17 İyun – Tibb İşçiləri Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun səhiyyə işçilərinə təbriki       

                                                                Hörmətli tibb işçiləri, əziz həkimlər!

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə hər il  iyun ayının 17-si ölkəmizdə  tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Koronavirus pandemiyasına qarşı şərəflə mübarizə apardığınız çətin dövrdə göstərdiyiniz fədakarlığı və yüksək xidməti diqqətlə izləyir, uğurlarınızla qürur duyuruq.
Dünyanın inkişaf etmiş ölkələrinin epidemiya qarşısında aciz qaldığı bir zamanda möhtərəm Prezident İlham Əliyevin vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsi virusun alovlanmasının qarşısını alıb. “COVID-19”la mübarizə üçün yeni tip səhiyyə ocaqları yaradılaraq qısa müddətdə istifadəyə verilib, kadr potensialı səfərbər edilib, maddi-texniki baza möhkəmləndirilib. Bunun nəticəsi olaraq Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən ölkəmizdə görülən işlərə yüksək qiymət verilib,  cənab Prezidentə ünvanlanmış məktubda Azərbaycan pandemiyaya qarşı həyata keçirilən tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib.
Bu gün respublikamızın səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Pandemiya ölkənin səhiyyə sistemini ağır sınağa çəkərək bunu bir daha sübuta yetirir.  Prezident  İlham Əliyevin diqqət və qayğısı ilə paytaxt Bakıda və bölgələrdə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları bərpa olunur, yeni avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, maddi-texniki bazasının, kadr potensialnın gücləndirilməsi və infrastrukturunun yenilənməsi daim diqqətdə saxlanılır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanır. Onların pulsuz dərman və preparatlarla təmin olunması, müalicəsi, həmçinin regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkədə icbari tibbi sığortanın həyata keçirilməsi də səmərəli səhiyyə siyasətinin tərkib hissəsidir.
Səhiyyə sahəsindəki islahatların nəticələri İsmayıllıda da uğurla müşahidə olunur. Savadlı həkim kadrlarımız, tibb işçilərimiz çoxluq təşkil edir. İxtisaslı həkimlərə ehtiyacın ödənilməsi istiqamətində addımlar atılır, gənc həkim və digər tibb işçiləri işlə təmin olunurlar.
Əziz səhiyyə işçiləri, sizi bir daha peşə bayramınız münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayır, vətəndaşlarımızın sağlamlığı keşiyində durmaq qədər şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm!
Bayramınız mübarək olsun!

Şərh Yaz