Qəsəbədə şəhər mühiti

İsmayıllı rayonunun Basqal qəsəbəsində “Təmiz şəhər” layihəsinin növbəti mərhələsi olaraq “Təmiz qəsəbə” layihəsi həyata keçirilib. Bu məqsədlə qəsəbədə bir sıra abadlıq və iməcilik işləri görülüb.

Basqal qəsəbəsi tarixən qədimliyi, səfalı və gözoxşayan təbiəti, eyni zamanda əlverişli iqtisadi-coğrafi mövqeyinə görə əsrlərdən bəri xüsusi diqqət mərkəzindədir. Neçə-neçə yüzillikləri özündə əks etdirən bu diyar həm də ən qədim sənətkarlıq nümunələrini özündə birləşdirir. Basqal qəsəbəsi İsmayıllıya səfər edən həm yerli, həm də xarici qonaqların görmək istədiyi ilk yerlərdən biridir.

Məhz bu səbəbdən qəsəbəyə olan maraq insanların kütləvi səfərlərinə səbəb olur. İsmayıllı Rayon İcra Hakimiyətinin və Basqal bələdiyyəsinin təşkilatçlığı ilə “Təmiz qəsəbə” layihəsi çərçivəsində Basqalda bir sıra işlər görülüb. Piyada səkiləri kol-kosdan təmizlənib. Yolun sağ və sol tərəflərindən keçən səkilərdə insanların rahat və sərbəst hərəkət edə bilmələri üçün şərait yaradılıb. Eyni zamanda elektrik dirəklərinin sayı artırılıb və daha güclü, daha müasir işıqlanma ilə təmin edilib. Tullantıların ətrafa atılmaması üçün xeyli yerdə tullantı qutuları qoyulub.

Görülən bütün bu işlər qəsəbənin gözəlliyinə əlavə bir gözəllik qatıb. Yerli sakinlər də bu kimi iməciliklərin aparılmasından razılıqlarını bildiriblər.

Yeganə Ağayeva,

qəsəbə sakini

 

Şərh Yaz