Qloballaşma dövründə kitabxanaların rolu

“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Ulu öndər Heydər ƏLİYEV

 

Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər İsmayıllı rayonunda da davam etdirilir. Məlum tələb və tövsiyələrin ilk növbədə təhsil ocaqlarına, kitabxanalara tətbiqi dövlət tərəfindən yetişən nəslin sağlamlığına göstərilən diqqətin yüksək önəm kəsb etdiyinə əyani sübutdur.

İyun ayının 1-dən kitabxanaların tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl etməklə fəaliyyətə başlaması kitabsevərlər üçün şad xəbər oldu. Mütaliə üçün darıxmış oxucular, xüsusən də  məktəblilər yenidən kitabxanalara üz tutdular. Diqqət çəkən bu məqamı əsas tutub İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq kitabxanası bölməsində oldum və müəssisənin müdiri İnqa Namazova ilə söhbətimiz müsahibə şəklini aldı:

-Kitab bilik mənbəyidir. Bu dəyərli mənbəyi qorumaq və sevdirmək dövlət siyasəyinin mühüm istiqamətlərindəndir. Bu barədə diqqətə çatdırılacaq fikirlərinizi bilmək istərdim.

– Tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də kitabxanalardır. Təhsilimizin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, onun zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış və ona xüsusi qayğı ilə yanaşmışdır.

XXI əsrdə Azərbaycanın qlobal informasiya məkanına daxil olması kitabxana işinə də müsbət təsir göstərmiş və onun informasiya-kommunikasiya texnologiyaları ilə təminatını zəruri etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin 20 aprel 2007-ci ildə imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamına və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında fərmanına əsasən, ölkə kitabxanalarının bu istiqamətdə təminatı sürətləndirilmiş, cəmiyyətin informasiya qəbulunda tutduğu mühüm yer müəyyənləşdirilmişdir.

Fərmanda ölkəmizdəki kitabxanaların nüfuzunun yüksəlməsinə, onların imkanlarının üzə çıxarılmasına şərait yaradılmışdır.  Kitabxana sisteminin daha da inkişaf etdirilməsini, bu sahədə informasiya texnologiyalarının tətbiqini, sahənin müasir vəziyyətinin təhlil edilməsi, mövcud stereotiplərə yenidən nəzər salınması zərurətini irəli sürmüşdür.

 – Söz yox ki, zamanın, zamanla bərabər bir sıra məsələlərin dəyişməsi – yeni texnologiyaların yaranması, qloballaşma dövrünün çoxsaylı tələbləri kitaba, kitabxanaya münasibəti də dəyişmişdir. Zamanın tələblərini ödəmək olurmu?

Son illərdə nəinki informasiya məhsullarının formaları və növləri barədə, həmçinin kitab nəşri, kitabların mühafizəsi, yayılması və informasiya xidməti sahələrində bir sıra müəssisələrin rolu və funksiyaları barədə təsəvvürlər dəyişib. Komputer və telekommunikasiya mühitinin yaradılması və inkişafı kitabxana prosesinin inkişafı fonunda baş verir.

İkinci onilliyinin başa çatan XXI əsrə qlobal informasiya əsri deyirlər. Bizim ölkəmiz üçün də bu yol qaçılmazdır.

Zaman, dövr dəyişir. Yeni texnologiyalar  bütün  sahələrdə hegemonluğu ələ alır. Qloballaşma dövründə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi də zərurətdən  irəli gələnən məsələlərdən olmuşdur. Hazırda bütün dünyada əhalinin kitabxanalara marağının azalması və mütaliədən uzaqlaşması problemə çevrilmişdir. Bəzən bu, yeniyetmə və gənclərimizin zövqünün dəyişməsi, informasiya texnologiyalarına və şou proqramlara daha çox meyilli olmaları ilə əlaqələndirilir. Ancaq bir həqiqət də var ki, əgər kitabxanalarda mütaliə üçün lazımi şərait yaradılsa və oxucu ona lazım olan ədəbiyyatla təmin edilsə, o, heç vaxt oradan uzaqlaşmaz.

Bütün bunlara baxmayaraq, bu gün çoxumuzu düşündürən əsas problemlərdən biri də gənclər arasında kitaba, mütaliəyə marağın azalmasıdır. Nə üçün kitabxanalarda oxucularımızın sayı günbəgün azalır, xüsusilə yeniyetmə və gənclərimiz bu məbədgahlara gəlmək arzusunda deyillər? Bizcə, problemin əsas səbəblərindən biri kitabxanaların maddi-texniki bazasının zəifliyidir.

– Kitabxananızın maddi-texniki bazası məktəbli dostlarla münasibətinizdə  gözlənilən tələbləri ödəyirmi?

– Maddi-texniki bazası möhkəm olmayan kitabxana oxuculara yüksək səviyyədə xidmət göstərə bilməz. Kitabxanaya hər cür şəraiti olan binalarda yerləşdirilməli, bütün lazımi avadanlıqla təmin edilməlidir.

