Niyalın yamacında
(Sənədli hekayə)
Bakıda müsəlman əhaliyə qarşı ermənilərin qırğın törətməsi hamını dəhşətə salırdı. Şəhərin başbilənlərinə tezliklə hər şey aydın oldu. Belə amansız qırğını törədənlər bolşevik libası geyindirilmiş daşnaklardan ibarət silahlılardı. Onların böyüyü Stepan Şaumyandı. Şaumyanı Bakıya başçı göndərənsə bolşeviklərin rəhbəri Lenindi. Lenin Bakıda şura hökumətinin qurulmasını ona həvalə eləmişdi. O da fürsətdən istifadə edərək daşnaklara qırmızı əsgər paltarı geyindirib əllərinə silah vermiş, müsəlmanları qırmağı, varidatlarını ələ keçirməyi tapşırmışdı. Şəhərdə, necə deyərlər, qan su yerinə axırdı. Sahiblərini öldürdükləri evləri, şirkətləri, dükanları ermənilər qarət edirdilər. Onların qabağına qorxubilməz Bakı qoçuları çıxırdı. Sadə adamlar imkan tapan kimi, necə deyərlər, başını götürüb şəhərdən qaçırdı. Bakıda yaşayan lahıclı tacirlər, ustalar və fəhlələr də ata-baba ocağına pənah gətirirdilər. Baş verənlərə maraq Lahıc camaatı arasında böyük idi. Hər şeyi gözü ilə görənlərdən, şahidi olanlardan eşitmək istəyirdilər. Fəhlə Ağalı Nəzəralı oğlunun başına bazarda xeyli kişi toplaşmışdı. O dəhşətli söhbət edirdi:
– Mən bir dəstə yerlimizlə Bibiheybətdə yük körpüsündə işləyirdim. Gəmiyə pambıq yükləyirdik. Xozeyinimiz Sərxan bəy tacir idi, qoçu idi. Urusiyətə pambıq göndərirdi. Ermənilər qəfildən bizə atmağa başlayanda Sərxan bəy özünü itirmədi. Körpüdə səngər düzəltdirdi, oradakı kişilərə tüfəng verdi, patron payladı. Aramızda bərk atışma düşdü. Bizimkilər cəsarətlə vuruşurdu. Hər iki tərəfdən ölənlər, yaralananlar oldu. Yanımdakı can verəndə “bir sürü külfətim acından qırılacaq, Allah ermənilərə lənət eləsin” – dedi. Qısası, ermənilər qabağımızdan qaçdılar.
Ağalı nəfəsini dərəndə kiminsə hövsələsi çatmadı:
– Sonra nə oldu, hə, danışsana.
– Hava qaraldı. Daşnaklar qayıda bilərdi, böyük dəstə ilə. Cığırlarla qaçıb Bibiheybət dağını keçdik. Altı nəfər idik. Birtəhər özümüzü Heybət stansiyasına çatdırdıq. Sanqaçala qədər piyada getdik. Bizdə can qalmamışdı. Stansiya rəisindən nə vaxt qatar olacağını xəbər aldıq. Gürcü rəis vəziyyətə görə çox rahatsız görünsə də bizi sakitləşdirməyə çalışdı:
– Səbriniz olsun, gözləyin, qatar gələsidi. Sizi də mindirib yola salaram. Mən də ailəmə görə qorxuram. Var-yoxumuzu soyub aparmaları cəhənnəmə, arvad-uşağa toxunarlar, öldürərlər. Bunlardan hər cür layiqsizlik gözləməyə dəyər. Bizdə şair İlya Çavçavadze vardı, böyük adam olub. O deyirdi ki, ermənilər Qafqaza gəldilər, özləri ilə bəla gətirdilər.
Mən soruşdum:
– Çoxmu gözləməliyik?
Rəis:
– Eh, birini bilirsiz, o birini yox. Bir yandan da şahsevərlər basqın ediblər. Ələt stansiyası yaxınlığında qabaqlarına çıxanları soyublar. Bilmirsən özünü kimlərdən qoruyasan. Hövsələniz olsun, hökmən gələsidi.
