Folklor uşaqlığımızın güzgüsüdür                                            

                  

Həyatın milyon və daha artıq illərlə mövcudluğu barədə fikirlər səslənsə də, insanın o zamankı təfəkkür, yaradıcılıq qabiliyyəti, düşündüklərini ətrafdakılara çatdırmaq barədə imkanları barədə dəqiq fikir söyləmək olduqca çətindir. Buna baxmayaraq, bəllidir ki, şüurlu olması və danışıq qabiliyyəti ilə digər canlılardan fərqlənmiş, zaman keçdikcə insanlar təbiətdə baş verən hadisələrin sirrini öyrənmək, gördükləri şeylərin əlamət, keyfiyyət və mahiyyəti haqqında məlumat toplamaq, təbiətdəki qəribəlikləri başa düşmək, baş verənləri düzgün anlamaq və müşahidələrini yaradıcı şəkildə başqalarına çatdırmaqda formalaşmışlar.

Təbii haldır ki, insanlar mədəniyyətə can atmaqla ədəbiyyatını, incəsənətini büruzə verə bildiyi digər bacarıqlarını nümayiş etdirməklə daxili potensialını göstərə bilmiş ibtidai icma quruluşundan müasir dövrə qədər bəşəriyyət üçün maraqlı olan sahələr üzrə istedadını üzə çıxarmaq istiqamətində tarixi bir yol keçmişlər.

Əcdadlarımızın yazı-pozu bilmədikləri vaxtda, dəyərli sözləri nəsildən-nəsilə ötürməsi,  müxtəlif məişət əşyalarını miras kimi davamçılarına təqdim etməsi göstərir ki, insan həyata atıldığı yerdən və ya gündən heç də çox uzağa getməmişdir.

Bu gün folklor adlandırdığımız, istifadəmizə şifahi şəkildə daxil olan ədəbiyyat, mədəniyyət və incəsənət nümunələri deməyə əsas verir ki, xalqımız və Vətənimizin digər bərabər hüquqlu xalq və millətləri miras kimi qəbul etdiklərini qoruyur və dəyərləndirirlər.

Söz yox ki, istedad insanda özünü müxtəlif yaş dövrlərində, xüsusilə də  aşağı yaşlarda göstərir. Folklor həm də yetişən nəslin hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına təsir göstərir. Yalnız ideyalı bədii və xəlqi ədəbiyyat təmiz vicdanlı, güclü mənəviyyata malik, zamanın yükünü öz üzərinə götürə bilən insanlar tərbiyə edir. Yüksək ideyalılıq, bədiilik və xəlqilik Azərbaycan uşaq folklorunun da əsas əlamətidir. Uşaq folkloru ifadəsi folklorşünaslıq elminə son dövrlərdə daxil edilmişdir. Lakin uşaq folklorunun ayrı-ayrı janrlarının meydanagəlmə tarixi çox qədimdir. Bir faktı xatırlamaq kifayətdir ki, günəşə, dumana, buluda, yağışa müraciətlə oxunan nəğmələrdə, keçəl haqqında söylənən satirik şeirlərdə və laylalarda ən əski mifik təsəvvürlərin izləri hələ də qalmaqdadır.

Azərbaycan uşaq folkloru şifahi xalq yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Bəzi ədəbiyyatlarda folklorun kiçik, xırda janrları kimi qeyd olunan laylalar, oxşamalar, dilaçmalar, öyrətmələr, sanamalar, düzgülər, yanıltmaclar, çağırışlar, müraciətlər bütün zamanlarda xalq pedaqogikasının tələblərini ödəmiş və uşaq dünyasının bütün cəhətlərini şirinliyi, duzluluğu ilə əks etdirmişdir.

Xalq pedaqogikası – sözün əsil mənasında tərbiyə məsələləri üzrə zəhmətkeş kütlələrin baxış, fikir, ideya, əməli təcrübə, qanun-qayda, adət və ənənələrinin toplusudur… İnsanı nə cür bəsləməli, ərsəyə, boya-başa çatdırlmalı, kamala yetişdirməli, onlara hansı keyfiyyətləri aşılmalı, bundan ötrü nə kimi üsul və vasitələrdən istifadə etməli, hansı tələblərə əsaslanmalı, insanın inkişafını şərtləndirən amillər, tərbiyə işində kollektivin və tərbiyəçinin rolu və s. bu kimi məsələlər xalq pedaqogikasının öyrəndiyi sahələrdir.

