İsmayıllı idmanı inkişafdadır
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsində (Gİİ) bir qrup idmançı ilə tədbir keçirilib.
Gİİ-nin rəisi Taleh Salehov tədbir iştirakçılarını salamlayaraq, bayram münasibəti ilə təbrik edib. Daha sonra dövlətin, ölkə Prezidentinin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Digər sahələrdə olduğu kimi, idman sahəsində də İsmayıllının özünəməxsus yeri olduğunu vurğulayıb. Bildirib ki, 4 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev tərəfindən fərman imzalanıb və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü kimi təsis edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov və Olimpiya-İdman Kompleksinin direktoru Xamis Bədəlov çıxışlarında idmanın inkişafından danışaraq, bu sahədə çalışan müəllim və idmançıları əlamətdar gün münasibətilə təbrik ediblər.
Rayon və respublika miqyaslı yarışlarda uğur qazanmış idmançılar Gİİ-nin diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Elə həmin gün İsmayıllı Gİİ-nin kollektivi Diyallı kənd sakinini – hazırda xəstə yatan, veteran idmançı, pəhləvan Hikmət Əhmədovu ziyarət edib.
H.Əhmədov ziyarətçilərinə minnətdarlıq ifadə edib, dövlətimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan razılıq edib. Pəhləvan Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdəki uğurlu çıxışlarından danışıb. Fövqəltəbii gücü ilə çoxlarını təəccübləndirən idmançı şəfa tapacağına, yenidən idmanın inkişafına böyük dəstək verəcəyinə ümid bəslədiyini bildirib. Gİİ pəhləvan H.Əhmədovu Fəxri fərmanla təltif edib.
Elmi Məmmədli