“MUZEYLƏR BAHARI”

Muzey dedikdə bəzən elə təsəvvür edirlər ki, muzey obyekt, əşya və şəkillərin toplanıb saxlandığı , nümayiş etdirildiyi “sakit” bir guşədir. Belə düşünənlər şübhəsiz ki, yanılırlar. Muzeylər hər biri bir abidədir. Bu elə bir abidədir ki, tamaşaçısı ilə danışır, onu düşünməyə vadar edir, qəlbi vətən torpağı uğrunda çırpınan hər bir kəsi həyəcanlandırır. Muzey şəhiddir… Muzey şahiddir… Muzey qan yaddaşıdır, muzey mənəvi tərbiyə ocağıdır, muzey təsəlli mənbəyidir, muzey elmi araşdırma mərkəzidir.

Muzey qaynar bir insan ömrünə bənzəyir. O insan kimi sevir, kədərlənir, matəm saxlayır, keçmişə baş vurur, gələcəyin yollarını araşdırır. Tarixin müəyyən məqamlarını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən xəbər verən eksponatları komplektləşdirən, qoruyan saxlayan, öyrənən, əks etdirən maddi və mənəvi müəssisədir – Muzey.

Azərbaycan tarixində ilk rəsmi dövlət muzeyi 1919-cu ildə “İstiqlal” muzeyi adı altında fəaliyyətə başlamışdır.

Azərbaycan muzeylərinin hər il keçirdiyi “Muzeylər baharı” aksiyası böyük ideya-siyasi və mənəvi əhəmiyyətə malik hadisədir. Təbiətin ən gözəl əsrarəngiz fəsli olan bahar ürəklərdə xoş əhval-ruhiyyə yaradır, onları xoş arzular uğrunda mübarizəyə səsləyir. Xeyirxahlıq, insana məhəbbət, öz kökünə qayıtmaq, gələcəyə nikbin baxmaq, dərin düşünən şəxsiyyətlərə çevrilmək kimi duyğular aşılayır.

1980-ci ildə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın bütün rayon və şəhərlərində tarix muzeylərinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Yaradılan muzeylərdən biri də İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyidir. Muzey 1981-ci ilin aprel ayında ilk tamaşaçılarını qəbul etməyə başlamışdır. Muzey İsmayıllı tarixini öyrənmək, tədqiq etmək və yaşatmaq baxımdan böyük əhəmiyyətə malikdir. Muzeydə eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji gil, tunc, dəmir əşyalar, XVIII-XX əsrlərə aid geyim və məişət əşyaları, dulusçuluq, misgərlik, xalq tətbiqi sənəti, kənd təsərrüfatı, zərgərlik, silahlar, toxuculuq və s. aid nümunələr qorunub saxlanılır.

Muzeyimiz hər il 18 mayda “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar “açıq qapı” günü elan edir. Muzeyimizin əsas məqsədi insan cəmiyyətinin inkişafını əks etdirən maddi və mədəniyyət nümunələri, eləcə də konkret diyarın tarixinə dair qiymətli sənət nümunələrini, sənədləri, görkəmli el sənətkarlarının düzəltdiyi əşyaları, kitabları və tabloları, diyarın tarixini, etnoqrafiyasını əks etdirən əşyaları toplamaq, mühafizə etmək, öyrənmək, nümayiş etdirmək onları gələcək nəsillərə çatdırmaqdır.

Bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq 18 may “Açıq qapı” gününü virtual olaraq edirik. Muzeyimizi, orda yatan tarixi, maddi mədəniyyəti görmək istəyən hər kəsi İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin You Tube və Facebook səhifəsində muzeyimizə kiçik də olsa səyahət dəvət edirik.

Günay Əsədova,

  İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı

 

https://www.youtube.com/channel/UC2ppsEyFgkhWjpdNr0lf3Hw?view_as=subscriber

Şərh Yaz