Qəhrəmanlıq, vətənpərvərlik nümunəsi

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi Rayon Təhsil Şöbəsi ilə birgə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirib.

Rayon MKS-nin uşaq şöbəsinin akt zalında reallaşan tədbirdə Milli Qəhrəmanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyatını, keçdiyi döyüş yolunu, misilsiz qəhrəmanlığını əks etdirən film nümayiş etdirilib.
Tədbiri Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb, qonaqları, gəncləri salamlayaraq keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Mübariz İbrahimovun təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, düşmənin silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv etməsi, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbaşına döyüşməsi və düşməni ağır itkilərə məruz qoyması haqqında tədbirə toplaşanlara məlumat verib.
Tədbirdə RİH-nin əməkdaşı Namiq Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin nümayəndəsi Vasif Həziyev, Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva çıxışlarında şəhidlik zirvəsinə yüksələn Mübarizin Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu barədə gənclərə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə hər an hazırdırlar.
Tədbirdə diqqət ona yönəlib ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu, böyük qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir.

Elmi Məmmədli

Şərh Yaz