“DAĞ ÇİÇƏKLƏRİ“

Həyata elə bax, onu elə sev…

 

Yaxşı yaşamağın, yaxşı olmağın,

Yolu, nəticəsi ağıldan keçir.

Hərə taleyini, ömür yolunu,

Güvənə bildiyi ağılla seçir.

 

Gücünə bələd ol, sabahını qur,

Xeyir əməlindən sən də bəhrələn.

İnsanı bəzəməz dövlət, zər-ziba,

Gözəl əməllərin nuruna bələn.

 

Səhər doğan günəş axşam batacaq,

Gəncliyin qüdrəti ömrə təməldir.

Gənclik əldə ikən, ondan bərk yapış,

O, səni qaldıran, ya yıxan əldir.

 

Sağlamsan, güclüsən, budur səadət,

Bu varı xərcləmə boş yerə, hədər.

Zəiflər, acizlər qalar arxada,

İrəli güclülər, qorxmazlar gedər.

 

Vaxtı boş ötürmə, inamla yaşa,

Məqsədin oxunu çatdır hədəfə.

Həyata elə bax, onu elə sev,

Fərz et, ilk görüşdür, sonuncu dəfə.

 

Qəzəl

“Başını top eyləgil, gir vəhdətin meydanına,
Ey könül, müştaq isən gər zülfünün çovkanına“.

İ.Nəsimi

 

Başını qoruma gir sən də haqqın meydanına,
Uyma, şair, dünyanın iblisinə, şeytanına.

Əyri dünya özü kimi əyib səni, sındırır,
Qoyub mizan-tərəziyə ver canı ehsanına.

 

Susub durdun, bəsdi daha, haqqın danıldı, getdi,
Çevrildin əyriliyin sən neçə yol qurbanına.

Əzəlindən belə gəldi, düzəlmədi bu dünya,
Olmadı heç qiymət verən ağlına, ürfanına?

 

…Gəncliyi də xəyal etmə, gedən getdi qayıtmaz,
Eh, axtarma, daha çatmaz əllərin reyhanına.

Üzün ağdı Haqq yanında, qoy utansın bu dünya,
Sən ki, dönük çıxmamısan əhdinə-peymanına.

 

…Özbaşına deyilmiş, yox, ərşi, fərşi dünyanın,
Yaranandan bağlı imiş, əlbət ki, rəhmanına.

Kimisinə şəkər verib, zəhər edənmiş demə,
Kimisinə zəhər verib, döndərən dərmanına.

 

…Kimsə istəməz, yəqin, qurdla qala qiyamətə,
Hər yaşında insan gərək şükr edə sübhanına.

Nazir Ziya, qəm yemə ki, əlin boşdu dünyada,
Sağ olsun, kim qiymət versə könlünün mərcanına.

Nazir Ziya Talıstanlı

lmədi

 

Bu dünyanı çox dar gördüm,

Heç ruhuma düz gəlmədi.

Hər üzünü astar gördüm,

Astarına üz  gəlmədi.

 

Ömrüm dönüb heçə keçdi,

Heç bilmədim necə keçdi.

Hey uzanıb gecə keçdi

İşıqlı gündüz gəlmədi.

 

Ölüm tez qondu başına,

Yaş axıtdım başdaşına.

Anamın əlli yaşına

Əlli ötdü, yüz gəlmədi.

 

Şər qonşudan çəkdi başım,

Təzələndi qan yaddaşım.

Par- par yandı patrondaşım,

Üstünə giliz gəlmədi.

 

Yolum həsrət uzunluqda,

Dincəlmişəm yorğunluqda.

Yandı qəlbim çılğınlıqda,

Dodağıma söz gəlmədi.

 

Mən əvvəlki yuxalıqda,

Ucuzlaşdım bahalıqda.

Ölüb getdim tənhalıqda,

Qəbrim üstə düz gəlmədi.

brayıl Hüseyn

 

l

 

Necə xoşdur yaşamaq dostanə deyirlər,

Tək özünçün yaşasan, əfsanə deyirlər.

 

Gündə yüz gül qoxuyarsa kəpənək,

Şəm eşqinda yanarsa, pərvanə deyirlər.

 

Nə gözəl təşbehi vardır darağın,

Yar zülfün darasa, zülfüşanə deyirlər.

 

Hər “gözlər axan” məclisə meyxanə demə,

Məbədi-ürfanlara meyxanə deyirlər.

 

Ta əzəldən müdrikə aqillər danəndə,

Feyz görməsə, cahillər divanə deyirlər.

