Yaddas kitabcasi

“Dünya bir pəncərədir, Hər gələn baxar gedər”

Həmişə olduğu kimi, atalarımızın sərrast ifadələrinə  heyran olmuşuq. Ancaq bəziləri üçün adi yaşamaq olsa da, həqiqi mənada dünya pəncərəsində işıqlı obrazını qoyanlar, gedişi ilə insanlığı yandırıb-yaxanlar da çoxdur. Bu günlərdə dünya pəncərəsindən son dəfə baxıb gedən işıqlı, ziyalı vətəndaş Oqtay (İsmayıllı) Fərzəliyev də belə insanlar cərgəsindədir. Onun haqqında ürək sözümü yazmaq istəyirdim. Kitablarını gətirdi. Dedi ki, sağ olsunlar, dostlarım çap etdiriblər. Ancaq yazdıqları çap etdirdiklərindən qat-qat çox idi.  Yazıları oxuduqca, ruhum göylərə pərvaz edir, bu dərinlik içində itib-batırdım. Düşünürdüm ki, ilahi bu təbdə, bu kamalda insanla  bir dünyada necə yaşamaq olar ?!

Yazdığım yazı bir çoxunu qənaətləndirsə də, bu zənginlik və kamilliyi ifadə etmək qüdrətim olmadığına görə hələ də ürəyimdə özümü qınayıram. Oqtayı səciyyələndirə bilərikmi?! Əsla yox! Yazdığım yazıda Seyran Səxavətin “Qaçaqaç” romanından düşüncələrimə yaxından aşağıdakı sözləri xatırlamışdım: “Bu yaşımda da başa düşmürəm ki, belə adamların Yerdə nə işi var? Bəlkə onları göndəriblər ki, yerdəkilərin işini sahmana salsınlar, onların üzünü Allaha sarı döndərsinlər…”

Bəli, mavi göylər kimi saf, təmiz  adam da elə mələk kimi göylərə çəkildi. Ancaq unudulmayan işıqlı obrazı qaldı. Onu tanıyanların qəlbində.

Bu səmimi və məsum insanı isə tam mənada hələ səciyyələndirə bilməmişik. Əsərləri ilə tam tanışlığımız yoxdur. İnternet səhifələrində onun haqqında yazılanların bütövləşməsinə ehtiyac var. Hələ neçə-neçə insanın qəlbində həzin xatirələr var.

Belə bir ziyalının 65 yaşını – məktəbdən ayrılacağı günü ürək ağrısı ilə gözləyirdik. Çox təəssüf ki, bu bir əbədi ayrılıq oldu.

Bu gün Oqtayın yaşını ilk dəfə onsuz qeyd edirik və deyirik:

Əbədi yaşın mübarək, unudulmaz, dəyərli insan!

Rəna Mirzəliyeva

Şərh Yaz