Yaxşılar unudulmur və ya yarıda qalmış arzular

1994-cü ilin fevral ayının 8-də sadə bir kəndli evində ailənin ikinci qızı dünyaya gəldi. Havaların soyuq olmasına baxmayaraq uşağa Nərgiz adını verdilər. Qayğısız, xoşbəxt uşaqlıq illəri tez ötdü. Çöhrəsi təbəssümlü, nəfəsi nərgiz qoxulu qızcığaz məktəbə getdi. Dərsə davamiyyəti, hazırlığı, səliqə və səmimiyyəti ilə az vaxtda sinif müəlliminin, məktəbli yoldaşlarının sevimlisi oldu.
Sinif müəllimi Xuraman Daşdəmirova bu gün onu məhz onda gördüyü kimi xatırlayır, haqqında göz yaşlarını silərək danışır:
Olduqca intizamlı şagird idi. Yoldaşlarına qarşı olduqca diqqətcil və qayğıkeş idi. Səliqə-sahmanı tam fərqli idi. Buna görə məktəbi bitirənədək oxuduğu sinfin təmizlik işləri üzrə cavabdehliyini o daşıdı.
Nərgiz çalışqan qız idi, sabaha, yeniliyə can atırdı. Rayondakı kompüter kursuna yazılıb, bu yeni aləmlə tanış oldu. Məqsədi çalışıb ailəyə maliyyə dəstəyi göstərmək idi. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında münasib işin olduğunu bilib, müraciət etdi. Müsahibədən keçib əmək fəaliyyətinə başladı. İşi bilməsi və işinə ürəkdən yanaşması onu qısa müddətdə kollektivin sevimlisi etdi. Onun işlədiyi sənədlər dəqiqliyi, tələblərə uyğunluğu ilə hətta çalışdığı müəssisənin paytaxtdakı mütəxəssislərini də heyrətdə qoyurdu.
Hərgizin işgüzarlığı haqqında xəstəxananın baş həkiminin müavini Abdullətif Maqsudovdan eşitdiklərim:
– Nərgiz adını eşidəndə, kövrəlməyə bilmirəm. Onun yoxluğuna inanmaq istəmirəm. İşini bacaran, məsuliyyətli, şirindil idi. Şən idi, hamını bu əhvalda görmək istəyərdi.
Qəzaya düşmə xəbərini alanda hamılıqla sarsıldıq, inanmaq istəmədik. 10 dəqiqə əvvəl gülə-gülə sağollaşıb çıxmışdı.
Onu son mənzilə yola salmaq hamımız üçün əzablı oldu. Ölümünə inanmadığın adamın dəfnində olmaq nə qədər ağır olurmuş?! Bu ölüm adi ölümlərdən deyildi. Bu, bir faciə idi…
Həkim Elçin Abbasov Nərgizi cənnət mələyi kimi xatırladığını söylədi. Bu qız çox nəzakətli, səmimi, canıyanan, işbacaran idi. Sanki cənnətdən gəlmişdi, ömrünün 24-cü bahaında elə ora da qayıtdı. Nakam arzularını da özü ilə apardı. O, bu gedişi ilə ailə üzvlərinin, dostlarının, iş yoldaşlarının, bilmədiyimiz, duymadığımız daha kimlərinsə sevincini, gülüşünü, rahatlığını da özü ilə apardı.
Faciədən bir ildən artıq vaxt keçsə də, anası Lətifənin gözünün yaşı hələ də qurumayıb. Allah heç bir anaya bala dağı çəkməsin. Bala itkisinin nə olduğunu bilənlər anlayar onun çəkdiklərini. Bu ağrı heç bir ağrıya bənzəmir. Həmin günü xatırlayıb deyir:
– O gün, Nərgiz işdən çıxanda onunla bir yerdə idim. Əvvəlkindən fərqli görüşüb ayrıldı. Məni bərk-bərk qucaqlayıb: Anacan, heç nəyin fikrini eləmə, hər şey yaxşı olacaq, – deyib getdi. Az sonra heç kəsin inanmaq istəmədiyi bir xəbər yayıldı – Nərgizin hamımızdan, həyatdan ayrılma xəbəri.
Nərgizi hamıya sevdirən nəcibliyi, xeyirxahlığı, zəhmətsevərliyi idi. İsdən qayıdanda yaşlı qonşulara baş çəkər, görüləcək işlərində köməkçi olardı. Məhəllənin yaşlı qadınlarının suyunu belə gətirərdi. Nənəsini xüsusilə əzizləyər, nazı ilə öynayardı. Təki ona xoş olsun, təki üzü gülsün. Atasını neçə dəfə Bakıya, həkimə aparıb gətirmişdi. Oğul qeyrətli qızı idi ailənin.
Nənəsi Siyarə xanım göz yaşlarını saxlaya bilmədən danışır onun barəsində. Mənə oğuldan, qızdan – hamıdan əziz idi Nəriz balam. Qulluğumda durmaq sanki ona rahatlıq verirdi. Səhhətimin qayğısına qalır, tez-tez nəyə ehtiyacım olması, ürəyimin nə istəməsi ilə maraqlanardı. Məni korluq çəkməyə qoymazdı.
Həmin gün mənimlə qeyri-adi görüşdü. Sənə nə olub dedim: Heç özüm də bilmirəm, – dedi. Qucaqlayıb öpdü və işə getdi. O gün hamı ilə sanki bir daha görüşməyəcək kimi, lap ürəkdən görüşüb. Çox qəribədir…
Cümə günü olduğundan məscidə üz tutub. Namazdan evə döndükdə gözlənilməz qəzanın qurbanı olub…
2018-ci ilin səhiyyə günündə hamıya xoş olan əmək fəaliyyəti Tərifnaməyə layiq görülmüşdü. 2019-cu ilin fevral ayının 15-də 24 illik həyatına ani diqqətsizlik üzündən nöqtə qoyuldu.
Bu yazını qələmə almaqda məqsədim dünyanı nakam tərk etmiş Nərgizimizi xatırlamaqla yanaşı, gənclərə üz tutub, onlara valideynlərini, əzizlərini gözü yaşlı qoymamaq üçün diqqətli olmağı xatırlatmaqdır.
Çərkəz Abdullayeva,
Kürdmaşı kəndi

 

 

Şərh Yaz