 

Fizuli, şər ram olmadı – ellər havalandı,

Səbəbdir – xalqıma “şairanə” deyirlər.

Fizuli Zərnəvalı          

 

Gəlsin

 

Gözlər gözümün qarəsi bir cüt gözü,gəlsin,
Milyon gözə baxmam,alagözlüm özü gəlsin.

 

Heç həndəvərindən yel olub yarın əsəmməz,
Dünya gözəli tacını almış yüzü gəlsin.

 

Hərgah mizanın bir gözünə yar teli atsam,
Ağır gələcək, digərinə yer üzü gəlsin.

 

Söz verdisə,yəqin bilirəm,söz tutacaqdır,
Mən razıyam, ismarıc ilə bir sözü gəlsin.

 

Tərlan, qara zindandı bu aləm mənə onsuz,
Bitsin gecəsi, ömrümün ağ gündüzü gəlsin.

Tərlan Saleh

 

Bayatılar

 

Rəng verib almağım var,

Açılıb, solmağım var.

Namərdlərdən ötəri

Pisdən pis olmağım var.

 

Çiçək zərif, gül incə,

Yanaşdım gülə incə.

Fələk elə döydü ki,

Zülüm çəkdim gülüncə.

 

Çəkəm, daşıyam yükü,

Duyam, yaşayam yükü.

Boş getdi gəmi, qatar,

Qoymadı qoşam  yükü.

 

Tanıyır üzdən məni,

Qoymayır gözdən məni.

Alıb dəryaz ağzına,

Biçibdir düzdən məni.

 

Avandına, tərsinə,

Avandı nə, tərsi nə?

Tək indi deyil axan,

Çox görüb təri sinə.

 

Anasız,  gəzən mənəm,

Məcraya düzən mənəm.

O vaxtdan, o zamandan

Deyən mən, yazan mənəm.

 

Daşına, qalasına,

Bəlaydı qalasına.

Çatlaya dərdi görüb,

Bilməzdim qala sına.

 

Sinə aça, baş aça,

Daralmağa baş aça.

Göylərdən diyirlənə,

Gözləmirdi daş uça.

Tamam Qarayeva  (Nur Tağlabiyanlı)

 

Qayıdacağam

 

 (Bir əsgərin dilindən)

Ana, ağrın alım, qayıdacağam,

Dönəcəm bu dava qurtaran kimi.

Səninlə öyünür, qürurlanıram,

Çırpınır könlümün sənsiz hər simi.

 

Anacan, nigaran qalma sən məndən,

Burda dağlar mənə arxa, dayaqdır.

Səngərdə özümə ad qazanmışam,

Dostlarım yatmayır, hər an oyaqdır.

 

Sən məni böyütdün bir əsgər kimi,

Mən də keşiyini qoy çəkim sənin.

Yurdumuz, yuvamız yada qalmasın,

Borcunu qaytarım ana Vətənin!

 

Ana, bu dərələr, bu dağlar məni,

Hər gün neçə dəfə çəkir qoynuna.

Hərdən küləklər də qolunu salıb

Səntək sığal çəkir əsgər oğluna.

 

Ana, dönəcəyəm, sən rahat ol, mən,

Vətən keşiyində dayana bilim.

Sənin varlığınla sevinib hər gün,

Əsgər yuxusundan oyana bilim.

 

Başım da ağrımır, kefim yaxşıdır,

Lazım gəlsə candan keçəcəm, ana.

Bütün anaların əlindən öpüb,

Düşmənin qanını içəcəm, ana!

stəm Məbudoğlu

 

litək məni sevirsən

 

İmzanı özün atmısan,

Məni eşqinə qatmısan.

Ürək dənizdir, batmısan,

Dəlitək məni sevirsən.

 

Eşq ruhuna toxunmuşam,

Xalça kimi toxunmuşam.

Nəğmə olub oxunmuşam,

Dəlitək məni sevirsən.

 

Bülbülsən, çəmən keçirsən,

Ətirli çiçək biçirsən.

Eşqimi sutək içirsən,

Dəlitək məni sevirsən.

 

Yanırsan eşqin ahına,

Göz tikərsən sabahına.

Yalvarırsan Allahına,

Dəlitək məni sevirsən.

 

Mən yaşıl çəməndə çiçək,

Sən ləçək üstə kəpənək.

Mənə qovuşdun, ay ürək,

Dəlitək məni sevirsən.

Surəbrayılova

 

m ömrü yaşayıram

 

Saçlarımı ağardıb, al qanımı qaraldan,

Dama-dama sel olub, yollarımı daraldan.

