Ata və oğul – halal zəhmət adamları

Davamlı olaraq hər il Bakı şəhərində  “Peşəkar Arıçılar” birliyinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Arıçılar Konfransı (ABAK) keçirilir.

Konfransda Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Rusiya, İsrail, Gürcüstan, Qazaxıstan, Çin, İran və digər ölkələrdən gələn təcrübəli arıçılar bu sahədə apardıqları elmi tədqiqatlardan, əldə olunmuş nəticələrdən danışırlar. Konfransda arıçılıq avadanlıqları istehsal edən yerli və xarici  firmaların dərman istehsalçıları yeni məhsullarını nümayiş etdirir, beynəlxalq təcrübə mübadiləsi aparırlar.

Görüşlər zamanı  arıterapiya seminarları, master-klasslar təşkil edilir, arıçıları düşündürən suallar müzakirə olunur, məhsulların ekspertizası aparılır, bu sahəyə olan turizm turlarının təşkili və bu kimi digər maraqlı məsələlərə aydınlıq gətirilir.

Bu il sayca 6-cı olan ABAK yanvar ayının 25-26-da Bakı şəhərində “Caspian Bisnes” otelində keçirildi. Bu, Qafqazda keçirilən ən böyük arıçılıq konfransı idi

Konfrans öncəsi “İsmayıllı Arıçılar Birliyi”nin (İAB) fəal üzvləri  konfransa dəvət almış, beynəlxalq aləmdə tanınan məşhur arıçı alimlərdən bir qrupu ilə görüş təşkil edib. Bu görüş yerli arıçılarımızın mövsümi  işlərin aparılması sahəsində maariflənməsi məqsədini daşıyıb. Qeyd edək ki, İAB-nin üzvləri  fəaliyyətlərində sosial şəbəkələrdən istifadəyə böyük üstünlük verir, birliyin facebook səhifəsində müntəzəm olaraq yenilikləri bölüşür, fikir mübadiləsi aparırlar.

ABAK-nın son toplantısı yaddaqalan olub. Bir qayda olaraq konfransın yekununda bir neçə naminasiya üzrə mükafatlar təqdim olunur. Bu mükafatların ən qürurvericisi Azərbaycanda arıçılığın inkişafında müstəsna xidmətləri olmuş qocaman mütəxəssislərdən birinə “Arıçılığın qoca çinarı” fəxri adının verilməsidir.

Bu fəxri adı ilk dəfə 2018-ci ildə arıçılıq üzrə tanınmış alim, bu sahədə bir neçə kitabın müəllifi Qulamhüseyn Sultanlı layiq görülüb.  Bu il isə həmin fəxri ada həmyerlimiz – 96 yaşlı Tircan kənd sakini, Böyük Vətən müharibəsi veteranı, arıçılıq üzrə təhsil almış, məqalələri Moskvada çıxan “Arıçılıq” jurnalında dəfələrlə dərc olunmuş, səmərəli fəaliyyətinə görə bir neçə dəfə döş nişanları ilə təltif olunmuş Fətullayev Babakişi Səlim oğlu layiq görülüb.

Bu ildən ABAK da xarici ölkələrin tətbiq etdiyi “Bal yarışması” müsabiqəsini də konfransın işinə əlavə edib. Belə ki, konfransdan bir ay əvvəl istehsal etdiyi məhsulun keyfiyyətinə güvənənnlərdən şəffaf qablarda 49 növ bal yığılır və kodlaşdırılır. Konfrans iştirakçıları üçün düzənlənən çay süfrəsi zalında məhsullar sərgilənir. Konfransda iştirak edən 250-yə yaxın xarici və yerli mütəxəssisin hər birinə bir ədəd kart verilir. Dequstasiya keçirən mütəxəssislər qeydlərini aparır və yekunda bəyəndiyi balın kodunu yazıb, möhürlənmiş qutuya atır. Sonda qutu xüsusi komissiya tərəfindən açılır və bəyənmə səsləri sayılır. Beləliklə, qaliblər – daha keyfiyyətli ballar müəyyən edilir. Qaliblər qızıl, gümüş, bürünc medallarla təltif olunurlar.

Hər birimiz üçün sevindiricidir ki, qızıl medalın sahibi İsmayıllı rayonunun Tircan kənd sakini, peşəkar arıçı İslam Fətullayevdir.

“Arıçılığın qoca çinarı” fəxri adını, Azərbaycan Beynəlxalq Arıçılar Konfransında keçirilən müsabiqənin qızıl medalını rayonumuza gətirən ata və oğulu, halal zəhmət adamlarını təbrik edirik.

Şahməmməd Soltanov

Şərh Yaz