Ağalı öskürərək söhbətinə davam elədi:
– Çarəmiz yoxudu, gözlədik. Qatar da gəldi, şahsevərlər də. İnsafən, şahsevərlər nə bizə, nə də rəisin ailəsinə toxunmadılar. Onlar qatar maşinistini vadar edib yaxınlıqdakı erməni dəstəsi olan yerə sürdürdülər. Quldurları qırmağı bacardılar. Silah-sursatlarını götürüb qayıtdılar. Biz vaqona minib Ələtə getdik. Oradan yolumuza piyada davam elədik. Zor-bəla ilə gəlib Ağcaqabula yetişdik. Aclıq bir yandan bizi üzürdü, erməni silahlılarının qəfil hücumunun qorxusu da o biri yandan. Bir baqqal bizi dükanında gizlətdi. Allah ata-anasına rəhmət eləsin.
Söhbətə qulaq asanların heç səbri yox idi. Bəziləri Ağalının nəfəsini dərməsini, udqunmasını belə istəmirdilər. O söhbətini bir anlığa dayandıranda kimisi nəsə deyirdi, kimisi də sir-sifətini turşudurdu. Beləliklə də onu söhbətini başa çatdırmağa tələsdirirdilər. O hamını anlayırdı, söhbətinə ara verməməyə çalışırdı.
– Sonra Qarasuya gedən torpaqdaşıyan yük vaqonuna mindik. Düşürtmək istədilər, qırmancla döydülər. Dözdük, başqa əlacımız yoxudu. Yalvarıb-yaxardıq. Gəlib çatdıq Kürdəmirə. Gəncəli İsmayıl bəyin dəstəsi də buraya gəlmişdi, Şamaxıya gedirdi, köməyə. Ac-yalavac olduğumuzu biləndə bizə adambaşına bir çörək verdilər. Kağız da verdilər ki, yolda bizi saxlamaq istəyən olmasın. Onlara dua elədik. Piyada getdik Ağsuya, oradan da zülmlə qalxdıq Basqala. Basqallılara başımıza gələnləri söylədik. Bizə pendir-çörək verdilər, çay içdik. Özümüzə gəldik.
Ağalının sifətində xoşluq yarandı, hətta, gülümsəmək də istədi, bacarmasa da.
– Onlara “sağ olun” deyib yolumuza davam elədik. Gecəyarısı Niyal dağını aşdıq. Yolda Lahıca nə qədər qaçqın axışdığının şahidi olduq. Evimizə çatanda ayaqlarımızın altı cadar-cadar idi. Bədənimizdə can qalmamışdı. Di gəl ki, daşnakların əlinə keçmədiyimizə görə Allahımıza şükür eləyirdik.
O söhbətini başa vurub rahatca nəfəs aldı. Həmyerliləri ona baxır, onun və yol yoldaşlarının halına acıyırdılar.
Min doqquz yüz on səkkizinci ilin aprel ayı idi. Hələ yerdə qar görünürdü. Buğdanın yetişməsinə, ağacların bar verməsinə çox qalmışdı. Lahıcın azuqə ehtiyatı tükənmişdi. Aclıq, səfalət baş alıb gedirdi. Yollar erməni quldurları ilə dolu idi. Taxıl, ərzaq gətirilmirdi.
Xəbər çatdı ki, daşnaklar Şamaxını və kəndlərini talan edib yandırıblar. Şamaxıda yaşayan lahıclılardan canını bir təhər qurtara bilib, qaçıb gələnlər nələr danışmırdılar? Komandir Stepan Lalayan oğlan-qız uşaqlarını arxa-arxaya bağlatdırıb güllələtdirirmiş, ikisini bir güllə ilə. Körpələri analarından alıb yerə atır, təpiyin altında əzişdirirmişlər. Şamaxının gözə dəyən əhalisini qırıblar. Adamların qaçıb gizləndiyi Allah evinə – məscidə od vurub onları diri-diri yandırıblar. Allah bunlara lənət eləsin. Amin! Sonra bölünüblər iki dəstəyə. Biri Lahıca gəlir. Ermənilər burada varlıların olduğunu, müsəlmanların çox yaşadığını bilirlərmiş.
