Xalqımın qurtulduğu gün 

                                                          

Azərbaycanın tarixində elə günlər vardır ki, həmin günlər Azərbaycanın gələcəyi üçün önəm daşıyırdı. Belə günlərdən ən önəmlisi, tarixə və yaddaşlara əbədi yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix Azərbaycan xalqı üçün sözün əsl mənasında Qurtuluş tarixidir.

Tariximizin şanlı səhifələrinə nəzər saldıqda keçmişdən bu günümüzə qədər çətin, bir o qədər də qürurverici günlər yaşadığımızı görürük. Ölkəmizin yaşamının əleyhinə olan həm daxili, həm də xarici qüvvələrin müdaxilə, təsir gücü çox idi. Uzun müddət imperiyanın hökmranlığı altında olmuş Azərbaycan yenidən müstəqilliyə can atırdı. Müstəqilliyin əldə edəndən sonra ölkə daxilində baş verən kreslo davaları, siyasi böhran, nəhayət,  1993-cü ilin iyun ayında artıq pik nöqtəyə çatmışdı. 1991-1993-cü illər ərzində baş vermiş və ölkəni bürümüş xaosa son vermək lazım idi. Hakimiyyətdəkilər baş verənlərin qarşısında acizlik göstərir, proseslərdən nəticə çıxarmaq əvəzinə əhali arasında getdikcə nüfuzunu itirir, anarxiyaya görə ölkəni idarə edə bilmirdilər. İyun ayında baş verən daxili proseslər hakimiyyəti laxlatdı. Belə bir zamanda ağsaqqal, şəxsiyyət sözünə ehtiyac var idi. Xalqın dar gününə şərik çıxan  isə Heydər Əliyev oldu. 1990-cı ilin qanlı Yanvar faciəsində də Moskvadan uca səsini qaldıran Heydər Əliyev bu dəfə də xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Xalq özünün rahatlığını, firavanlığını, xoş güzəranını bu böyük şəxsiyyətdə görürdü.

Bəli, bu qüruru bizə Heydər Əliyev yaşatdı. O, cəsarəti, dühası, prinsipial addımları, qətiyyəti sayəsində vətənini, xalqını qurtardı. Gələcəklə bağlı planlarını xalqa elan etdi. Xalqı tez bir zamanda çətin durumdan çıxaran Heydər Əliyev ölkə daxilində sabitliyə nail oldu. Təbii ki, onun bu uğurlarına, ölkədə apardığı uzunmüddətli islahatlara qarşı çıxan, maneçilik törətmək istəyənlər də oldu. Ulu öndər özünün təmkini, biliyi, idarəçilik səriştəsi ilə onları tərk-silah etdi. Və Azərbaycanın siyasi-iqtisadi-mədəni həyatında dönüş baş verdi.

Hərbi sahəsində quruculuq işlərinə başlandı, Baş Komandan kimi Milli Ordunu formalaşdırdı. Bu da təbii ki Azərbaycanımızın öz milli mənafelərini qorumağa qadir olduğunu sübut edirdi. Ümummilli Liderin hər bir siyasi addımı Azərbaycanın  inkişafı, uğurları ilə nəticələnirdi. Azərbaycanımızın çiçəklənməsi, xoş gələcəyi naminə xarici dövlətlərlə bütün sahələrdə əməkdaşlıq cəhdləri, bağlanılan beynəlxalq müqavilələr yalnız ölkəmizi dünya miqyasında tanınmasına xidmət edirdi. Azərbaycanın tarixində şərəfli səhifələrdən biri də məhz Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuş və 1994-cü ilin sentyabr ayında imzalanmış “Əsrin müqaviləsi” oldu. Bunun ardınca siyasi və mədəni sahələrdə də uğurlar əldə edilməyə başladı. Qədim İpək Yolunun bərpası,  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi də ulu öndərin qətiyyətli siyasətinin bir hissəsidir. 12 noyabr 1995-ci ildə Konstitusiyanin qəbulu Heydər Əliyevin atdığı növbəti addımlardan biri sayıla bilər. Dahi rəhbər bununla sübut etdi ki, həqiqətən Azərbaycan müstəqildir, xalqın hüquqları daha yaxşı qorunmalıdır.

Ötən 27 il ərzində Azərbaycan böyük inkişaf yollarından keçmişdir. Ümummilli liderin əsasını qoyduğu və onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu islahatlar öz bəhrəsini verməkdədir. Bu islahatlar Azərbaycanın daha da inkişafına, qüdrətlənməsinə xidmət edir. Bu islahatlar xalqı ölkə Prezidenti ətrafında birləşməyə məcbur edir. Xalqımız əmindir ki, Heydər Əliyevin uğurlu siyasəti sayəsində başlamış və Prezident İlham Əliyevin rəhbərliyi altında davam edən hərtərəfli inkişaf Azərbaycanı irəliyə aparacaq, dünyanın güclü dövlətləri sırasında inamla addımlamağa kömək edəcək.

Fəxr edirik ki, Milli Qurtuluş gününü qürurla  qeyd edən müstəqil Azərbaycanın vətəndaşlarıyıq.

Nərmin Babayeva,

Bakı Avrasiya Universitetinin birinci kurs tələbəsi

Şərh Yaz