2019-2020-ci dərs ilinin başa çatması münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun təbriki                                

2019-2020-ci dərs ilinin başa çatması münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun təbriki                                                                               

Hörmətli təhsil işçiləri, әziz şagirdlər!

Xalqımızın ümummilli lideri Heydər Əliyev böyük uzaqgörənliklə deyib: “Təhsil millətin gələcəyidir”. Tarix sübut edib ki, təhsildə inkişaf olmadan millətin və dövlətin tərəqqisi mümkün deyil. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Respublikamızda geniş quruculuq işləri aparılır, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühum proqramlar həyata keçirilir. Bu baxımdan təhsil sahəsində görülən işlər diqqətəlayiqdir.

Məktəblilərimizin son zəng tədbirinin təntənəli şəkildə keçirmələri üçün haqları vardır. Lakin koronavirus infeksiyasının yayılması səbəbindən tədbirləri onlayn formada keçirməyə məcburuq. İnanırıq ki, yaxın vaxtlarda infeksiyanın qarşısı alınacaq, digər sahələrdə olduğu kimi təhsil sahəsində də geniş tədbirlərin keçirilməsi mümkün olacaqdır.

Məktəblərdə tədris müvəqqəti dayandırılsa da, müəllimlərimiz dərslərini onlayn qaydada davam etdirməklə fədakarlıq nümunəsi göstərmişlər. Fürsətdən istifadə edib belə müəllimlərə minnətdarlığımı bildirirəm.

Rayonda tədris ili ərzində 46 tam orta, 21 ümumi orta və 9 ibtidai məktəb fəaliyyət göstərmişdir. Şagirdlərin ümumi sayı 12136, XI sinif şagirdlərinin sayı 717 nəfər olmuşdur. Rayonda 2 məktəbdənkənar təhsil müəssisəsi – Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman Şahmat Məktəbi fəaliyyət göstərmişdir.

Məktəblilərimiz və məzunlarımız uğurlu nəticələri ilə bizləri sevindirirlər. Təhsildə qazandıqları yüksək nəticələrə görə son 5 ildə rayon ümumtəhsil məktəblərinin 8 nəfər məzunu qızıl medala, 4 nəfər məzunu isə gümüş medala layiq görülmüşdür.

Tam orta təhsili bitirən məzunlarımızın 546 nəfəri ali məktəblərə tələbə qəbulu imtahanlarında iştirak etmiş, 384 nəfər uğur qazanaraq ali məktəblərə qəbul olmuşdur. Onlardan 81 nəfər 500-dən, 15 nəfər isə 600- dən yüksək bal toplamışdır. Orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sayı 167 nəfər olmuşdur.

Tələbə qəbulu imtahanlarında qazandıqları ən yüksək nəticələrə görə son illərdə rayon ümumtəhsil məktəblərinin 16 nəfər məzunu Prezident təqaüdünə layiq görülmüşdür.

Rayon məktəbləri və ayrı-ayrı müəllimləri Respublika səviyyəsində keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanmışlar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində rayonumuzun 22 məktəbi, “Ən yaxşı müəllim” müsabiqəsində isə 26 müəllim qalib gəlmişdir. Bu, Respublikanın kənd rayonlarının nəticələri arasında ən yüksək nəticə olmuşdur. Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən Təhsildə inkişaf və innovasiya üzrə qrant layihələri müsabiqəsinin 3 mərhələsində bir məktəbimiz, 11 nəfər müəllimimiz qalib gəlmişdir. İnanırıq ki, rayonun təhsil uğurları bundan sonra daha da yüksələcəkdir.

Əziz şagirdlərimiz!

Dərs ilinin başa çatması münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Sizlərə möhkəm, can sağlığı və yeni- yeni təhsil uğurları arzulayıram.

Şərh Yaz