Turizm xidmətlərini inkişaf etdirmək üçün təlimlər

İsmayıllı rayonunda turizm üzrə çalışanlar üçün ödənişsiz onlayn təlimlər keçirilir. 30-a yaxın mehmanxana və bu tip digər obyekt, həmçinin restoranlarının işçiləri canlı görüntü vasitəsilə bu sahədə xidmətlərin sirlərini öyrənirlər. Təlimlər idarəetmə, qeydiyyat-qəbul, aşpaz, ofisiant və təmizlik xidmətlərini əhatə edir. Məqsəd turizm üzrə peşəkarlığın artırılması və mövcud imkanların inkişaf etdirilməsidir. Ümumən 55 nəfərin qatıldığı təlimlər hər gün 35 dəqiqə olmaqla 1 həftə davam edib. Sonda iştirakçılar sertifikatla təmin olunublar.
Təlimçiər İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin və İsmayıllı Peşə Tədris Mərkəzinin əməkdaşları olub.
Qeyd edək ki, rayonda 30-dan çox mehmanxana və bu tip obyekt, 50-dən artıq restoran fəaliyyət göstərir.
Təlim “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən irəli gəlir.
Layihə rayon icra hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi yanında İsmayıllı Turizm İnformasiya Mərkəzinin təşkilatcılığı ilə həyata keçirilir.

R.Mirzəliyev

Şərh Yaz