İsmayıllıda zəbt olunmuş örüş sahələri əhalinin ümumi istifadəsinə qaytarılır 

                        

Çoxsaylı şikayətləri nəzərə alan İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonun Quşencə və Qalınçaq kəndlərində, həmçinin Pirdinar ərazisində olub və örüş yerlərini qanunsuz çəpərləmiş sakinlərlə görüşüb. Vətəndaşlara hərəkətlərinin qanuna zidd olduğu izah olunduqdan sonra çəpərlər onları çəkənlər tərəfindən sökülüb, hərəkətə maneə məqsədilə qazılmış arxlar doldurulub.

Örüş yerlərini özbaşına zəbt etmiş, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərə qanunun tələbləri izah olunub. Karantin qaydalarına əməl olunmaqla keçirilən görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak edib. Bu cür əməllərin, həmçinin bunlara şərait yaratmaq və ya göz yummağın qanuna zidd olduğu izah olunub, maarifləndirmə işi aparılıb.

Vətəndaşlara bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Torpaq məcəlləsinin 16-cı maddəsi, həmçinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

Xüsusi ilə vurğulanıb ki, cinayət məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə ayrılmış torpaq sahələrinin özbaşına hasarlanmasına görə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.

O da diqqətə çatdırılıb ki, torpaqlardan təyinatı üzrə istifadə edilməzsə inzibati xətalar məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilərlər.

Qanunsuz zəbtdən azad olunmuş torpaq sahələri təyinatı üzrə yenidən ümumi istifadəyə verilib. Bu cür özbaşınalıqların aradan qaldırılması üçün rayonun bütün yaşayış məntəqələrində qanunvericiliyə əsaslanan maarifləndirmə işi aparılacaq və bələdiyyələrin rəhbərliyi ilə yerlərdə görülən tədbirlər davam etdiriləcək.

İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru

 

Şərh Yaz