Yaddas kitabcasi

Bu günümüzün “Leyli və Məcnun” dastanı

K.A.Helvetsi Aya bənzəyən, görünməyən, işıq düşməyən tərəflərini heç kəsə göstərməyən insanı (Mark Tven) belə təsvir edir: “İnsan müxtəlif rəssamların tamaşaçıların seyr etməsi üçün sərgiyə qoyduğu bir modeldir. Hərə onun bir cəhətinə baxır, lakin hələ heç kəs onu bütünlüklə əhatə edə bilməmişdir”.

Şair, yazıçı Rafiq Akifin avtobioqrafik “Yalquzaq qayası” romanını çağdaş dövrümüzün Bozqurd dastanı da adlandırmaq olar. Niyə avtobioqrafik roman deyirəm? Ona görə ki, romanda cərəyan edən hadisələr, məkan bu nəticəyə gəlməyə əsas verir. Əsərin qəhrəmanı Ramizin müəyyən dövr Rusiyada yaşaması, zavodun həmkarlar ittifaqının sex üzrə sədr müavini işləməsi, iki ali məktəb təhsili alması, infarkt keçirməsi, ilahi məhəbbətlə sevdiyi ömür-gün yoldaşını ilk nəvəsini görmədən itirməsi Rafiq Akifin öz ömürlüyünün yaddqalan anlarıdır. Ramiz Urfan yazıçının prototipidirmi? Bunu başa düşmək çətin deyil. Bəlkə də yox. Hər halda oxşarlığı var….

“Ən güclü müəllimi həyat” olan Ramiz Baharın dediyinə görə ancaq bir dərsdən iki alırdı – ailə qurmaq dərsindən. Onu da Ramizə ancaq Qəmər öyrədə bilərdi. Volqa çayında gəzinti gəmisində səyahət zamanı “dəvətsiz qonaq kimi ürəyə gələn sevgi” Ramizin dünyasına yeni rəng gətirir. “Danışıb gülməyi sevməyən” ciddi Qəmərin gözəlliyi onu ovsunlayır, “maqnit kimi özünə çəkir”. Sadəliyi, səmimiliyi, təmənnasız sevgini  Ramiz tibb institutunun tələbəsi oğuzlu Qəmərdə tapır. Ramiz Qəmərin “bir elm olan gözlərinə” baxmaqdan doymur. Onun üçün Qəmər “ucsuz-bucaqsız qalaktikaya, Ramiz isə ömürlük sevəcəyi Qəmərin başına fırlanan planetə çevrilir.

Ramizin qalaktikasında saysız-hesabsız parlaq ulduzlar, məhəbbətli anlar vardı. Onların bəxt ulduzu da saf sevgi göylərinin ən parlağıydı. Qəmər Ramizin dilindən “sevirəm” kəlməsinin həsrətindəydi. Ramizsə bu sözü dili ilə yox, ürəyi ilə söyləyirdi…

Romanda müəllif müxtəlif mənbələrdən əldə etdiyi müdrik fikirlərlə özünün düşüncələrini sintez edərək cərəyan edən hadisələr arasında körpü yaradır. “Baxışları ilə bir-birinə sədaqət andı içən sevgililər”in (Viktor Hüqo) xoşbəxt günlərini yazıçı lirik duyğularla elə qələmə alır ki, bu sevginin əbədiliyinə şübhə

yeri qalmır. İnanırsan ki, “həqiqi sevgi insanları kamil edir”. Amma…

Rafiq Akif  romanda tipik, milli ruhlu ailə formulunu ən incə nüanslarına qədər dəqiq cızır. Az qala aforizm səviyyəsində fikir yürüdür: “yataq otağı kişiylə qadının barış hücrəsi kimidir”. “Görünən yox, özünə verdiyi yox, həqiqi yaşı”nı yaşayan Qəmər “hər şey pulla başa gələn zəmanədə” artıq Ramizlə bərabər iki övladı üçün dəridən-qabıqdan çıxıb işləməyini istirahət, məzuniyyət sayır, sağlamlığını unudurdu. “Cənnət anaların ayağı altındadır” – necə sərrast deyib Məhəmməd peyğəmbər.

