İkinci Dünya müharibəsi iştirakçıları ziyarət olunub

İsmayıllıda İkinci Dünya müharibəsi iştirakçıları Qələbənin 75 illiyi münasibəti ilə ziyarət olunub və təbrik ediliblər.

Müharibənin 4 iştirakçısına Qələbənin 75 illiyi medalları və müqəddəs Ramazan ayının başlaması münasibəti ilə ərzaq sovqatı təqdim olunub.
Bu məqsədlə Tircan kəndində 96 yaşlı Babakişi Fətullayev, Hacıhətəmli kəndində 97 yaşlı Həbullah Ağayev və Kürdmaşı kəndində 96 yaşlı Şura Namazov ziyarət olunublar.
İsmayıllı Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları müharibə iştirakçılarını təbrik ediblər. Ağbulaq kəndinin 100 yaşlı sakini Müsənnif Əhmədov hazırda Sumqayıt şəhərində yaşadığına görə, medal və ərzaq bağlaması övladı Füruzə Salmanovaya təqdim edilib. Dövlət nümayəndələri M.Əhmədovu görüntülü zəng vasitəsi ilə təbrik edib, ona xoş arzularını çatdırıblar.
Veteranlar dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildirib, ölkəmizin firavan gələcəyi naminə sağlam və uzun ömür arzulayıblar. Ərzaq bağlamalarına görə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinə də minnətdar olduqlarını deyiblər.
Xatırladaq ki, aprelin 24-də möhtərəm Prezident İlham Əliyev İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar bir sıra vətəndaşa birdəfəlik yardım verilməsini nəzərdə tutan sərəncam imzalayıb. Rayonumuzun 118 sakininə də şamil olunan sənəddə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, o cümlədən həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər nəzərdə tutulur.
Birdəfəlik yardım müharibədə iştirak etmiş şəxslər üçün 1500, digər kateqoriyalar üzrə isə 750 manat təşkil edir. Rayonumuzda birinci kateqoriyaya aid 4 vətəndaş, digər kateqoriyalar üzrə isə ümumən 114 sakin yaşayır.
Ziyarət olunmuş müharibə iştirakçıları sözügedən sərəncama görə ölkə başçısına xüsusi təşəkkürlərini ifadə ediblər.


 

Şərh Yaz