Oqtayın ölümünə: Lətifə Əliyevadan

Hörmətli Daşdəmir müəllim, hörmətli Şahməmməd müəllim, həmişəki kimi paylaşımlarınızı – söhbət Oqtay İsmayıllı (Fərzəliyev) haqqında olan paylaşımlardan gedir – ilk oxuyanlardan biri mən oldum. Amma təsdiqi burada görünmədi: nə bəyənmə, nə də rəy yox arada. Çünki söhbət illərcə tanıdığım, uşaqlıq dostundan, məktəb yollarının yoldaşından gedəndə insan bir az kütləşir, bir az keyləşir.

Mən “qəribə uşaq”, “qəribə oğlan” – dediyim, belə tanıyıb, belə bildiyim o “qəribə insan”ın bu qəfləti gedişinə səssiz qaldım…

Bir neçə ay bundan əvvəl Oqtayı ikimizə də əziz olan əmidostum rəhmətliyin yasında gördüm… gördüm və çooox heyrətləndim: həyat dolu baxışları qeybə çəkilmişdi sanki, sanki ət və sümükdən ibarət bir yığın idi, donuq baxışları harasa dikilmişdi. Heyrətlə baxdığı səmtə boylandım: sonsuz səma, ənginliklər… öz-özümə “bu oğlanın ruhu uçub” – deyə düşündüm.

Qarabağ hadisələri, torpaqların tapdaqda qalması, cavabsızlıq, milli qeyrətsizlik onu elə sıxırdı ki: 65 yaşıma üzüqara gedirəm deyirdi. 21 may – Şuşanı ermənilərin paytaxt elan etmələri Oqtayın cismi ilə ruhu arasında gedən çəkişmənin taleyini həll etdi: Azərbaycanın hər qarışını Vətən bilən, Diyallı bilib Diyallı qədər sevən Oqtay könüllü olaraq cismini artıq çoxdan mavi ənginliklərdə əbədi, rahat məkanında qərarlaşan ruhuna təslim etdi. Kişi kimi, sözünü dedi və dediyi sözün ağası oldu: 65 yaşa üzüqara getməyi o böyük ruhuna rəva görmədi…

Oqtay yaxşı ömür-gün yoldaşı idi, yaxşı ata idi, istəkli baba idi, bacılarına ata əvəzi qardaş idi  – deyə bu qədər dözdü bu üzüqara dünyanın üz qaralarına – onlara dərd verməsin deyə. Və daha dözmədi, yoruldu, usandı, bezikdi ona hər şeyi ilə yad olan bu amansız dünyanın çəkilməz dərdlərini çəkməkdən… özü dediyi kimi, rahat, əbədi dünyasına köç edib getdi…

Ruhu ilə cismi yenidən bir oldu, birlik oldu. Ruhunla cisminin əbədi birliyi mübarək olsun, QƏRİBƏ OĞLAN!!!

Şərh Yaz