Söhbətə qulaq asanlar eşitdikləri dəhşətləri camaat arasında yaydılar. Lahıcın bir neçə canısulu ahılları yerli cavanlardan könüllü dəstələr yaratdılar. Silahlanıb İsmayıllı, Maçaxı və Şamaxıya yola düşdülər.
Zəvərö məhəlləli tacir Məşədi Cəfərqulunun qulağına nəsə çatanda Ağalını evinə dəvət elədi. O, ikimərtəbəli, üstü dəmirli evin üst mərtəbəsindəki balaca otağa girəndə orada iki nəfər oturmuşdu. Onlar Lahıcın nüfuzlu sakinləri zəvərölü sahibkar Hacı Ələsgər, bir də Kərbəlayi Süleymanbəy Səfərəlibəyov idi. Salamlaşarkən Hacı diqqətlə, Kərbəlayı isə sol əlinin şəhadət barmağı ilə bığlarını tumarlayaraq gözaltı ona baxdı. Onun diqqətinisə süfrədəki şirniyyat, mürəbbələr daha çox cəlb elədi. O, süfrə arxasında bardaş qurub əyləşəndə ona da çay gətirildi. Ayaq üstə durmuş ev sahibi ona çay içməyi, şirniyyatın dadına baxmağı təklif elədi. Yerində əyləşib Ağalıya üz tutdu:
– Səni dəvət eləməkdə məqsəd ermənilərin törətdiklərindən nələr gördüyünü, eşitdiyini bizə ətraflı danışmağını istəməyimizdi. Buyur, aramla, bircə-bircə hamısını söylə, səni dinləyirik.
Ağalı diqqətini cəmləyib danışsa da, gözü süfrədə qalmışdı. Belə adamların yanında süfrəyə əl uzatmağa hələm-hələm cəsarət eləmədi. Onu diqqətdə saxlayan ev sahibi anladı və bir daha ona yeyib-içməyi təklif elədi. Cəsarətlənən Ağalı süfrəyə əl uzatdı. O danışsa da fikri əsasən yediklərində, başqalarınınkı isə eşitdiklərində idi. Söhbətini bitirdikdə onu sorğu-suala tutdular. O gedəndən sonra üçlük eşitdiklərini müzakirə edib bir də toplaşmaq fikrini irəli sürdülər.
Şəhərcikdə qalmış sayılıb-seçilən ağsaqqallar, savadlılar, tanınmış ustalar Məşədi Cəfərqulunun evinin ikinci mərtəbəsindəki böyük otağa toplaşdılar. Yeddi məhəllənin hamısından və Lahıcdan kiçicik çayla ayrılan Ərəgit kəndindən nümayəndələr vardı. Ərəgit əslində elə Lahıcın davamı, onun bir məhəlləsidi. Gözlənilən xəta-bəladan neçə xilas olmaq haqda müzakirə açdılar.
Ev sahibi sözünə belə başladı:
– Ölkədə hökumət yoxdu, – dedi, – özbaşınalıqdı. Kimin nəyə gücü çatırsa, kefi nə istəyirsə onu da eləyir. Camaatımızın kömək umacağı yeri yoxdu. Özümüzə arxalanmalıyıq. Allaha şükür olsun ki, silah düzəltməkdə ustalarımız bacarıqlıdı. Lazımınca silah düzəltməliyik. Ən bacarıqlı ustalarımız əllərindəki işi qırağa qoyub təcili silah qayırmağa başlamalıdı. İmkanlılar var-yoxunu ortaya qoymalıdı. Cavanlarımızısa səfərbər eləyib savaşa hazırlamalıyıq. Lahıc mahalının otuz iki para kəndini də unutmamalıyıq. Onların gözü bizdədi. Lahıc ermənilər qarşısında sınarsa, o kəndlərin camaatı ev-eşiklərindən didərgin düşər. Lahıcı ermənilərə verməyə haqqımız çatmır.
