Həyat yolu nümunə məktəbi idi

Yaxşı insan ilk növbədə Allahın dostudur. Dostları, onu tanıyanlar haqqında danışanda, dilə gətirdikləri ilk fikir, deyə biləcəkləri ifadə məhz “yaxşı insan, gözəl ziyalı” sözləri olub.

Yaxşı insan birinci görüşdən yadda qalır, qarşı tərəfdə xoş, səmimi ovqat yaradır. O, həmişə söhbətlərində deyərdi:

– Ağıl və kamal ən qiymətli xəzinədir. Vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq yandırır. Ziyalılıq müdriklikdir, müdriklik isə xeyirxahlıqdan doğulur.

Həyatın bərkindən-boşundan çıxmış bu insan kömək, məsləhət məqsədi ilə qapısını döyən hər kəsə xeyirxahlıq əlini uzatmağı, ona dayaq durmağı yaşadığı ömür, həyatının şərəfli anı hesab edirdi.

Vaxtın dəyirmanında ovulan, ömür karvanında ötüb keçən illər bu maarifpərvər insanın saçlarına dən salıb, onu el ağsaqqalına çevirib, baba etmişdi.

Əslinə qalanda, o, gəncliyində də ağsaqqal olub. Ağaran saçları pərvazlandırıb müstəqil həyata vəsiqə alan yetirmələrindən, əziz, doğma övladlarından ona qalan yadigar idi.

Bu baharın gəlişi haqqında söhbət açdığım el ağsaqqalı, sevimli ziyalı, əqidə və mövqe sahibini Fərman Zakir oğlu Bəşirovu bizdən ayırdı.

O, 1944-cü il yanvarın 17-də İsmayıllı rayonunun İsmayıllı kəndində dünyaya göz açmışdı. Şəhərin 1 nömrəli məktəbində aldığı orta təhsil qızıl medala layiq görülmüşdü. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsini bitirmişdi. Rayonumuzun sayılıb-seçilən ziyalısı əmək fəaliyyətinə gənclər şəhəri olan Sumqayıtda başlamışdı.

1967-1971-ci illərdə Sumqayıt şəhərinin 8 nömrəli fəhlə-gənclər məktəbində fizika müəllimi işlədi. Həmin il İsmayıllıya qayıdıb və 1971-1978-cı illərdə İsmayıllı rayon qiyabi orta məktəbində, 1979-cu ildən isə şəhər 3 nömrəli orta məktəbə direktor vəzifələrində çalışdı.

Fərman Bəşirov sadə, təvazökar, mülayim, əməkdaşlara qarşı həssas və qayğıkeş münasibət göstərən, işdə son dərəcə tələbkar, vəzifə borcunu vicdanla yerinə yetirməyənlərə güzəştə getməyən bir insan idi.. Bunun dəfələrlə şahidi olanlardan biri özüməm.

1989-cu ilin dekabrında F.Bəşirova böyük etimad göstərildi. Rayonda ilk dəfə olaraq İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri olmaq üçün 19 nəfərin qoşulduğu seçki keçirildi. Fərman müəllim böyük üstünlüklə qələbə qazandı.

Böyük ənənəsi olan İsmayıllı təhsilinin inkişafı üçün Fərman müəllim ziyalılıq nümunəsi göstərdi. O, həmişə güclülər, bacarıqlılar, istedadlar üçün mayak, öz üzərində çalışmaq istəməyənlər üçün isə  keçilməz sədd idi.

Biz onu çalışdığı son iş gününə qədər belə gördük. Fərman müəllim saf, dostluqda olduqca sadiq şəxsiyyət idi. Həyatda belə insanlar az-az olur.

Bir dəfə Təhsil Nazirliyində oldum. İsmayıllıdan olduğumu bilənlərin hamısı Fərman müəllimi soruşdu, ona salamlarımızı çatdırın dedilər. Respublikada müxtəlif illərdə təlim  kurslarında, sanatoriyalarda, xəstəxanalarda, sadə insanlar arasında olanda, söhbət İsmayıllıdan getdiyi halda, Fərman müəllimi soruşanlara çox rast gəlmişəm. Yəqin ki, bütün bunlar onun dostluğa sədaqətinin, səmimiyyətinin, işgüzarlığının,  təəssübkeşliyin, nəhayətdə, alicənablığının nəticəsidir.

Fərman müəllim qətiyyətli, aydın mövqe sahibi idi. Həlledici fikir söyləmək məqamında ən doğru, düzgün yolun seçilməsi, lazımı anda cəsarət nümayiş etdirə bilməsi onun mühüm xüsusiyyətlərindən idi. 2013 ci ilin məlum yanvar hadisələrində bunun bir daha şahidi olduq. Fərman müəllim dediyi sözə sona qədər sahib durdu.

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinə Fərman Bəşirov 2004-2011-ci illərdə direktorluq edib. Bu təhsil ocağında da yeni bir ənənə, nümunəvi bir kollektiv yaradıb. Qısa müddət ərzində məktəbi respublika səviyyəli məktəblər sırasına çatdırıb. Məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin  qalibi olub.

Hazırda da bu təhsil ocağını bitirən məzunların sorağı respublikanın müxtəlif ali məktəblərindən gəlir. Rayon üzrə ən yüksək bal qazanan şagirdlər, Prezident təqaüdçüləri daha çox bu məktəbin ünvanına yazılır. Fərman müəllimin bu məktəbdə direktor işlədiyi illərdə direktorun müavini işləmiş,  Azərbaycan dili və ədəbiyyatı müəllimi Elçin Məmmədov artıq neçə ildir ki, bu estafeti uğurla davam etdirir. Onun Fərman müəllim haqqında dediklərindən:

– Fərman müəllim bizə və şagirdlərə möhkəm iradəyə malik olmağı tövsiyə edib, həmişə deyirdi ki, N.Ostroviskinin “Polad necə bərkidi”, Q.Xəlilovun “Yaşamaq istəyirəm”, C.Londonun “Həyat eşqi” əsərlərini təkrar-təkrar oxuyun. O, ustad müəllim, Vətənə bağlı böyük ziyalı idi. Xoşbəxtəm ki, onunla işləmək, ondan nəsə öyrənmək mənə də nəsib olub. Onun həyatı davamçıları üçün örnəkdir.

