Yaddas kitabcasi

Könüllülərinin birinci ümumrayon toplantısı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə artıq ümummilli hərəkata və gəncliyimizin həyat tərzinə çevrilən könüllülük fəaliyyətinin daha geniş miqyas almasına təkan verib.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşü ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, cəmiyyətin bütün təbəqələrini əhatə edib. ASAN, Regional İnkişaf İctimai Birliyi, “Bir” tələbə könüllüləri yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.
İsmayıllı gəncləri də könüllülük hərəkatına qoşulub, vahid niyyət ətrafında birləşiblər. 2019-cu ilin 5 dekabrında Beynəlxalq Könüllü Günü qeyd olunub, rayonda ilk dəfə “Könüllülük həftəsi” keçirilib.
Gəncliyə ölkə rəhbərinin verdiyi önəmi, diqqət və qayğını Azərbaycan gəncləri yüksək qiymətləndirir, bu etimadı könüllülük fəaliyyətində doğrultmağa çalışırlar.
Yanvarın 31-də İsmayıllıda Könüllülərin birinci ümumrayon toplantısı keçirilib və toplantı Gənclər Gününə həsr olunub. Tədbir böyük coşqu, bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər qoyulub.

Rayon könüllülərinin birinci toplantısı işini Rayon Mədəniyyət Mərkəzinin 300 nəfərlik zalında davam etdirib. Rayonun rəhbər işçiləri, qonaqlar, gənclər Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxıblar. Yaradıcı gənclərin əl işləri, rəsm əsərləri, sənətkarlıq nümunələri diqqəti cəlb edib.
Gənclərin I ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra aparıcılar könüllülük fəaliyyəti və ölkə rəhbərinin müvafiq Sərəncamı ilə elan olunmuş “Könüllülər ili” barədə məlumat veriblər. Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək tədbiri açıq elan edib, rayonda gənclərlə aparılan hərtərəfli fəaliyyətdən danışıb.
Sonra söz Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqova verilib. M.Sadıqov  2 Fevral – Gənclər Günü münasibəti ilə rayon gənclərini təbrik edib. Könüllülük fəaliyyəti barədə danışıb. Qeyd edib ki, Azərbaycan Könüllüləri Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları,”Formula-1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

RİH-nin başçısı diqqətə çatdırıb ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olunub. Bütün ölkədə geniş miqyas alan, çox sahələri əhatə edən könüllülük hərəkatı İsmayıllıda da çoxsaylı tərəfdarlarını ətrafına toplayıb. Rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb. RİH-nin könüllülük fəaliyyəti ilə bağlı Sərəncamı imzalanıb.
Toplantıda Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov da  iştirak edib, respublikada könüllülük fəaliyyəti barədə danışıb, həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
İsmayıllı rayonu Gənclərin İnkişaf və Karyera mərkəzinin direktoru, fəal könüllü İsmayıl Faxtiyev, 2016-cı il Aprel döyüşlərinin könüllü döyüşçüsü Zeynal Adgözəlov, İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Tatyana Jabina, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Gülsüm Əsgərli və başqaları çıxış edərək cənab Prezidentin ölkə gənclərinə verdiyi yüksək önəm, diqqət və qayğıdan danışıblar. Könüllülük fəaliyyətinin gənclərin inkişafındakı rolunu diqqətə çatdırıblar.
Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından üvertura, məktəbin müəllimi Kamil Talıbovun ifa etdiyi mahnı, məktəbin respublikada keçirilən “Gənc pionoçular müsabiqəsi”nin qalibi Abdullalı Cavanşirin çıxışı, şəhər 5 nömrəli tam orta məktəbi şagirdlərinin hazırladıqları musiqi nömrəsi, İvanovkanın folkor qrupunun çıxışı tədbirin məzmununa bayram əhval-ruhiyəsi gətirib, alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov bir qrup gənc könüllüyə sertifikatlar təqdim edib.
Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.

Murad Məhərrəmov

 

Şərh Yaz