Yaddas kitabcasi

Məktəblilərin təlim və tərbiyəsində mütaliənin rolu                           

 

“Kitab ümman dalğaları üzərində səyahət edən və öz  qiymətli yükünü nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir”.

 

Məlum məsələdir ki, hər bir adamın özünəməxsus tərbiyə yolu vardır. Dünyanı dərk etməyə başlayan uşaq ailəyə, ailədə olan münasibətlərə öyrəndiyi kimi, ətrafda olan əşyalara da diqqət göstərir.

Danılmaz həqiqətdir ki, hər bir uşağın meyl və marağı gördüyü, dərk etdiyi əşyalara qarşı olur.

Odur ki, uşaq həyatı dərk etdiyi, maraq göstərdiyi andan valideyn övladlarında  kitaba sevgi hissini aşılamağa çalışmalıdır.

Əlbəttə, şəkilli, rəngli kitablar kiçik yaşdan uşaqların diqqətini çəkir və maraq hissləri oyadır. Məktəbə gəldiyi ilk gündən uşaq yeni bir aləmə düşür və kitablarla, dərsliklərlə səliqəli davranmağı öyrənir. Bu işdə müəllimlərlə valideynlər sıx əlaqə yaratmalıdırlar. Əlbəttə, mütaliəli uşaqlar qavrayan olmaqla bərabər,  zəngin söz ehtiyatına malik olur, yüksək intellektləri ilə fərqlənirlər. Belə uşaqlar daim axtarışda olur, fikir mübadiləsi aparmağı xoşlayırlar və  fikirlərini sərbəst  ifadə etməkdə çətinlik çəkmirlər. Belələri məktəbdə, cəmiyyətdə öz ədəb-ərkanı ilə fərqlənər, nümunəvi şagird kimi tanınarlar.

Mütaliə şagirdlərdə ixtisas seçimində də müstəsna rol oynayır. Klassiklərimizin əsərlərini oxuyan şagirdlər milli-mənəvi dəyərlərimizin qorunmasında, vətənpərvərlik ruhunda böyüməkdə, böyüklərə hörmət, kiçiklərə qayğı göstərməkdə də seçilirlər.

Bu gün dünyanı bürüyən pandemiya bizim ölkəmizdən də yan keçməmişdir. Belə  şəraitdə müəllimlərimiz onlayn dərslər təşkil etmiş, şagirdlərə yay tapşırıqları vermişlər. Lakin bugünkü şəraitdə valideynlərin də üzərinə böyük vəzifələr düşür. Onlar tətil günlərində övladlarını mütaliə ilə məşğul olmağa, ədiblərimizin əsərlərini oxumağa sövq etməlidirlər.

Təranə Məmmədova,

İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin sinifdənxaric işlər üzrə direktor müavini

Şərh Yaz