Bu ilahi sevgi kainatının Qəmərini tale Ramizə çox gördü. Qəmər sönmüş çıraq kimi amansız rüzgarın hədəfinə tuş gələndə Ramiz  “taleyini yazan Allahın qələm”inə qarğımaqdan başqa heç nə edə bilmədi. Ramiz bu itkinin onu da məhv edəcəyini, ömrünə çal-çarpaz dağlar çəkəcəyini yaxşı anlayırdı. Onun həyatının nizamı pozulacaq, xəyallarının, arzularının qanadları qırılacaqdı…

Ziyafətdən qayıdan gecə bir anda Qəmərin halı dəyişdi, o, bir andaca bu fani dünyanı tərk edib haqq dünyasına səfər edərək canından çox sevdiyi ərini və iki övladını Qəmərsiz qoydu…

Ramizin “yaddaşı xatirələr xəzinəsi”nə dönmüşdü, “gələcəyinin xəyalları, ümidləri” məchul boşluqlarda itib batmışdı. Qəmərli ömrünün baharını belə tez şaxta məhv edəcəyini təsəvvürünə gətirmirdi. Qəmərin “diş ağrısına bənzəyən  ağrısı”nı bütün ömrü boyu hiss edəcəkdi. Bu ağrıya o, dözəcəkdimi? Yox, bu ağrı onu heç vaxt tərk etməyəcəkdi. Bu ağrıya dözməyə iradəsi çatacaqdımı?..

Qəmərin ölümündən qırx gün keçəndən hər gün evdə Ramizin masasının üstünə yemək, kağız və qələmlə yanaşı araq da “qonaq” gələndə artıq həyatın, Qəmərli xatirələrin rəngi, ritmi dəyişdi, solurdu.  İlahi “Qəmər və Ramiz” dastanının vərəqləri arağın dadını canına hopduran dağıdıcı küləklərin əlində oyuncaq qayıqlara çevrilib burulğanlarda yoxa çıxırdı. Ramizin “sevgilisi” araq butılkasıydı. Hər gün Qəmərin şəklini qarşısına qoyub onun “sağlığına” badə qaldırdıqca Qəmərin ruhu ondan uzaqlaşırdı.

Araq onun yaddaşını qurdaladıqca Qəmərə yazdığı şeirlərdən qırıq-qırıq  misralar yadına düşürdü:

Bir eşqin quluyam, bil, ölənədək,                                                                                                              Çırpır can iki daş arasında…

Ayrıq qoy səni tapmasın deyə

Gizlərəm qəlbimin dərinliyində

“Ceyran südü” Ramizi özünü dərk etməyə qoymurdu. O, araqla sirdaş olmağı, gecələr evə gec gəlməyi “Qəmərin ruhuna xəyanət hesab etsə” də bu vərdişin müti quluna çevrilir, “özünə qalib gələ bilmirdi”.

Romanı maraqlı bölümlərindən biri də Ramizlə Nazilənin ehtiraslı sevgi oyunlarıdır. Ramiz təsadüfən Naziləyə rast gələndə hələ Qəmərin ili çıxmamışdı. Hər şey Nazilənin şərfinin boynundan sürüşüb yerə düşməsindən başladı. Nazəndə Nazilənin süzgün baxışları Ramizin Qəmər həsrətini yumşaldıb muma döndərdi. “İşvəkar qadın”ı yaradan kefinin duru vaxtında xəlq eləmişdi. Sanki o, bir mələk idi. “Mələklərdə ehtiras olmur” deyənləri Ramiz qınayırdı: “Əgər  yoxdursa o, niyə mənim dünyama yeni çalarlar bəxş etdi”?  “Fəlsəfədən daha qəliz qadın”ın əlində  boğulan Ramiz duyğular qoynunda çapalayırdı. Onun “şəraitin əlində boğulmaq” təsəllisi özü-özünü aldatmaq idi.