Məşədi Cəfərqulunun söylədikləri müzakirəyə toplaşanların ürəyincə oldu.
Almaniya universitetində texniki təhsil almış müəllim Rəsul Rəhimli qətiyyətlə:
– Xəbərimiz var, Bakıda qarışıqlıqdı. Bizimkilər müstəqil Azərbaycan dövləti yaratmaq istəyirlər. Bolşeviklərsə Rusayada etdikləri kimi bizdə də şura hökuməti qurmağa çalışırlar. Onlara çox şeyimiz gərəkdi, amma hər şeydən öncə neftimiz. Məqsədə çatmaq xatirinə daşnaklardan da istifadə edirlər. Biz hökmən top düzəltməliyik, – qətiyyətlə məsləhət bildi, – daşnaklardan ibarət ordunu qırmızılar əməlli-başlı silahlandırıblar. Ermənilər üstümüzə həmin silahlarla gəlirlər. Bu işdə kömək eləməyi boynuma götürürəm. Ən bacarıqlı ustaları top işinə cəlb edək. Bu işi sonraya qoymayaq, elə bu gündən başlayaq.
Top hazırlanması təklifini hamı bəyəndi.
Şəhərciyin varlı-hallı və nüfuzlu ağsaqqallarından olan Hacı Ələsgər təklifini sual halında verdi:
– Maraqlıdı, topumuza güclü bomba hazırlamaq mümkündümü?
Hacı Ələsgərin sualı toplantı iştirakçılarının diqqətini ciddi cəlb elədiyindən otaqdakıların gözləri ona dikildi. O fikrini tamamladı:
– Neçəyə başa gələcəyindən rahatsız olmayın, məbləğ ödəniləcək.
Otağa sükut çökdü. Adamlar bir-birinə baxdılar. Sualın müsbət cavabı hamı üçün dəyərli idi. Onlar təmkinli görünsələr də əslində intizarda idi. Hər biri səbirsizliklə cavab gözləyirdi. Nəhayət ki, düşüncəli görünən müəllim Həsən Rəhimli:
– Yəqin ki, mümkün olar, – bildirərək inamlı səsi ilə sükutu aradan götürdü, – mən bu haqda düşünərəm.
Kərbəlayi Süleymanbəy Səfərəlibəyov bığını sol əlinin şəhadət barmağı ilə sığallayaraq:
– Ustalarımız həm də tüfəng, qılınc düzəltməlidilər, – təklif elədi, – bilmək olmaz davamız necə keçəcək. Biz hər cür savaşa hazırlıqlı durmalıyıq.
Məşədi Cəfərqulunun yezinəsi tacir Məşədi Fərzi söz aldı:
– Mənim də məsləhətim var, bəlkə işimizə yarıdı. Lahıcın ətrafında səngər qazımaq, orada gecə-gündüz növbə çəkmək məncə, işimizə kömək olardı.
Kərbəlayi Süleyman bəy:
– Əlbəttə, Məşədi, səngər də qazılacaq, pusqu da qurulacaq. Ehtiyatsızlıq bizə baha başa gələ bilər. Bunları da edəcəyik, hökmən. Bu haqda danışacaqdım, sən məni qabaqladın.
Başqaları da sözünü dedi, rəyini bildirdi. Toplantı xeyli çəkdi. Toplananların hər biri ayrı-ayrılıqda və hamısı birlikdə erməniləri Lahıca buraxmamaqda qətiyyətli idi. Nə edəcəklərini öz aralarında razılaşdırdılar. Hər kəsin üzərinə düşən vəzifəsi aydınlaşdı. Toplantı başa çatmaq üzrə idi. Gözlərdə ümid işıltısı peyda olmuş, alınlardakı qırışlar azca da olsa açılmışdı. Murodun məhəlləsinin sakini, imkanlı və işgüzar ağsaqqallardan biri sayılan mülkədar Məşədi İbadulla indiyədək sussa da deyilənləri diqqətlə dinləyirdi. O, ayağa qalxdı:
– Bizə kömək edə biləcək adamları tapmışıq. Yaxınlarda buğda, şəkər gətiriləcək. Ustaların ailələrinin də payı çatdırılacaq. Əlləri işdən soyumasın.