Ölüm xəbərinin acısını bütün kollektivlə yaşayırıq. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

Dostları Fərman Bəşirovun səmimiliyinə, sadəliyinə yüksək dəyər verirdilər. Bütün məclislərində onu görməyə alışmışdılar. Fərman müəllimin hesabl ilə, var-dövlət dost deyil, dost isə var-dövlətdir.

Onun təkcə İsmayıllı rayonunda deyil, respublikanın bütün bölgələrində dostları var. Yaxın dostlarından Cümşüd Hacıyev dərin hüzn içində onun haqqında fikir söylədi:

– Rahat yaşamaq üçün pulun, var-dövlətin yeri var. Amma insan həyatı hər şeydən qiymətlidir. Fərman müəllim heç vaxt pul qazanmaq fikrində olmayıb. Qazandığını da ailəsi, dostları üçün xərcləyib. Yüksək intellekt sahibi olan bu insanla istənilən sahədə rahatlıqla danışmaq olurdu. O, gözəl həmsöhbət kimi maraqlı insan idi. Harada çalışmasından asılı olmayaraq, o, heç zaman dostlarını unutmaz, onları daim yad edər, əlaqə saxlayardı.  O saydığım yüksək insani keyfiyyətləri ilə bizləri tərk etdi. Yeri cənnət olsun….

Yaxın dostunu itirmiş Nizami Əhmədovun da Fərman müəllim haqqında fikirlərinə bu yazıda yer ayırdım:

– Fərman Bəşirovun zəngin daxili aləmi, müsbət aurası var idi. Bir dəfə onunla müsahib olan hər kəs bu insanı yaddan çıxara bilməz. Milli-mənəvi dəyərlərə bağlılıq, yüksək mədəniyyət, alicənablıq kimi keyfiyyətlər Fərman Bəşirovun portretinə xas ştrixləri idi. Allah o dünyasını versin…

Fərman müəllim həyatda xeyirxah, işdə tələbkar ziyalı əsl vətəndaş, alovlu vətənpərvər idi. Onun bütün fəaliyyəti vətənpərvərlik mövqeyi üzərində qurulmuşdu.

Fərman müəllim yaşı ilə əlaqədar işdən uzaqlaşdırılmışdı. Az-az görünürdü. Bəlkə də hisslərə qapılıb evdə, nəvələrlə vaxtını keçirməyə çalışırdı. Həmin ərəfədə hörmətli Mirdaməd müəllim rayona İcra Hakimiyyəti  başçısı təyin olundu. O, Fərman müəllimə bir ağsaqqal kimi dəyər verdi, uğurlu işlərin başlanğıcı üçün ondan məsləhətlər aldı. Bu münasibət Fərman müəllimi yenidən cəmiyyətə qaytardı, ömrünün üstünə ömür gətirdi.

10-dan çox elmi məqalənin, metodik materialların müəllifi olan Fərman Bəşirov “Əbədi yaşayanlar”, “İsmayıllı toponimləri” və “İsmayıllı təhsil tarixindən” adlı kitabların həmmüəllifi olub. O, təcrübəli pedaqoq kimi, müntəzəm olaraq dövri mətbuatda çıxışlar edib. F.Bəşirov Azərbaycan müəllimlərinin II və III qurultaylarının nümayəndəsi olub. Qurultayda “Azərbaycan təhsilinin bu günü və sabahı” mövzusunda məruzəsi dinlənilib.

Uzun müddət Fərman müəllimlə bir yerdə çalışmış, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov onun haqqında fikirlərini bu cür açıqlayır:

– Fərman müəllim insanlığı bütün rəsmi titullardan üstün tuturdu. Onun böyüklüyü obyektivliyində və sadəliyində idi. Bu sadə insanın – Fərman Zakir oğlu Bəşirovun sıramızdan getməsi İsmayıllı ictimaiyyəti, xüsusilə təhsil işçiləri üçün böyük itki oldu. Allah ona qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun.

Tanıyanlar tərəfindən ustad müəllim, el ağsaqqalı kimi sevilən Fərman müəllim həm də mehriban ailə başçısı, üç övlad – iki oğlu, bir qız atası idi. İndi onların məram və məqsədi, övladlıq borcu Fərman müəllimin ucalıq yolunu davam etdirməkdir.

Bu yazı yaxşı bir ziyalının, həyat yolu örnək olan bir kişinin ömür kitabından özünün görüb, oxuya  bilməyəcəyi bir yazıdır. Bu yazıda Fərman Zakir oğlu Bəşirovun portretini  yaratmağa çalışdım. Əslində, onun portreti ömür vəfa etdiyi müddətə qədər əzizlərinin, doğmalarının, yaxınlarının, dostlarının, qədirbilən insanların ürəyində qalacaqdır.

F.Bəşirovun həyatı və fəaliyyəti bir nümunə məktəbi idi. Ziyalılığı, ağsaqqallığı ilə seçilən və sevilən Fərman müəllimin əzizlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, İsmayıllı rayonunun ictimaiyyəti adından onun nurlu adına Allahdan rəhmət diləyirik.

Hacıməmməd Məmmədov,

rayon Ağsaqqallar Şurasın üzvü

Şərh Yaz