Saydığımız tədbirlərin xalq pedaqoqları – müdrik ağsaqqallar, ağbirçəklər uşaq folkloru vasitəsi ilə həyata keçirirdilər. Bir növ uşaq folkloru onlara dərs vəsaiti rolunu oynayırdı. Buradan belə bir nəticəyə gəlmək olar ki, uşaq folkloru xalq pedaqogikası ilə eyni vaxtda və onunla əlaqədar şəkildə meydana gəlmişdir.

Xalq pedaqogikasının tarixi yazının yarandığı vaxtdan çox-çox qabaq, bəşər cəmiyyətinin meydana gəldiyi ilk dövrlərdən başlayır. Göründüyü kimi, uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır, nənələrin, bibilərin, xalaların həzin mahnısı ilə əzizlənir, anaların şirin laylası ilə uyuyur, məzəli oyunlarla, əyləndirmələrlə əl-qol açır, duzlu oxşamalarla gülür, yanıltmaclarla dil açır və beləcə həyatda mənəvi nemətlərdən ilk payını alır. Xalq poeziyası inciləri qız-gəlinlərin dodaqlarnıda misra-misra nəğməyə dönüb yırğalanan naxışlı beşiklərin taqqıltısına qarışır, bələkdəki südəmər çörpələrin yuxusunu şirinləşdirir. Ümmanlara sığmayan arzulamalar ilk addım atanda, dil açıb danışanda, çimizdiriləndə, yeyib-içəndə, geyinib-keçinəndə, oynayanda, nəhayət, əli qələm tutanda, kitab-dəftərini qoltuğuna vurub oxumağa yollananda uşaqları müşayiət edir, onların hər bir qədəmini pis nəzərlərdən, yad təsirlərdən qoruyur, hər uşağın həyat yollarına şam tutur. Bir sözlə, körpələrin sağlam, gümrah, mərd, ürəyitəmiz, vicdanlı böyümələrində el sözünün, el hikmətinin gördüyü işi ən böyük pedaqoq, psixoloq alim, tədris ocaqları, tərbiyə müəssisələri yerinə yetirə bilmir. Beləcə poetik şifahi xalq yaradıcılığı anadan olan gündən ömrünün son anınadək insanı addımbaaddım izləyir, onun məsləhətçisi, yolgöstərəni, həyat müəllimi olur.

Bəzən də məclisləri, şənlikləri, oyunları, mərasimləri bəzəyib ruhları oxşayır, insanlara sevinc gətirir. Çətin anlarda nəinki bir şəxsin, hətta bütöv bir obanın, ucu-bucağı görünməyən bir ölkənin dadına çatır, müharibələri sovuşdurur. Həmişə və hər yerdə səadətə, xoşbəxtliyə layiq olanlara təbəssüm dolu işıqlı günlər bəxş edir, yersiz kədərlənənlərin qəm karvanını dağıdır, ümid çıraqlarını sönməyə qoymur. Bu mənada xalq yaradıcılığı bulağından su içməyən Azərbaycan vətəndaşına rast gəlmək mümkün deyil. Yüksək bədiilik, hikmət, sehr, möcüzə, fantaziya düzümlü-biçimili bədii sözlə hələ beşikdə ikən böyüklərin ağzından çıxıb körpələrinə qanına, canına, iliyinə süzülür. Müdrik ulularımızın dedikləri kimi: “Uşaq ana bətnində böyüyər”. “Uşaq sözün düzünü deyər”. “Bugünkü uşaq, sabahkı qoçaq”dır. Folklor həm də uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təsir göstərir. Böyüklərin oxuduqları mahnılarla ovuna-ovuna, nağıllarla sehr, möcüzə aləminə qovuşa-qovuşa, tapmacalarla düşünə-düşünə onlar yaratmaq, söz demək həvəsinə düşürlər.

Hamımıza bəllidir ki, Azərbaycan müxtəlif millət və xalqların sülh, əminamanlıq, qarşılıqlı hörmət şəraitində yaşadığı unikal bir ölkədir. Bu keyfiyyətlər isə məktəbəqədər dövrdən başlayaraq uşaqlara tərbiyə olunur, mənimsədilir. Bu işdə valideynlər, uşaq bağçaları, məktəblərlə yanaşı kitabxanaların da üzərinə mühüm vəzifələr düşür. Uşaqların həyata atıldıqları ilk günlərdə onların  birlik və qardaşlıq ruhunda tərbiyə edilməsinin nəticəsidir ki, ölkəmizdə, xüsusilə də İsmayıllıda bu sahədə yüksək uğurlar əldə olunmuş və olunmaqdadır.