Bəbəyimi bürüyüb, yanağımı saraldan,

Nəm ömrü yaşayıram.

 

Nübarımı, barımı yad ellilər talayan,

Ağacını, gülünü göz yaşları sulayan.

Sərçələr yuva qurub, üstdə bayquş ulayan,

Dam ömrü yaşayıram.

 

Qəm yükü, şələm ağır – kürəyimdə taylanan,

Şuşaya həsrət qalan, Zəngəzura boylanan.

Gah ağu doldurulan, gah da şərbət paylanan,

Cam ömrü yaşayıram.

 

Səbəb ola bilmədim həsirlərin önündə,

Bəzən yoldan sapıram təsirlərin önündə.

Surəti, məxrəci mən kəsirlərin önündə,

Tam ömrü yaşayıram.

 

Dişimin arasından fikrim şikəst doğulur,

Gözlərimin qarası ürəyımda toxunur.

Hayqırsam da neyləyim, səsim zildə boğulur,

Bəm ömrü yaşayıram.

 

Zindanlara atılan həqiqətin acıyam,

Dilim zəhər tuluğu, bibərdən də acıyam.

Dərbənd, Təbriz, Göyçəsiz – tənha sərv ağacıyam,

Qəm ömrü yaşayıram.

 

Günahkar mən özüməm, dərd millənib gözümə,

Göz yaşlarım süzülür içimdəki közümə.

Yandığıma baxma sən, işıq düşmür üzümə,

Şam ömrü yaşayıram.

qar Vaqifoğlu

 

Qonaq gəlmisən

 

Damların tinindən asılan buzlar,

İsindikcə göydən üzüləcəklər.

Torpağa çatanda kiçik damlalar

Yenidən torpağa süzüləcəklər.

 

Torpaqdan can alan bütün nə varsa,

Torpaq hamısına verəcəkdir can.

Təbiətin qanunudur, yenə də

Sular buxarlanıb olacaq duman.

 

Təkrar oyanacaq ana təbiət,

Torpaq  al-yaşılla naxışlanacaq.

Torpaqda yetişən bütün hər nə var,

Əvəzsiz insana bağışlanacaq.

 

Qüsursuz yaradıb hər şeyi Allah,

İnsana bəxş edib, insan anlamır.

Səhvimiz üstündə çox döyülmüşük,

O, bizi nə döymür, nə də danlamır.

 

… Haqlı ol, düz danış, olma günahkar,

Günahın var isə, tövbə eylə sən.

Aldanma dünyanın şirin malına,

Unutma dünyaya qonaq gəlmisən!

Mirəli İsmayıllı

 

İtirmə, gözəl

Başı uca tutub gəzməyə çalış,
Həyat yollarında yaxşıya alış.
Qayda- qanunlarla, adətlə barış,
İsməti, həyanı itirmə, gözəl.

Namusdu, qeyrətdi hər şeydən üstün,
Abırdan don geysin seçdiyin dostun.
Tez yanıb, tez sönmə görünməz tüstün,
Ömrü düşünmədən bitirmə, gözəl.

Yolunun üstündə şər, hiylə durar,
Uysan, kürəyinə arxadan vurar.
Atanın, qardaşın belini qırar,
Səhv edib adını batırma, gözəl.

Zərifsən, güllərdən incəsən, incə,
Qorunsan ətirli qönçəsən, qönçə.
Təmiz ad sərvətdir, bilirsən necə?!
Ləkəni üstünə götürmə, gözəl.

Həyat bir məktəbdi, hər gün imtahan,
Dərs verir, dərs alır indi bu cahan.
Sən də bir dərs götür özünə hər an,
Fikrini xəyalla yatırma, gözəl.
Mehriban İbrahimova

 

Azərbaycanım mənim

 

Günü-gündən ucalıb,

Vətənim boy atıbdır.

Yurdumun səs-sorağı,

Hər tərəfə çatıbdır.

Ana yurdum, Vətənim,

Azərbaycanım mənim.

 

Göylərdə var peykimiz,

Çox güclüdür ordumuz.

Gec-tez azad olacaq

Düşmənlərdən yurdumuz.

Ana yurdum, Vətənim,

Azərbaycanım mənim.

 

Düşmən tapdağı altda

Qalıbsa da yerimiz.

Onu geri almağa

Hazırıq hər birimiz.

Ana yurdum, Vətənim,

Azərbaycanım mənim.

Əlcavad  Cavadov

Şərh Yaz