Bu xəbər lap yerinə düşdü. Toplantı iştirakçılarının qırışları bir az da açıldı və onlar ümidlə dağılışdı.
Məşədi İbadulla evinə yaxınlaşıb darvaza qapısını açmağa əlini uzadanda qapı içəridən açıldı. Böyük oğlu Məşədi Ələkbər həyətdən çıxmaq istərkən atası ilə üzləşdi. O, ayaq saxlayıb qapını tutdu və atasını içəri buraxdı. Atası:
– Ermənilərin qarşısını almağa tədbir hazırlanır. Kimsə kənarda qalmamalıdı. Sən də maliyyə yardımı göstərməlisən.
– Baş üstə, Məşədi, – cavabıyla Məşədi Ələkbər atasını arxayınlaşdırdı.
Dəmirçi emalatxanalarında gecə-gündüz ocaqlar alov saçır, zindanlara dəyən çəkic və gürzlərin səs-sədası kəsilmirdi. Biri tüfəng, digəri qoşalülə, başqası qılınc hazırlayırdı. Bacarıqlı ustalardan sayılan Məhəmmədrza Ərəgit kəndindəki emalatxanasında top hazırlayırdı. Layihəni Rəsul müəllim vermişdi, işə də özü rəhbərlik edirdi. Toplar üçün xüsusi bombalar Həsən müəllimin təklifi ilə düzəldilirdi. Lahıc ustalarının emalatxanalarındakı hazır təklülə, qoşalülə, beşatılan, qılınc, xəncər, qalxanların sayı günü-gündən çoxaldığından onları anbarlara daşıyırdılar.
Tüfəng, qılınc hazır olduqca bütün ailələrin – varlıların da, ortababların da, kasıbların da cavanları və orta yaşlıları məşq edirdilər. Məşqlər ciddi aparılırdı. Məşq edənlərin arasında hündürboylu, gümrah yeniyetmələr də vardı. Cavanlara, yeniyetmələrə daşnakların Bakıda, Şamaxıda törətdikləri amansızlıqlardan danışılmışdı. Lahıclıların məğlub olacağı təqdirdə həmin amansızlıqları şəhərcikdə də törədəcəklərini başa salmışdılar.
Qoşalülədən sərrast atanların ən yaxşılarından biri Ağalı idi. Kimsə vaxt var ikən ona qılıncla, xəncərlə savaşmağı öyrənməyi də məsləhət bildi:
– Cavansan, gümrahsan, öyrən, köməyinə çatar. Vaxt itirmə.
Ağalının həmin silah növlərinə həvəsi olmasa da məsləhəti ağıllı saydı, qulaqardına vurmadı. O, düşmənin amansızlığı haqda təkcə eşitməmişdi, həm də öz gözləriylə görmüşdü. Qılıncdan başladı. Ağsaqqal təlimçi çox tələbkar idi. Güzəştdən əsla söhbət gedə bilməzdi. Sonra xəncərə keçdi. Ufff, necə də ağır imiş qılınc, xəncər işi. Hayıf deyilmi tüfəng? Gülləni doldurursan, hədəfi nişanlayırsan, tətiyi çəkirsən. Vəssalam, şüttamam. Düşməni göndərirsən cəhənnəmə. Ağalı belə düşünsə də əzmkarlıqla məşq edirdi.
Qadınlar, uşaqlar ikinci mərtəbədəki eyvanlara, damlara irili-xırdalı çay daşları yığıb doldurmuşdular. İşdi ermənilər Lahıca girə bilsələr, daşa bassınlar. Şəhərciyin ətrafındakı bağ, bostan, otlaq və zəmilərdə çoxlu səngər qazılmışdı. Hər yerdə gecə-gündüz növbə çəkilirdi.
