Vətəndaş mövqeyi: Birlik xilasımızdır

Bəşəriyyət ağır sınaq qarşısındadır. Dünya xalqlarını ağır imtahanla üz-üzə qoyan “COVİD-19” virusu həyəcan təbili çaldı. Dünyanın bir sıra ölkələri bu virusdan əziyyət çəkir. Statistikaya görə dünyada bir milyondan artıq insan bu xəstəliyə tutulub. Ölənlər və müalicə olunanlar var.

Sərhəd tanımayan bu amansız bəla Azərbaycandan da yan keçmədi. Amma şükürlər olsun ki, ölkəmizin rəhbərliyi, şəxsən cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva məsələnin ciddiliyini qəbul edib sərhədlərin bağlanması qərarına gəldilər. Bununla bərabər “Evdə qal, sağlam qal” proqramı qəbul olundu. Mərhələli tədbirlərin görülməsi üçün qüvvələr səfərbər edildi. Belə gərgin bir ərəfədə karantin rejiminin tətbiqi də düzgün atılmış addımlardan biri oldu. Vətəndaşlarımız bu istiqamətdə atılan hər addımın, həyata keçirilən tədbirlərin insan amilinə hesablandığını yaxşı dərk edirlər.

Səhiyyə və polis  işçilərimiz gücləndirilmiş iş rejimində çalışırlar. Hər gün minlərlə vətəndaş müayinədən keçirilir. Bölgələrdə, rayon rəhbərliyinin təşəbbüsü ilə hazırlanan tibbi maskalar aztəminatlılara pulsuz paylanır, inzibati ərazi dairələrində kimsəsiz ahıllara baş çəkilir, yardımlar edilir. Bütün bunlar cənab Prezidentimizin ölkə vətəndaşlarına humanist yanaşmasının nəticəsidir.

Əziz həmvətənlərim, gördüyümüz kimi, ölkə rəhbərliyi mövcud vəziyyətdə sağlam olmağımızı daha önəmli sayır və bunun üçün çalışır. Sadə bir evdar qadın olmağımla belə, dərk edirəm ki, indiki vəziyyətdə  hörmətli Prezidentimizin səsinə səs verməli, çalışmalarının müsbət nəticəsinə dəstək verməliyik.

İnanıram ki, birlik nümayiş etdirib, karantin qaydalarına əməl etməyimizlə ölkəmizi, vətəndaşlarımızı və əlbəttə ki, özümüzü qorumuş olarıq. Çətin anlarda birlik nüamyiş etdirmək xalqın böyüklüyüdür. Unutmayaq, birlik xilasımızdır!

Çərkəz Abdullayeva,                                    

rdmaşı kənd sakini

Şərh Yaz