“Təmiz vicdan qütb ulduzuna bənzəyir, yolunu azanda o, sənə doğru yol göstərir”. Ramizin vicdanı təmiz idimi? Vicdanını ləkələməklə o, Qəmərin ruhunu, Qəmərli xatirələrini narahat edib özündən uzaqlaşdırmırdımı?

Dişi boz qurd hər hansı bir səbəbdən öldüyü zaman erkək dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölərdi. Ramizin “dağ”ları isə ehtiraslı Nazilənin isti qucağı oldu. “Mələk” Nazilə onu qucağında boğdu, nəfəsini kəsdi. “Xəyanətin sevgiyə bulaşmış” sehrində nazlanan Ramiz aciz məxluqa, qadın hiyləsinin əsirinə çevrilib həyatının son anında Qəmərin ruhundan imdad diləyərək əlində ürək dərmanı ilə Qəmərin qəbrinin sinədaşına başını qoyaraq əbədi yuxuya getdi. Qəmər onu bağışladımı, onu qoynuna aldımı, Ramizin Qəmərlə yanaşı uyumağa haqqı çatırdımı?..

Bəs Nazilə kim idi? On beş yaşından Nazilənin atasının çörəyini yeyən, “dost” hesab etdiyi quduz Xasayın caynağına keçən Nazilə heç cür onun əlindən qurtula bilmirdi. Üç dəfə abort olunduqdan sonra ana məhəbbəti kimi ülvi hissdən də məhrum olan bu gözəlçə heç vaxt sevgi kimi şirin təamı dadmamışdı. Quduzlaşmış Xasayın əlində oyuncağa çevrilən Nazilə artıq atıq gizli sevgi oyunlarının alətinə çevrilib qucaqdan qucağa atılmaqdaydı…

Yaşı qırxı adlamış Nazilənin dünyasında Ramiz peyda olandan çoxunun pozğun,

fahişə adlandırdığı Nazilə – “Nazəndə Nazilə” əsl sevginin dadını anlamağa başladı. Əsəri oxuyanların çoxu Nazilənin sevgisini fahişənin növbəti oyunu hesab etsələr də yazıçı onun həqiqi məhəbbətinə inandırır bizi. Ramiz xəstəxanada olanda onunla görüşmək istəməsi, ona yalvarışları, nəhayət sonda  kənd qəbiristanlığına gəlib Ramizin qəbrini ziyarət etməsi, onların sevgisinin “bais”i şərfini qəbrin başdaşına bağlayıb getməsi çox səmimi duyğulardan xəbər verir. Yazıçı bu sevginin bütövlüyünə oxucularını inandırır. Ramiz “Kişi fahişəni mələyə çevirər, mələyi fahişəyə yox” düşüncəsi ilə nə qədər haqlıdır? Bu suala cavabı oxucular cavablandırsa maraqlı olardı. Nazilə kim idi?..

“Yalquzaq qayası”nın ən həyəcanlı hissəsi quduz it xislətli Xasay Hüseynovla Nazilənin qocanın xəstə, halsız anında üz-üzə dialoqları, Nazilənin indiyə qədər dilinə gətirə bilmədiyi mətləbləri deməyə cəsarət tapmasıdır. Düzdür, Ramizdən əli üzülən Nazilə “dövlətli qoca aşnasını da əlindən buraxmaq istəmirdi. O, yenidən özünü qoca dediyi Xasayın ağuşuna atmışdı”. Amma Nazilənin daxili dünyasında Xasaya nifrətin  vulkanı püskürürdü. Bunu yazıçı onların söhbətində aydın təsvir edir:

– Qəm yemə, taparıq sənə birini.

– Neçəncisini?

– Sənə lap cavanını tapacam. Sənin hər şeyin var, evin, maşının, dəniz kənarında imarətin…

– Nə olsun. Neylərəm qızıl taxtı… bir qızıl baxtım olsun, demişlər. Mənim ki, ailə xoşbəxtliyim yoxdur… ”Neyləyirəm qızıl teşti ki, içinə qan qusuramsa?”…

-Bəyəm sən xoşbəxt deyilsən?