Hazırlıq işlərinin gedişi haqda əhali məlumatlandırılır, ruh yüksəkliyi, düşmən üzərində qələbəyə inam aşılanırdı. Buna baxmayaraq rahatsızlığı camaatın qəlbindən birdəfəlik çıxarıb atmaq mümkün deyildi.
Topun düzəldilməsi xəbəri şəhərcik əhalisini çox sevincək elədi, qələbəyə inamı möhkəmləndirdi. Rəsul müəllim, usta Məhəmmədrza və Həsən müəllim topu, bombanı sınaqdan çıxarmağa tələsdilər. Ağsaqqallar da bunu istəyirdilər. Sınağın uğurlu keçəcəyinə hamı ümidini bağlasa da, bunu gözləri ilə görmək, əmin olmaq vacib idi.
Şəhərciyin kişiləri, cavanları Niyal dağına, Cəfələ çayının qırağındakı “Qadağa” deyilən boş zəmiyə toplaşdılar. Məşədi Cəfərqulunun evindəki toplantının iştirakçıları da zəmidə idi. Top və bomba sınaqdan keçiriləcəkdi. Həsən müəllim Hacının dediyinə əməl etməklə yanaşı, bombaya dəmir və mis qırıntıları, qırma da qatmışdı. Yaxşıya ümid bəsləyənlər, yaxşını arzulayanlar az olmasa belə hamının ürəyi həyəcan içində çırpınırdı.
Düzəltdiyi topun yanında dayanmış usta Məhəmmədrza layihənin müəllifi olan Rəsul müəllimə baxdı. Zəmiyə toplaşanların hamısının fikri, diqqəti topda idi. Rəsul müəllim ciddiləşib qətiyyətli səslə:
– Vur getsin, – deyə Məhəmmədrzaya bombanın fitilini yandırmağa icazə verdi.
Fitil yanıb topa çatanda güclü gurultu qopdu. Qorxanlar, diksinənlər nə qədər idi. Bu gurultu Niyal dağında böyük əks-səda yaratdı. Partlayışın zərbəsindən top havaya qalxdı. Havada topun lüləsi gövdə-sindən qopub ayrıldı. Gövdə ilə lülə bir-birindən xeyli aralı düşdü. Qəlpələr də irəliyə səpələndi. Belə gözlənilməz hadisədən tamaşa edənlərin bir hissəsi qorxuya düşdü, kimilərindəsə şübhə oyandı. Sevinənlər də oldu. Bəli, bu cür partlayışı sınağın uğuru kimi qəbul edənlər vardı. Hacı Ələsgər nurani üzündəki gülümsər gözlərini Həsən müəllimə çevirdi. Duruxsunmuş Həsən müəllim ona baxırdı. Hacı sağ əlinin dörd barmağını bükərək baş barmağını qaldırdı. Müəllimin qaşları arasındakı düyün açıldı və o, Hacıya yaxınlaşdı. Hacı onun əlini sıxdı:
– Ermənilərə atanda da belə partlayış baş versə Əmiryan ölənəcən Lahıcı unutmayacaq.
Hər şeyi diqqətlə müşahidə edən və topun bu cür partlamasından çaş-baş qalmış Ağalının intizarı Hacı ilə müəllimin söhbətini eşitcək qeyb oldu.
Böyük top və güclü bomba düzəldilməsi xəbəri tezliklə Lahıc mahalına yayıldı. Xəbər tutanlar sevinclə, fərəhlə bir-birinə gözaydınlığı verir və xəbərsizlərə bu haqda danışırdılar. Ermənilərin basqın edəcəkləri halda əhalinin özünü qoruya biləcəyinə ümid daha da artdı.
Komandir Arsen Əmiryanın hərbçi quldur dəstəsi müqavimət göstərməyə gücü olmayan Basqalı asanlıqla talan edib basqallıları qırandan sonra bir az da qudurdu. Lahıcda daha çox var-dövlət ələ keçirəcəklərini, xeyli artıq müsəlman əhalini qıracaqlarını gözləri önünə gətirdi. Əmiryanın kefi qalxmışdı. Lahıca ultimatum göndərdi ki, əhali müharibəsiz təslim olsun, əks təqdirdə onlar üçün məşəqqətli keçəcək.
