Əliqələmlilərimizin kitabları: MƏQSƏDLİSƏN?!

Maraqlı təşəbbüs həmyerlilərimiz Tərlan Səfərov və Elxan Qəniyevdən gəldi.

 

Əziz oxucular, bu nömrəmizdən etibarən rayonumuzun ziyalıları tərəfindən yazılan kitablar barədə məlumatları biz də sizlərlə bölüşəcəyik.

İlk olaraq, Nadir Adilmanın “MƏQSƏDLİSƏN?!” kitabı barədə:

Kitab müxtəlif yollarla inkişaf etmək istəyən, məqsədsiz və məqsədli baxışlara malik “yaxşı oğlan” və “ağıllı qız” obrazları üzərində qurulub. Məqsədli və məqsədsiz işgüzar inkişaf baxışlarına malik, eyni yaşda olan, eyni məktəbdə oxumuş, hətta universitetdə eyni ixtisasa qəbul olan iki güclü tələbə gəncin həyat tərzi qarşılıqlı müqayisə edilir və nəticə çıxarmaq oxucuların ixtiyarına verilir. İctimai rəydə “yaxşı oğlan” obrazı, “yaxşı” düşünən oğlan və qızları, “ağıllı qız” obrazı isə isə ağıllı düşünən oğlan və qızları təmsil edir.

Müəllif oxucunun hansı kateqoriyaya aid olmasını müəyyən etməyi oxucunun öz ixtiyarına buraxır. İşgüzar inkişafa laqeyd qalıb, vaxt öldürməkmi, yoxsa biznes və işgüzar inkişaf üçün önəmli addımlar atıb damalı inkişafa nail olmaqmı?!

Obrazların oxucular tərəfindən müəyyənləşdirilməsini oxucunun ixtiyarına buraxan müəllif, kitabın adının da sual və nida ilə bitməsini bununla izah edir.

Gənclərin işgüzar inkişafına kömək edəcək bu kitab çox sadə dildə yazılıb. Kitabda işgüzar inkişaflarının müxtəlif mərhələlərində olan və müəllifin də şəxsən tanıdığı şəxslərin həyatındakı real hadisələrə obrazlı şəkildə yer verilib.

Tənqidçilər və opponentlər Nadir Adilmanın bu kitabını gənclərin biznes inkişaf və işgüzar addım kitabı adlandırır.

Kitab tələbə və gənclərin ən sevimli kitabına çevrilməklə LİBRAFF mağazalar şəbəkəsində ən çox satılan kitablar sırasında öz liderliyini qoruyur.

Nadir Adilman ölkəmizdə ən çox tirajla nəşr olunan müəlliflər sırasındadır. Onun kütləvi tirajla nəşr edilən “Könüllülük: uğur formulu” (1-ci və 2-ci nəşr), “Gəncsən? Başla!” (1-ci və 2-ci nəşr) “Könüllünün öz/əl kitabı” (1-2-3-4-5-ci nəşrlər), “Biznesdə Korporativ Sosial Məsuliyyət” (1-2-3-4-cü nəşrlər), “O gələcək?!”, “Milyonçunun gündəliyi” kitablarının ümumi tirajı, 100.000 tirajı keçir.

Nadir Adilmanın son əsərləri beynəlxalq satış üçün fransız, ispan, rus, ingilis dillərində də nəşr ediləcəkdir.

Nadir Adilman ali təhsili hüquqşünasdır, hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan və xarici ölkələrdə nəşr edilən 150-yə yaxın elmi məqalənin və eyni zamanda ölkəmizdə nəşr edilən elmi monoqrafiyaların müəllifidir.
Həmyerlimiz Nadir Adilman 1977-ci ildə İsmayıllı rayonunda anadan olub. İsmayıllı şəhər 3 saylı orta məktəbinin məzunudur.

 

Şərh Yaz