– Sən gözümü açmağa qoydun ki, biləm xoşbəxtlik necə olur? On beş yaşım olmamış mənim həyatımı məhv etdin…

– Qancıq, kəs səsini! Mən səni yatağıma girməyə məcbur etməmişdim ki…

– Sən məni aldadıb bağına apardın. Yeməyimə nəsə qatdın, ayılıb özümə gələndə artıq iş-işdən keçmişdi… Axı sən necə insansan ki, dost dediyin adamın körpəcə qızına tamah salıb həyatını məhv etdin…

Nazilə “vəzifəyə görə nazirin pozğun qızını özünə arvad edən, həmin arvadını öz evində başqa birisiylə yataqda tutan, boşanmaq istəyən əvvəlki arvadı

Xasaydan canını qurtarmaq üçün onu atıb başqasıyla başqa şəhərə qaçan, sonra da tapıb onu yandıran  şərəfsiz Xasaydan çox mərhəmətliydi, ona boğulan anda dərman verməyi buna əyani sübutdur.

Romanda yazıçı bu günümüzün reallıqlarından da söhbət açır. SSRİ adlı imperiya alt-üst olandan sonra yaranan müstəqil dövlətlərlə Sovet rejimini müqayisə edir. Amma hər iki sistemin əsas bəlalarını yaradan pul olduğu qənaətinə gəlir. Çünki Xasaylar, Nazilələr o vaxt da var idi, indi də. Bədbəxt Nigar, Samirə xanımlar, əsl sevgi mücəssəməsi Qəmərlər də həmçinin…

Daha bir ağrılı məqam – şəhərliləşmə, beynəlxalq dillə desək, urbanizasiya. İnsanlar arasında səmimi münasibətlərdə yaranan çatlar, bir binada yaşayanların bir-birini tanımaması, biganəlik şəhərin bizə hədiyyə etdiyi mənəvi əyriliklərdir. Nazilənin “kim nə deyir, desin” “fəlsəfə”si əslində şəhər mühitində doğulmuş eybəcər “elm” deyilmi? Mənəviyyat uçurumundan xilas olmaq ən müşkül məsələdir. Bu uçurum nəfsinin qullarını öz ağuşuna aldıqca, onları şirnikləndirdikcə dərinləşir, nicatı çətinləşir.

Canavar hətta qəfəsdə acından ölsə də onu qəfəsə salanın verdiyi yeməkdən imtina edir, bir çox şüurlu məxluqlardan – insanlardan fərqli olaraq. Eləcə də Nazilələrdən. Bozqurd tamahkar, acgöz, vəfasız, saxta xislətli deyil, xeyirxah, mərhəmətli, qürurludur. “İntiqam hissi ilə irəli atılanda aslanlar da qurdun yolundan geri çəkilirlər, dişilərini dəhşətli dərəcədə qısqanırlar”.

Rafiq Akif “Yalquzaq qayası”nı maraqlı sonluqla bitirir:

– Kəndin ovçularından biri silah-sursatını götürüb dağa qalxır və dağın zirvəsində rast gəldiyi mənzərədən çox heyrətlənir. Erkək qurd dişisinin cəsədi üstünə başını qoymuş vəziyyətdə ölmüşdü. Elə bil o da Məcnun kimi Leylisinin xiffətini çəkirmiş və sevgilisinin ayrılığına dözməyib ürəyi partlamışdı.                         Erkək canavar üzü aya tərəf dikilmiş donuq və solğun gözlərində əksi qalan sonuncu ümidi ilə birlikdə ölmüşdü…

Lap Qəmər və Ramiz kimi…

Rafiq Akif bu günümüzün türk sevgi dastanını – milli “Leyli və Məcnun”u yaratmışdır…

Vaqif  Osmanov

Şərh Yaz