Oxucunu kitabxanaya cəlb edən başlıca amillər fondun zənginliyi, yeni kitabların və dövri mətbuatın vaxtlı-vaxtında alınmasıdır.

Son vaxtlar bu istiqamətdə bir sıra tədbirlər görülmüşdür və bu proses davam etməkdədir. Əsas məqsəd kitabxanaları informasiya məkanına çevirmək və bununla oxucuların kitabxanalarda mütaliəsini təşkil etməkdir.

Kitabxana işçilərinə münasibət də dəyişməlidir. Adətən bu peşə sahibləri hansı şəraitdə işləmələrindən asılı olmayaraq, onlara müraciət edən oxucuların müxtəlif sorğularına daim səbirlə, təmkinlə cavab verməyə, onları maraqlandıran ədəbiyyatla təmin etməyə çalışırlar. Odur ki, müxtəlif sorğulu oxuculara yüksək səviyyədə və operativ xidmət etmək üçün lazımi şərait yaradılmalıdır.

Əsas bir amili unutmamalıyıq ki, kitabxana işi nə qədər elektronlaşdırılıb avtomatlaşdırılsa da, kitabxanaçıların əməyini heç nə ilə əvəz etmək olmaz. Bu sahəyə ən müasir texnologiyaların tətbiqi işinin arxasında da məhz həmin peşə sahibləri durur. Yazılı mənbələrimizi qoruyan və onların istifadəsində əvəzsiz vasitəçi olan kitabxana işçilərinə xüsusi münasibət olmalıdır.

– Uşaqlarla işləmək səbir, təmkin və bir sıra pedaqoji, psixioloji vərdişlər tələb edir. Kitabı sevmək, qorumaq baxımından tələb və tövsiyələriniz arzuladığınız səviyyəni alırmı?

– Kitabxanalara gedən çox adam kitabların və dövri mətbuatın səhifələrinin qoparılıb çıxarıldığının, kitablarda müxtəlif yazıların və cızmaqaraların şahidi olub. Hətta elə nadir nüsxələr var ki, onları bərpa etmək olduqca çətindir və bəzi oxucular belə nüsxələri də yararsız hala salmaqdan çəkinmirlər. Yazılı mənbələrə bu cür münasibət gələcək nəsillərə xəyanətdir. Unutmayaq ki, kitablar milli-mənəvi  sərvətimizdir.

– COVİD-19 yeni növ virusun pandemiyası ilə mübarizədə tələblərdən biri də “Evdə qal, mütaliəsiz qalma” oldu. Kitaba, kitabxanaya, mütaliəyə  meyil günün tələbi ilə uzlaşırmı?

– Bu salınıza təəssüflə cavab verməliyəm. Bütün cəhdlərə baxmayaraq, bu gün çoxumuzu düşündürən əsas problemlərdən biri də gənclər arasında kitaba, mütaliəyə marağın azalmasıdır. Nə üçün kitabxanalarda oxucularımızın sayı günbəgün azalır, xüsusilə yeniyetmə və gənclərimiz bu məbədgahlara gəlmək arzusunda deyillər? Bu sual üzərində mükəmməl işləməliyik.

 

İstənilən fəaliyyət sahəsində problem və arzunun olması təbii haldır. Bu istiqamətdə deyəcəkləriniz?

–  Bu barədə bəzi məqamları bir az əvvəl də demişdim. Əsas problemlərimizdən biri kitabxanaların maddi-texniki bazasının zəifliyidir.

Bir çox kitabxanalarımız texniki vəsaitlərlə vaxtlı-vaxtında təmin edilmir. Ötən əsrdən qalmış avadanlıqlar da köhnəlib sıradan çıxmaq üzrədir. Bəzi kənd kitabxanaları şəraiti olmayan rütubətli, təmirsiz binalarda və ya otaqlarda yerləşdirilmişdir. Belə kitabxanalara lazımi vəsait ayrılmadığından texniki vasitələr, təzə kitablar da verilmir.

– Bəlkə oxucuları kitabxanalara cəlb edə biləcək bir təklifiniz vardır?

– Oxucunu kitabxanaya cəlb edən başlıca amillər fondun zənginliyi, yeni kitabların və dövri mətbuatın vaxtlı-vaxtında alınmasıdır. Dövri mətbuata əksər ailələr tərəfindən abunə olunmaması nəzərə alınmalı, hər bir kitabxananın azı 15-20 adda qəzet və jurnala abunə olunmasına təminat yaradılmalıdır. Bu kitabxana-oxucu münasibətlərinin müsbətə dəyişməsi istiqamətində atılan uğurlu bir addım olar.

– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

– Çox sağ olun!

Şahməmməd Dağlaroğlu

 

Şərh Yaz