Yaddas kitabcasi

Barama yetişmək üzrədir   

                        

 

İsmayıllıda baramaçılığa maraq ildən-ilə artır. Aşıqbayramlı, Talış, Qarakolluq və Hapıtlı kəndlərinə ümumilikdə 160 qram toxum paylanılıb, 320 kiloqram məhsul gözlənilir. Bu ərazilərdə kümçülər təsərrüfatlarını cəmləşdirərək mərkəzləşmiş şəkildə fəaliyyət göstərir.  Kürdmaşıda isə 180 qram ipəkqurdundan 360 kiloqram barama istehsalı gözlənilir. İsmayıllı şəhərində də 300 qram qurddan 600 kiloqram məhsul təhvil verilməsi nəzəzrdə tutulur.

Kümçülər 20 gündür qurdları yemləyir. Baramalar üçün əkilmiş tut ağaclarının yarpaqları təsərrüfata daşınır. Barama məhsulunun hasil olmasının son günləridir.

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Paşa Məmmədov bildirir ki, rayon üzrə bütün baramaçılq təsərrüfatlarında monitorinqlər aparılır, qurdların otaq temperaturu və saxlanılması şəraiti yoxlanılır, yemlərin keyfiyyətinə nəzarət edilir.

Xatırladaq ki, İsmayıllıya 180 qutuda 3420 qram baramaqurdu toxumu paylanıb, bəslənilməsi üçün 29 inzibati ərazidə 51 kümçüyə təhvil verilib. Ötən il 150 qutudan 4 ton 205 kiloqram məhsul yetişdirildiyi halda bu il 7 tondan çox barama gözlənilir.

Bunlardan əlavə, son illər baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində 37 min tut tingi əkilib. Builki qurdların 150 qutusu, həmçinin tinglərin 26 mini Çindən gətirilib, qalanları yerli növlərdir.

Bütün işlər ölkə rəhbərliyinin göstərişlərilə, həmçinin “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Təsərrüfatın bu növünә investisiyaların cəlb olunması istiqamətində işlər gedir ki, bu da Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında qarşıya qoyulan vəzifələrdən irəli gəlir. Əsas hədəf baramaçılığın inkişafına töhfə vermək, bu sahәni yeni keyfiyyət mərhələsinə yüksəltmәk və rayonda məşğulluğun artırılmasına nail olmaqdır.

Baramalar ipək istehsalı məqsədilə Şəkiyə göndəriləcək. Baramaçılıq və ipəkçilik İsmayıllının mədəni tarixində xüsusi rol oynayır. Rayonun incilərindən olan baş örtüyü məhz ipəkdən hazırlanır. Buna sübut olaraq Basqal kəlağayısını qeyd etmək olar. Xadırladaq ki, Azərbaycan kəlağayı sənəti 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Şərh Yaz