İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VİDEOKONFRANS KEÇİRİB

İSMAYİLLİ-İH.GOV.AZ saytının verdiyi məlumatda bildirilir ki, aprelin 27-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun inzibati ərazi dairələri nümayəndələrinin iştirakı ilə videokonfrans keçirib.

Rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarət, həmçinin yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və digər məsələlər konfransda müzakirə olunub.
Müzakirələrə İsmayıllı şəhəri, kənd və qəsəbələrinin icra nümayəndələri qoşulub. Rayonun rəhbəri ilk növbədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərə toxunub. Bildirib ki, möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında Heydər Əliyev Fondu tərəfindən başlanılmış ərzaq yardımı aksiyasına İsmayıllı rayonu da qatılıb. Aksiya rayonda xüsusi rejimin tətbiq olunduğu ilk günlərdən indiyə qədər həyata keçirilir. Bu müddətdə 3 mindən çox ailəyə ərzaq sovqatı paylanılıb. İşlər icra hakimiyyətinin təşkilatçılığı, xeyirxah insanların təşəbbüsü, könüllü gənclərin iştirakı ilə mərhələli şəkildə hər gün davam etdirilir. Sovqatların imkansız, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlərə, həmçinin ahıl insanlara çatdırılması təşkil olunub.
Bundan əlavə, rayonun bütün ərazisində müəssisə, mağaza və obyekt sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri və sanitar-epidemioloji normaları barədə məlumatllar çatdırılıb.
Başçı karantin rejimi müddətində rayonun vəzifəli və məsul şəxsləri tərəfindən ciddi nöqsanların baş verdiyini qeyd edib və təəssüflə bildirib ki, bu cür halların sırasında hüquqi, fiziki şəxslərə dövlət qeydiyyatından keçməmiş arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi kimi korrupsiya faktları da qeydə alınıb.
Baş verənlərdə dövlətin qanun və tələblərinə, xalqın etimadına sayqısızlıq və etibarsızlıq əlamətləri özünü büruzə verib. Söz yox ki, belələri xalq və dövlət qarşısında tam məsuliyyətləri ilə cavab verməli olacaqlar. Odur ki, rayonun dövlət qurumları, müəssisə və təşkilatlarında çalışanların hər biri bu neqativ hallardan ibrət dərsi götürməli və məsuliyyətini tam ciddiliklə bir daha anlamalıdır.
Konfransın gedişində xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərə toxunulub. Yeni qərarda nəzərdə tutulan qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılması barədə göstəriş verilib. Xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemoloji tədbirlərin icrasına nəzarəti daha da gücləndirmək tapşırılıb.
İnzibati ərazilərdə sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları, tələbləri ilə daha ciddi maraqlanmaq, eləcə də mövcud problemlərin həlli üçün vaxtında tədbir görülməsi barədə də göstərişlər verilib.
Düzgün olaraq qeyd olunub ki, əgər hər hansı ərazinin sakinləri yerində həll oluna bilən məsələ ilə əlaqədar icra hakimiyyətinin mərkəzi aparatına müraciət edirsə, deməli, orada vəzifə sahibləri və məsul şəxslər işini düzgün icra etmir, səriştəsizdir və ya məsuliyyətdən yayınır.
İnzibati ərazi dairələrində icra nümayəndələrinin nəzarətində olmayan qanunsuz tikililər və zəbtlərdən söz açan icra başçısı vurğulayıb ki, bu cür hallarla da əlaqədar ciddi tədbirlər görüləcək. Qanunazidd hərəkətlər barədə müvafiq ölçülər götürüləcək.
Müzakirə mövzusu olan məsələlərdən biri də rayonun nüfuzuna xələl gətirə biləcək bəzi əsasız, pozucu məlumatların KİV və sosial şəbəkələrdə yayılması ilə bağlı olub. Bildirilib ki, respublika əhalisi, xüsusən də İsmayıllı sakinləri hər zaman rayonda dövlət tərəfindən həyata keçirilən yenidənqurma işlərini, iqtisadi islahatları, sosial-mədəni tədbirləri izləyir, bu sahədə uğurların marağında və sorağındadır.
Təbiəti qədər saf və təmiz ruhlu ismayıllılar haqqında arzuolunmaz məlumatların təşviqi və ictimailəşdirilməsi yolverilməzdir. İcra başçısı bu mövzuda hər kəsi məsuliyyətli olmağa çağırıb.
Rayon rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icrası da konfrans iştirakçılarına tapşırılıb.
Videokonfrans əhali arasında kənd təsərrüfatının inkişafında baramaçılıq və tütünçülüyün təbliği, bu sahədə təsərrüfatların qurulması üçün yerli sakinlərə lazımi dəstəyin verilməsi barədə tövsiyə və göstərişlərlə başa çatıb.

  

Şərh Yaz