Yoxsulam, amma həddindən artıq qürurluyam

İsmayıllı şəhər sakini Qarayeva Tamam Ağasoltan qı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçı cənab Nahid Bağırova ünvanladığı minnətdarlıq məktubunun bir surəti də redaksiyamıza daxil olub.

T.Qarayeva yazır:

 

– On günə yaxındır ki, yazıb-yaratmaqda səriştəm olsa da, Sizə yazacağım məktubla əlaqədar düşünür, götür-qoy edirəm. Təkcə İsmayıllıda, Azərbaycanda deyil, bütün dünyada bəşəriyyəti virusdan xilas etmək qarşıya məqsəd qoyulub. Ölkə Prezidentinin, Birinci vitse-prezidentin fədakarlığını ağır pandemiya dövründə özünü bir daha tam göstərdi. Bu çətin günlərdə uzaqgörən siyasətin şirin bəhrəsi, düzgün seçim olaraq Prezidentimizin sərəncamı ilə Ulu öndərin Azərbaycanın mirvarisi kimi dəyərləndirdiyi İsmayıllı rayonuna İcra Hakimiyyəti başçısı təyin olundunuz.

Möhtərəm cənab N.Bağırov!

Qeyd etdiyim bu on gündə yaradıcılıqla məşğul olur, fərdi təsərrüfatda mövsümi işlərin görülməsində fəallığımın birə-min artdığını hiss edirəm. Ağlıma gətirə bilmədiyim  bir vaxtda  Sizin, millət vəkili Novruzəli Aslanov, İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevlə birgə yaşayış üçün heç bir şəraiti olmayan “evciyim”in qapısını gülə-gülə, mehribanlıqla açmağınız, acılarımdan xəbər tutmanız  bilirsinizmi, bu on gündə mənə nə qədər nikbinlik, bəxtiyarlıq yaşadıb. İfadə olunmasına çətinlik çəksəm belə, bu səmimi, ürəkdən gələn xoş sözlərimi xalqıma, millətimə çatdırmaq istəyirəm: Allah bu diqqət və qayğıya görə Sizi heç vaxt yaddan çıxarmasın! Mənə bəxş etdiyiniz sevincin böyüklüyünü yalnız bir vaxtlar çətin anlarında xeyirxahlara tuş gələnlər anlayar. Dostlarımın, yaxşı insanların çətin işini Allah özü avand eləsin.

Hökm sürən  koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olundu. Ölkə Prezidenti “Biz birlikdə güclüyük” – dedi və “Evdə qal” tövsiyə olundu. Xalq təklif və tövsiyələri birmənalı şəkildə qəbul etdi. Dövlət aztəminatlı, sosial durumu aşağı olan vətəndaşlarının ərzaq təminatına diqqətlə yanaşdı.

Sizin rəhbərliyinizlə İsmayıllı rayonunun ən ucqar kəndlərində belə yaşayan, qayğıya ehtiyacı olan ailələrə yardımlar olundu. Bütün bunlar dövlət-vətəndaş birliyini daha da möhkəmləndirdi.

Çox sağ olun! Ünvanıma da əliboş gəlməmişdiniz. Ancaq mən Sizə iki uşağı ilə kirayədə yaşayan qonşumun məndən daha imkansız vəziyyətdə olduğunu  bildirməyi özümə borc bildim. Fikrimi böyük ürəklə qəbul etdiniz. Qonşuma da, mənə də yardım olundu.

Möhtərəm cənab Başçı, sadə və səmimi olmağınızdan tərifə ehtiyacınız olmadığı duyulur. Bununla belə, cənab Prezidentə və Milli Məclisə haqqınızda xoş niyyətlə məktub yazdım.

Sosial şəbəkə istifadəçisi deyiləm. Bu məkanın üzvləri olan tanışlarım tərəfinizdən haqqımda yazılan, deyilən xoş sözləri mənə çatdırıblar. O səbəbdən Sizə ürək dolusu minnətdarlığımı bildirirəm.

Son olaraq bildirmək istəyirəm ki, kifayət qədər yoxsulam, amma həddindən artıq qürurluyam. Həyatımın adi olmadığı kimi, ölümümün də adi olmayacağına əminəm. Mən öləndə çoxları: Tamam da dünyasını dəyişdi, – deyəcək. Odur ki, səsim çatan yerə qədər insanları mərdliklə, halallıqla yaşamağa dəvət edirəm.

Cənab Başçı, sonda Sizə bir daha minnətdarlıq edir, şərəfli işinizdə uğurlar qazanmağı, ismayıllıların sevimlisi olmağı arzulayıram.

Yəqin ki, hər nömrəsini səbirsizliklə gözlədiyim “İsmayıllı xəbərləri” qəzeti də bu yazıma səhifələrindən birində yer ayıracaqdır.

Dərin hörmətlə:

Tamam Qarayeva,

İsmayıllı şəhər sakini

 

 

Şərh Yaz