Lahıcın ağsaqqalları Əmiryanın təklifinə rədd cavabı göndərdilər. Əmiryan bərk qəzəbləndi. Üzünü hərbçilərinə tutaraq:
– Siz bu lahıclılara baxın, – hədələyici səslə çığırdı, – mənə – Əmiryana “yox” deməyə necə cəsarət edirlər? Gedək, onlara göstərək. Amansız olun. Qabağınıza çıxanları qırın, böyük-kiçikliyinə baxmayın. Əlinizə keçənləri qapazlayın, oradan ağlasığmaz qızıl, var-dövlət gətirəcəyik. Çoxlu müsəlmanı qanına qəltan edəcəyik. Çıxarkən hər evi, emalatxananı, dükanı, məscidi yandırın. Bizdən sonra Lahıc külə dönməlidi. Atlanın, gedirik!
Erməni silahlıları Niyalın yamacına gəldilər. Lahıca girmək üçün yeganə dolanbac cığırla dağa çıxmaq lazım idi. Ermənilər ətrafı diqqətlə gözdən keçirdilər. Ətrafda sıldırım qayalar idi. Qayaların birində nazik cığır nəzərə çarpırdı. Bu cığırla təcrübəli çarvadarlar, bir də illərlə burada dırnaq sındırmış güclü atlar qalxıb enə bilirlər. Bu dolanbacı at üstündə keçmək mümkün deyil. Buranı adamlar addım-addım qalxıb-düşürlər. Çox vaxt da atın quyruğundan yapışırlar ki, yolun iki tərəfindəki uçuruma yuvarlanmasınlar.
Bu yerlərə bələd olmayan Arsen cığıra dırmanmağı hərbçilərinə əmr elədi. Onun süvariləri, piyadaları irəli getdi, amma dırmana bilmədilər. Uçuruma yuvarlanan da oldu, geri qayıda bilən də. Buna baxmayaraq komandirin əmrinə tabe olub irəli getməyə cəhd edənlər hələ vardı.
Topçuların başı üstündə durmuş dörd nəfər – Hacı Ələsgər, Məşədi Cəfərqulu, Kərbəlayi Süleymanbəy və Rəsul müəllim erməniləri diqqətdə saxlayır, məsləhətləşirdilər. Onların birgə məsləhətiylə lahıclı topçular Niyalın yuxarısına qaldırdıqları topları düşmənə sarı tuşladılar. Bombaların fitilini alışdırdılar. Bombalar bir-birinin ardınca partladı. Hərbçilərə elə gəldi ki, eşitdikləri gurultu ilə yanaşı həm də ayaqları altındakı torpaq parça-parça olur. Havaya qalxan toplar paralandı. Paraların hərəsi bir tərəfə düşdü. Quldurların canını qorxu aldı. Atları hürkdü. Atlar da, atdan yıxılanlar da uçuruma yuvarlanırdı. Bu, həqiqətən dəhşətli mənzərə idi. Əmiryan atını geri döndərib o ki var, qamçıladı. Onun atı var qüvvəsi ilə götürüldü. Komandirin arxasınca digərləri qaçmağa başladı. Yamacda erməni cəmdəkləri, at leşləri qalmışdı.
Niyala toplaşmış şəhərciyin camaatı sevinirdi. Kimi qaçan hərbçiləri fitə basır, kimi çığır-bağır salırdı. Biri əl çalır, başqası gülürdü. Əli tüfənglilər havaya güllə atırdılar. Ağalı da qoşalüləsini boşaltdı. Qucaqlaşanlar da vardı, bir-birinin əlini sıxanlar da.
– Bizə böyük xoşbəxtlik nəsib oldu, camaatımız qarşısında üzümüz ağdı, – Məşədi Cəfərqulu düşündüyünü dilinə gətirəndə fərəh hissi keçirən yanındakıların da kimisi gülümsəməklə, kimisi də başının hərəkətiylə onun fikrini təsdiqlədilər.