2017-ci ilin dekabr ayının 15-də rayonun Uşaq kitabxanasında  keçirilən “Azsaylı xalqların folkloru” adlı tədbir – kitabın təqdimatı oldu. Bu kitab İsmayıllıda yaşayan etnik qrupların folklorundan ibarət bir topludur.  Topluya nəzər yetirdikdə onun dəyərli bir boğça, sanki geniş bir çəmənlikdən toplanmış çicəklərin, güllərin çələngi olduğunu zənn etdik. Məlum məsələdir ki,  xalqın yaddaşında məskən salmış folklor nümunələrini tam toplamaq o qədər də asan və mümkün iş deyil. Buna görə də həmin kitab sanki bir başlanğıcdır.

Vaxtaşırı keçirilən tədbirlərin çoxu əhəmiyyət baxımından məhz bu məqsədə, uşaqlarımızın zəkalı, yaradıcı, intellektual olmasını təmin etməyə xidmət edir. Mədəniyyətimizə, dilimizə, nənə və babalarımızın ruhuna hörmət etməyi bacaran hər kəs bu istiqamətdə bacardığı köməyi etməli, xalqın ölməz sərvəti, ayrı-ayrı dillərdə danışan xalqların folkloru cəmləşdirməkdə yardımçı olmalıdır.

Mütəxəssislər hesab edirlər ki, iki və daha böyük yaş dövründə uşaqlar özləri də yaratmağa başlayırlar və həqiqi folklor incilərinin yaradıcısı olurlar. Uşaqların yaradıcılığı bütün zamanlarda böyüklərin yaradıcılığı ilə yanaşı inkişaf etmişdir, bir nəsildən başqasına ötürüldükcə bəzən yaşlılar və ya uşaqları tərəfindən dəyişdirilib cilalanmış, yeni forma və məzmun kəsb etmişdir. Məhz buna görə bir çox hallarda uşaq folkloru böyüklərə aid nümunələrin içərisinə qarışmışdır. Bu gün bir sıra yanıltmacların, düzgülərin uşaqlar, yoxsa böyüklər yaratdığını düzgün müəyyənləşdirmək çətindir. Lakin uşaqların yaradıcılığı tükənməzdir, özünəməxsusdur. Zəngin xalq yaradıcılığı xəzinəsində dil və üslub xüsusiyyətlərinə, formasına, məzmununa görə tamamilə fərqlənən elə nümunələr var ki, onlar yalnız uşaqların yaradıcılıq təxəyyülünün məhsuludur.

Beləliklə, uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilib-düzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyabaxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Uşaq folkloru iki istiqamətdə – həm böyüklərin (nağıllar, tapmacalar, laylalar, oxşamalar və s.), həm də uşaqların yaradıcılığı (dolamalar, acıtmalar, öcəşmələr, oyun nəğmələri və s.) hesabına zənginləşir. Bədbinlik, inamsızlıq, ümidsizlik, nigarançılıq, bədbinlik, kədər, faciəlilik tamamilə uşaq folkloruna yaddır. Əksinə, sevinc, fərəh, xoşbəxt gələcəyə inam, nikbin əhval-ruhiyyə, oynaqlıq uşaq folklorunun canını təşkil edir. Bir qədər obrazlı desək: Folklor uşaqlığımızın güzgüsüdür.

Uşaq folkloruna aid bədii nümunələr yalnız uşaqların dilində işlənən sözlərdən qurulur. Uşaqların başa düşmədiyi ifadələrlə və təsvir vasitələri ilə yüklənmir. Uşaqlar xoşlamadıqları oyuncaqları əllərinə götürmür, ya da tezliklə sındırıb atırlar. Ədəbiyyata, folklora münasibəti də belədir – zövqlərini oxşamayan bədii əsərləri yaddaşlarına həkk etmir, eşitmək istəmir və aralarında yayıb yaşatmırlar. Onlar oyunlarla bağlı yaranan xalq yaradıcılığı nümunələrinə daha çox meyil göstərirlər.

Ədəbiyyat və incəsənət milyonlarla adam üçün sevinc və ilham mənbəyidir, onların iradəsini, duyğu və düşüncələrini, hiss və həyəcanlarını, arzu və istəklərini ifadə edən, bəşər övladını ideyaca zənginləşdirən, əxlaqi cəhətdən tərbiyələndirib mənəvi saflığa doğru aparan vasitədir. Bu mənada Azərbaycanda uşaq folklorunun tədqiqinə böyük ehtiyac duyulur.

Şahməmməd Dağlaroğlu

şair-publisist

 

 

Şərh Yaz