDİM!!! Allah Sənə rəhmət eləsin!

Nərmin Baxışlı,

Balik kəndi

Şərh Yaz