Bir dəstə cavan atını Lahıca tərəf çapdı. Hərəsi öz məhəllə camaatına gözaydınlığı verməyə tələsdi. Ağalı qonşusunun atını istədi. O isə atdan düşmədi. Belə şad xəbəri özü çatdıracağını bildirdi və atını hər iki ayağıyla vurub şəhərciyə üz tutdu.
Xoşbəxtcəsinə gülümsəyən Hacı Ələsgər şəhadət barmağı ilə ermənilərin qaçdığı yola işarə edərək Həsən müəllimə:
– Erməniləri qovmağı bacardıq, – dedi, – amma, erməni xislətinin nə olduğunu yaxşı anlayırıq. Onlar torpaqlarımıza köçürüləndən bəri bizimkilərə qarşı neçə dəfə qırğın törədiblər, havadarlarına arxayındılar. Ermənilərin, necə deyərlər, dabbaqda gönünü də tanıyırıq. Zaman gələcək, ermənilər onlara bu gün dəstək verən ruslara dişlərini qıcıyacaqlar. Onda biz rusların halına baxarıq.
– Bəli, elə gün gələcək, – deyə müəllim Hacı ilə razılaşdı, – mən də inanıram. Sadəcə, ermənilərin özlərini tutmalarını, yeni havadarlar tapmalarını gözləmək lazımdı. O vaxt ermənilər ruslara hürəcəklər.
Atasıyla yanaşı dayanmış kövrək qəlbli Məşədi Ələkbər qələbəyə uşaq kimi sevinərək onu kürəyindən qucaqladı:
– Bu, həqiqətən böyük işdir. Təkcə Lahıcı deyil, mahalı qorumağı bacardıq.
– Vaxtında tərpəndik, varımızı ortaya qoyduq, nəticəsi budu, – Məşədi İbadulla oğluna dedi.
Kərbəlayi Süleyman bəy:
– Atalar demişkən, güc birlikdədir, – deyib Rəsul müəllimin ona tərəf uzanmış əlini sıxdı, – Arsenin qulağını burduq.
Ağalı cavanların əhatəsində durmuş Hacını görəndə Məşədi Cəfərqulunun evindəki söhbəti xatırladı. Gülümsər üzlə dərhal ona yaxınlaşdı:
– Biz erməniləri qovduq, arvad-uşağın qabağında üzümüz ağdı, sağ olun, Hacı, – deyib baş əydi.
– Sən də sağ olasan ki, vaxtında Lahıca qayıdıb təhlükədən bizi agah elədin.
Camaat şəhərciyə piyada qayıdanda artıq hamı qələbədən xəbərdar idi. Ağalı həyətə qəhrəman kimi girdi. Çiynində tüfəng, belində qılıncla xəncər olan bu döyüşçü əllərini qaldıraraq qarşısına çıxan arvadına:
– Dığaları qovduq, – qürurla bildirdi, – iti qovan kimi qovduq. Kaş görəydin, onlar neçə qaçırdı.
– İnanıram sənə, – arvadı xoşbəxtcəsinə gülümsədi, – Bakıdan buraya boş-boşuna qayıtmamışdın ha. Tüfəngi, qılıncı elə-belə öyrənmirdin ha.
Yorulub taqətdən düşən daşnak hərbçilər neçə dağ arxasında dincəlməyə dayandılar. Kimsə topdan söz açdı, bu söhbət uzandı. Əmiryanın köməkçilərindən biri həyəcanlandı:
– Rus ordusunda döyüşmüşəm, almanların təzə silah növlərinin partlayış səslərini eşitmişəm, amma beləsinə rast gəlməmişəm.
Söhbətə diqqətlə qulaq asan Əmiryan:
– Hə, mənə də elə gəlir ki, bunlarınkı təzə bombadı. Deyirlər, lahıclılar çox varlıdılar. Yəqin hardansa təzəsini alıb gətiriblər.
Rəsul Rəxşanlı